SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Prorektor Sonaxanım İbrahimova qızı Nərmin İbrahimovanı necə qalib edib?

Prorektor Sonaxanım İbrahimova qızı Nərmin İbrahimovanı necə qalib edib?

Tarix:

7-05-2019, 12:51

/ 2 454 dəfə oxundu.
Prorektor Sonaxanım İbrahimova qızı Nərmin İbrahimovanı necə qalib edib?

Keçən ayın sonlarında Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyi münasibətilə müsabiqə keçirilib. Konsertmeyster ustalığı üzrə “Vera ART” adlı I Respublika Müsabiqəsinə Azərbaycanın müxtəlif bölgələrindən 50-yə yaxın gənc ifaçı qatılıb.
İki mərhələdən ibarət olan müsabiqəyə Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevanın sədrlik etdiyi bildirilir. Müsabiqənin münsiflər heyətində isə Akademiyanın bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova, Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova, Bakı Musiqi Akademiyasının Konsertmeyster ustalığı kafedrasının müdiri, professor Leyla Abbasquliyeva, Əməkdar müəllim, professor Gülnarə Acalova təmsil olunublar.
Müsabiqədə I dərəcəli diplomlara Nərmin İbrahimova, Tutu Məmmədli, Ülviyyə Dadaşova, Rəna Zəkiyeva, II dərəcəli diplomlara Mənzər Arzumanzadə, Arzu Hüseynova, Aydan Cəfərova, Cəmalə Abdinzadə və III dərəcəli diplomlara Adilə İbrahimli, Səma Xəlilzadə, Simuzər Səmədova, Dinarə Rəhimova, Elnur Cəfərli layiq görülüblər.
Sosial şəbəkələrdə müsabiqənin nəticələri ilə bağlı bir sıra ilginc məlumatlar yer alıb. Müsabiqənin nəticələrindən narazı olanlar qeyd ediblər ki, müsabiqəyə daha istedadlı, professional gənc ifaçıların qatılmasına baxmayaraq, onların əksəriyyəti kənarda qalıb. Onların əsas narazılığı müsabiqədə I dərəcəli diploma layiq görülənlər sırasında Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimovanın qızı Nərmin İbrahimovanın olmasıdır. Müsabiqənin qeyri-obyektiv keçirildiyini iddia edənlərin sözlərinə görə, N.İbrahimova I dərəcəli diploma öz istedadına, ifaçılıq qabiliyyətinə görə deyil, akademiyada prorektor işləyən anasına görə layiq görülüb. Müsabiqənin nəticələrindən narazı qalanların iddiasına görə, N.İbrahimovanın ifaçılıq qabiliyyəti hədsiz dərəcədə aşağıdır və o, bir ifaçı kimi bu dərəcəyə layiq deyil. Onlar qeyd edirlər ki, prorektorun qızının belə bir müsabiqədə yüksək yer tutması müsabiqənin obyektivliyini heçə endirir. İddia edilir ki, müsabiqə obyektiv keçirilsəydi, istedadlı gənclər öz layiqli yerlərini tutardılar. Digər iddialara görə isə müsabiqədə II yeri tutanlardan biri, ümumiyyətlə, müsabiqədə ifa etməyib.
Onu da bildirək ki, müsabiqənin şərtlərinə görə, qaliblər Bakı Xoreoqrafiya Akademiyasında işlə təmin ediləcəklər. Bu gün professional musuqi sahəsində də işsiz gənclər çoxdur və onların tədrisə cəlb edilməsi və işlə təmin edilməsi daha vacibdir.
Sosial şəbəkələrdə o da bildirilir ki, N.İbrahimovanın anası S.İbrahimova vaxtilə Bülbül adına Orta ixtisa musiqi məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb və işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən uzaqlaşdırılıb. O da bildirilir ki, S.İbrahimova bir müddət işsiz qalsa da, sonradan o, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev tərəfindən bu ali məktəbə prorektor təyin edilib.
Qeyri-obyektiv keçirildiyi iddia edilən sözügedən müsabiqə və onun nəticələri, konkret olaraq N.İbrahimovanın hansı şərtlərlə müsabiqənin I dərəcəli diplomuna layiq görüldüyü barədə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova ilə əlaqə saxladıq.
“Bu müsabiqənin münsiflər heyətində elə obyektiv insanlar oturmuşdu ki…”
Sonaxanım İbrahimova “Bakı-Xəbər”ə açıqlamasında qızı N.İbrahimovanın müsabiqədə I yer tutan 4 iştirakçıdan biri olduğunu təsdiqlədi. “Qızım Bakı Musiqi Akademiyasının baş müəllimidir. Qızım Nərmin İbrahimova da həmin müsabiqədə iştirak edib və 4 birinci yerdən birini o tutub. Nə problem var? Mənim qızımın proqramı hamısından on dəfə artıq olub, üstünlük qazanıb. Əlbəttə ki, o çox gözəl ifaçıdır”.
“Müsabiqədə belə bir şərt olubmu ki, qalib gələnlər Bakı Xoreoqrafiya Akademiyasında işə götürüləcək” – deyə S.İbrahimovadan soruşduq. O bu məlumatı təkzib etdi. “Xeyr, elə şey olmayıb. Nərminin özünün iş yeri var, dediyim kimi, Bakı Musiqi Akademiyasında baş müəllimdir, orada işləyir, fəlsəfə doktorudur. Bu müsabiqənin münsiflər heyətində elə obyektiv insanlar oturmuşdu ki, xalq artistləri idilər. Hətta onlar qızıma Qran Pri vermək istəyirdilər, mən qoymadım. Çünki bildim ki, istər-istəməz, söz-söhbətə səbəb olacaq” – deyə bildirən S.İbrahimovanın qeyd etdiyinə görə, II yeri tutanlardan birinin müsabiqədə iştirak etməməsi ilə bağlı məlumat tamamilə yalandır. O bildirdi ki, bu xəbəri yayanlar narazılardır: “Bu xəbəri ola bilsin narazılar yayıblar. Bərdədən gələn bir-iki nəfər vardı, çox zəif idilər. Hətta münsiflər onları ikinci tura keçirmirdilər. Münsiflərdən xahiş etdik ki, onlar uzaqdan gəliblər, onları ikinci tura keçirin. Xoreoqrafiya və digər musiqilər arasında ciddi əlaqə var. Bizim akademiyada musiqi sənəti kafedrası açılıb. Xoreoqrafiya musiqisiz ola bilməz, çünki burada bütün xoreoqrafiya dərsləri fortopiano ilə keçilir. Biz müsabiqənin birinci turunda instrumental ifaçıların, vokalçıların və digərlərinin qabiliyyətlərini nümayiş etdirdik. İkinci turda isə sırf xoreoqrafiya təqdim edildi. Həmin müsabiqənin çətinliyi orada idi” – deyə S.İbrahimova bildirdi.

Şərhlər

XƏBƏR LENTİ