SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “SİZİ YALTAQLANMAĞA ÇAĞIRMAMIŞDILAR…” – “Deyirəm, Zeynəb, sənin nəyin çatmırdı?!”

“SİZİ YALTAQLANMAĞA ÇAĞIRMAMIŞDILAR…” – “Deyirəm, Zeynəb, sənin nəyin çatmırdı?!”

Tarix:

3-03-2019, 14:50

/ 1 020 dəfə oxundu.
“SİZİ YALTAQLANMAĞA ÇAĞIRMAMIŞDILAR…” – “Deyirəm, Zeynəb, sənin nəyin çatmırdı?!”

Xalq Artisti Flora Kərimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə münasibət bildirib və özünün də mədəniyyət sahəsində bir sıra iradlarının, arzularının olduğunu qeyd edib. Xalq artisti incəsənətin, mədəniyyətin problemlərinin həmin tədbirdə səsləndirilmədiyindən gileylənib:

“Bilirsiz, bu elə bir məkan idi ki, bu məkanda insanları xahiş etməyə yığmamışdılar. Buraya sənət adamlarını onların və incəsənətin, mədəniyyətin problemlərini söyləmələri üçün yığmışdılar. Ancaq mən bu sahədə gözlədiklərimi eşitmədim. Ümumi xahişlər oldu amma onu da ehtiyat edə-edə soruşdular. Sizi oraya çağırdılar ki, ürəyinizi açasınız, ağrılarınızı deyəsiniz. Sizi ora, üzr istəyirəm, yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar.

Orada deyilməli çox söz var idi və eşitməyə hazır idilər. Ancaq təəssüflər olsun ki, bu qorxu hər sahədə bizim millətimizin canından çıxmır ki, çıxmır. Millət qəhrəman görmək istəyir, amma sözdə yox, əməldə. Əməl orada idi. Deyəydiniz. Bunu gözləyirdilər. Bunu eləmədiz. Deyənlər də qorxa-qorxa deyirdilər, niyə? Kim sizi vadar edir qorxmağa? Getmisinizsə deməli sözünüzü deməlisiniz. Bax bəlkə də ona görə məni çağırmadılar. Abu-havanın pozulmağını istəmədilər bəlkə də.

Üzeyir Hacıbəyov Şövkət Məmmədovanı İtaliyaya göndərəndə deyirdi ki, get oxumağı, mədəniyyəti, davranışı, sadəliyi öyrən, gəl burada millətinə nümunə ol. İndi nə oldu bəs? Kim haranı istədi açdı, kim nə istədi dedi və düşdük bu günə. Bununla da sənətimiz yuvarlandı-yuvarlandı gəldi düşdü bu hala. Bir erməni mahnımızı oxuyanda haray-həşir də salmağa artıq bizim dilimiz də yoxdur. Söz deməyə də dilimiz yoxdur. Çünki, bu qorxu oturub içimizdə. Budur məni yandıran.

Mən oraya getsəydim belə dəyişən heç nə olmayacaqdı, əksinə sabah da məni qadağan edəcəkdilər ki, bəsdir Flora, çox danışdın. Bu qadağaya, qorxuya ehtiyac varmı? Düz sözümə görə məni ekrandan uzaqlaşdırmağa lüzum varmı? Heydər Əliyev eşidirdi ki, məni ekrandan çıxardırlar, deyirdi olmaz, qaytarırdı.

Axı bu ümumi siyasət deyil, bu musiqi siyasətidi. Heç olmasa burada özünüzə kişilik tapın, qorxmadan sözünüzü deyin. Onu da eləmədilər.

Mənim xoşum gəlmir inanmadığım bir insan “vətən” deyəndə. O saat düşünürəm ki, nəyisə çatmır. Olmazmı sən bu vətəni vətən üçün sevəsən? Olmazmı bu vətəni musiqisi, keçmişi, ağrısı, qanaxan yaraları üçün sevəsən? Gərək cibin üçün sevəsən bu yazıq vətəni?

Yalan deyənin axırı olmur. Qazancı da, yalanlarla qazandıqları da burnundan tökülür. Çünki millət nifrətlə cavab verir o insanlara. Elə tərifləməlisən ki, sənə inansınlar. Deyirəm, Zeynəb, sənin nəyin çatmırdı, ya o birilər?! Çoxlarını tanıyıram oradakı insanların”.

Yeniavaz.com

Şərhlər

XƏBƏR LENTİ