XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » “Dəmirbank”ın əmanətçilərinin pullarını alacaqları tarix açıqlandı

“Dəmirbank”ın əmanətçilərinin pullarını alacaqları tarix açıqlandı

“Dəmirbank”ın əmanətçilərinin pullarını alacaqları tarix açıqlandı
15-01-2018, 12:14

Ləğv prosesində olan “DəmirBank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 fevral 2018-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin filiallarında başlanılacaq.

Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) verilən məlumata görə, “DəmirBank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib.

1 fevral tarixdən qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi təmin olunacaq.

Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən və Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təsdiq edilib və Fondun iştirakçısı olan banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

Ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, “KapitalBank”ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilər.

Qorunan əmanətçilər ləğv prosesində olan “DəmirBank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına 1 fevral 2018-ci il tarixindən müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizələri əsasında kompensasiyalarını ala bilərlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.