SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Kreditin qanunsuz alınması və kreditdən təyinatı üzrə istifadə etməmə nədir? - ŞƏRH

Kreditin qanunsuz alınması və kreditdən təyinatı üzrə istifadə etməmə nədir? - ŞƏRH

Tarix:

12-09-2017, 17:22

/ 52 038 dəfə oxundu.
Kreditin qanunsuz alınması və kreditdən təyinatı üzrə istifadə etməmə nədir? - ŞƏRH

Hüquq üzrə fəlsəfə doktoru, “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev kreditin qanunsuz alınması və kreditdən təyinatı üzrə istifadə etməmə halları ilə bağlı maraqlı şərh verib.
Ekspert qeyd edib ki, kredit münasibətləri sahəsində inzibati xətalarla və cinayətlərlə mübarizə aparmaq aktual vəzifələrdən biri hesab edilərək, priorotet əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu onunla izah edilir ki, kredit münasibətləri maddi vəsaitlərin müvəqqəti olaraq çatışmadığı (kifayət etmədiyi) bir şəraitdə fasiləsiz təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə imkan verir, həmçinin iqtisadi fəaliyyət sahəsində müvəqqəti olaraq sərbəst qalmış maddi resurslardan rasional və effektiv istifadə olunmasını təmin edir: “Məhz bu səbəbdən həmin münasibətlər böyük xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Odur ki, kredit münasibətləri inzibati xətalardan, cinayətkar qəsdlərdən qorunmalı, cinayət hüquq pozuntusundan və ictimai təhlükəli kriminal əməllərdən müdafiə edilməlidir. Həm də ona görə ki, kredit münasibətləri sistemi pul bazarının inkişafını ifadə edir, bank (ssuda) kapitalını formalaşdıraraq onun, iqtisadiyyatın bir sektorundan digər sektoruna axınını (hərəkətini) təşkil edir, əlverişli investisiya mühiti yaradır, aktiv şəkildə sərmayə qoyulmasına təsir göstərir, pul-kredit və ödəniş dövriyyəsində onun qaydalarını müəyyənləşdirir. Unutmaq olmaz ki, istehsalın strukturu və təsərrüfat fəaliyyətinə bilavasitə təsir göstərən məcmu təklif (təkliflər məcmusu) xeyli dərəcədə kredit münasibətləri ilə şərtlənir. Obrazlı şəkildə təkcə bunu demək kifayətdir ki, kredit münasibətlərinin əsas subyekti və başlıca iştirakçısı olan banklar bütün xalq təsərrüfatına nüfuz (sirayət) edən “qan damarları” sistemi hesab olunur. Bununla yanaşı iqtisadiyyatın strateji sahələrindən biri sayılan kredit münasibətləri kriminal qəsdlərin yönəldiyi və cinayət hüquq pozuntularının törədildiyi sferadır. Aparılan tədqiqatlar bunu deməyə əsas verir ki, son zamanlar bank kapitalı sferası iqtisadiyyatın ən kriminogen sektorlarından birinə çevrilmişdir; bu gün həmin sferada cinayətkarlığın tempi artmaqda davam edir”.
Ekspert bildirir ki, kreditin qanunsuz alınması və ya kreditdən təyinatı üzrə istifadə edilməməsi qanunvericiliyə əsasən inzibati xəta və eyni zamanda cinayət əməlidir. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 409-cu maddəsinə əsasən, təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə istifadə edilməməsinə görə – inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir: “Eyni zamanda AR Cinayət Məcəlləsinin 195-ci maddəsinə əsasən, təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
S.Əliyevin sözlərinə görə, qeyd olunan əməl üzrə cinayət tərkibinin yaranması üçün AR Cinayət Məcəlləsinin 195-ci maddəsinə əsasən xeyli miqdarda, yəni iyirmi min manatdan yuxarı məbləğdə ziyanın vurulması şərtləndirilir. Nəticədə qeyd olunan məbləğdən aşağı ziyan vurularsa əməl inzibati xəta hesab olunacaqdır.
Göstərilən maddələr üzrə kredit alan tərəfindən verilən yalan məlumatlar təsərrüfat subyektinin həyata keçirdiyi fəaliyyətin maliyyə nəticələrinə aid olmalıdır. Məsələ burasındadır ki, məhz təsərrüfat subyektinin həyata keçirdiyi fəaliyyətin maliyyə nəticələri onun maliyyə vəziyyətini əks etdirir. Nəzərə almalıyıq ki, maliyyə vəziyyəti də öz növbəsində təsərrüfat subyektinin həyata keçirdiyi fəaliyyətin maliyyə nəticələrini xarakterizə edir.
Qanunverici yalan məlumatlar əsasında bankın öz vəsaiti hesabına verdiyi bütün növ kreditlərdən (biznes, istehlak və s.) başqa, eyni zamanda güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin (ipoteka krediti, sahibkarlara dövlət tərəfindən verilən güzəştli kreditlər və s.) də alınması barədə məsuliyyət müəyyən etmişdir.
Qeyd olunan normalara əsasən, kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin təyinatı üzrə istifadə edilməməsi, yəni təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən öncədən banka (kredit təşkilatına) bəyan edildiyi, kredit hesabına aldığı vəsaiti sərf edəcəyi sahəyə deyil, digər bəlli olmaya sahələrə sərf etməsi də məsuliyyətə səbəb olur. Məqsədli dövlət kreditinin konkret məqsəd üzrə ayrıldığı normativ qaydada təsdiqləndiyi üçün, bu növ kreditin sahibkarın arzu etdiyi digər məqsədlərə ümumiyyətlə sərf olunmasına yol verilmir.
Xüsusilə qeyd olunmalıdır ki, nəticə etibarı ilə kreditorun mənafeyinin pozulması baxımından, kreditin təyinatı üzrə istifadə olunmaması əməli, kreditin qanunsuz alınması əməlindən öz ictimai təhlükəliliyinə görə fərqli deyildir. Belə ki, hər bir bank kredit verməzdən öncə kredit alanın fəaliyyəti, iqtisadi imkanları və ən əsası kreditin təyinatı, yəni hansı istiqamətə sərf olunacağı barədə araşdırma apararaq, rəy hazırlayır. Burada məqsəd alınan kreditin sərf olunacağı sahənin nə dərəcədə riskli olmasını, iqtisadi cəhətdən səmərəli olacağını, beləliklə də verilən kreditin geri qaytarılması istiqamətində problemlərin yaranmayacağını təhlil etməkdir. Subyekt bankı aldadaraq aldığı krediti təhlil olunmuş təyinat üzrə deyil, başqa təyinat üzrə sərf etdikdə təbiidir ki, burada həmin sahə iqtisadi cəhətdən əlverişli olmadığı üçün böyük risk yaradır. Belə ki, subyekt, krediti sərf etdiyi başqa təyinatın riskli olmasını bilir və bunu bilərəkdən bankdan gizlədir və əsassız risqə gedir; əgər o, kreditin həmin təyinat üzrə sərf olunacağını banka bildirsəydi bank tərəfindən kreditin verilməsindən birmənalı şəkildə imtina olunacaqdır ki, bu da kreditorun (bankın) gələcək ziyandan qorunması olardı. Göründüyü kimi kreditin təyinatı üzrə istifadə olunmaması banka ziyan vurmaqla yanaşı, bankın birbaşa mənafeyinə zidd olan inzibati və cinayət əməlidir.
Ekspert hesab edir ki, belə əməllər bank fəaliyyətinə qarşı daha çox törədilən, lakin latent qalan (qeydiyyata alınmayan) əməllərdir: Şübhəsiz deyə bilərik ki, statistik rəqəmlər bəzi hallarda təcrübə ilə təzadlı məqamlar yaradır. Xüsusilə praktikada bank fəaliyyəti əleyhinə törədilən cinayətlər kimi tanınan qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə kimi əməllərin geniş yayılmasına baxmayaraq, belə əməllərlə mübarizə lazımi səviyyədə aparılmır. Belə mübarizənin aparılmamasının müxtəlif səbəbləri vardır ki, onlardan başlıcası bankların özünün passivliyi ilə bağlıdır. Belə ki, məsələn bankdan qanunsuz kreditin alınması kreditin verilməsindən bir müddət sonra, müxtəlif yoxlamalar nəticəsində bank tərəfindən aşkar olunduğu hallarda, bəzən onlar tərəfindən əmələ hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanına müraciət edilmir. Bunun səbəbi əksər hallarda bankın kredit alan ilə razılaşaraq, öhdəliyin yerinə yetrilməsi və ya bankın öz imicini “itirməməsi” qənaətinə gələrək müştərilərə güzəştə getməsi ola bilər.
İkinci başlıca səbəb, hüquq-mühafizə orqanları tərəfindən bu tip şikayətlərin araşdırılmaması ilə bağlı olub, onların bankla kredit alanı müqayisələndirərək, əsassız olaraq “güclü” tərəf saydığı bankın tələbi ilə “zəif” hesab etdiyi kredit alanı xüsusilə cinayət cəzasına məhkum etməyin adekvat olmadığını düşünürlər. Əksər hallarda bankların bu cür şikayətlərinə dair xüsusilə cinayət təqibini həyata keçirən orqan tərəfindən işin mülki xarakter daşıması və əməldə cinayət tərkibinin olmaması səbəbiylə cinayət işinin başlanmasından imtina olunması barədə qərar qəbul edilir. Unutmaq olmaz ki, qeyd olunan əməl inzibati xəta və ya cinayətdir, cəzalandırılmalıdır və qeyd olunan səbəbdən bu növ əməllərin latent qalmaması üçün effektiv üsullarla mübarizə aparılmalıdır.
Ekspert kesab edir ki, AR İnzibati Xətalar və Cinayət Məcəllələrinin qeyd olunan maddələri, belə əməllərlə mübarizə aparmaq üçün qüsurludur. Belə ki, banklardan əksər hallarda yalan məlumatlar əsasında kredit alan sahibkar olmayan adi fiziki şəxslər olur ki, qanunvericilik bu əmələ görə sahibkar olmayan fiziki şəxslər barəsində məsuliyyət müəyyən etmir, məsuliyyət yalnız təşkilatın rəhbəri və ya fərdi sahibkar barəsində müəyyən olunmuşdur.

Editor.az

Şərhlər

XƏBƏR LENTİ