SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Onu ermənilər zəhərləyib, biz isə biganlıik edirik... - Əbülfəs Qarayevin diqqətinə!

Onu ermənilər zəhərləyib, biz isə biganlıik edirik... - Əbülfəs Qarayevin diqqətinə!

Tarix:

23-05-2018, 10:00

/ 1 884 dəfə oxundu.
Onu ermənilər zəhərləyib, biz isə biganlıik edirik... - Əbülfəs Qarayevin diqqətinə!

İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatında müasir nəsr, hekayə janrının banilərindən biridir. Qutqaşınlı ədəbiyyatımıza ilk realist nəsr əsəri olan "Rəşid bəy və Səadət xanım" hekayəsini, böyük coğrafi əhəmiyyətə malik olan səyahət oçerki — "Səfərnamə" toplusunu gətirib. Bundan başqa, Qutqaşınlının "Tutu" adlı əsəri də olub. Ancaq təəssüf ki, bu əsər itib, günümüzə gəlib çatmayıb.

İsmayıl Bəy Qutqaşınlı 1809-cu il yanvarın 27-də, Qurban bayramı günündə Qutqaşın mahalında (indiki Qəbələ rayonu) zadəgan Nəsrullahın ailəsində doğulub. İsmayıl adının da Qurban bayramına görə qoyulduğu ehtimal olunur. İsmayıl Qutqaşınlı uşaqlıqda dini təhsil alıb, ərəb və fars dillərini öyrənib.

Azərbaycan Çar Rusiyasının hakimiyyəti altına düşdükdən sonra xanlıq dövründə imtiyaz sahibi olan bəylərin çoxu əvvəlki statuslarında saxlanılsa da, gələcəkdə hansısa qiyam qaldırmamaları üçün həmin bəylər müəyyən öhdəlik götürürdülər. Bu öhdəliklərdən biri də o idi ki, bəylər bir övladını Rusiyaya təhsil almaq üçün göndərməliydilər.

Qutqaşının son sultanı, yeni statusu ilə mahal başçısı Nəsrullah da ən kiçik oğlu İsmayılı Peterburqa oxumağa yollayır. Burada təhsilini uğurla bitirən İsmayıl bəy Qafqaz korpusundakı Gürcüstan Qrenadyor alayında hərbi xidmətə başlayır, "praporşik" (gizir) rütbəsi qazanır. 1826-1828-ci illərdə Rusiya-İran, 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibələrində iştirak edir. Vəzifəsi ilə bağlı olaraq Moskva, Peterburq, 1832-1836-cı illərdə isə Varşavada yaşayır.

1852-ci ildə İ.Qutqaşınlı istefaya çıxaraq vətəninə qayıdır. O, Dağıstan valisi Tarku Şamxalının dul qadını, Usmiyevlərdən olan Bikə xanımla ailə həyatı qurur. İ.Qutqaşınlı 1852-ci və 1854-cü illərdə Məkkəyə Həcc ziyarətinə gedir, qayıdandan sonra Şamaxıda və Qutqaşında yaşayır.

İ.Qutqaşınlı 1861-ci il avqustun 14-də Ağdaş karvansarasında dincələrkən xanımı Bikə xanım Usmiyev ilə birlikdə zəhərlənərək vəfat edir. Onun hökumətin əli ilə ermənilər tərəfindən öldürüldüyü ehtimal olunur. Ağdaşdan Qutqaşına (Qəbələyə) gətirilərək Sultanbaba qəbiristanında dəfn olunur.

1985-1986-cı illərdə görkəmli Azərbaycan yazıçısı, hərbi və ictimai xadim İ.B.Qutqaşınlının ev muzeyi yaradılır və yazıçının məzarüstü abidəsi yenidən işlənir. Ev muzeyi yaradıldıqdan sonra İ.Qutqaşınlı haqqında maraqlananlar çox olur və mütəmadi olaraq muzeyə ziyarətçilər gəlir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, o dövr üçün olduqca əlverişli olan ev muzeyi artıq öz görkəmini və gözəlliyini itirərək baxımsız vəziyyətə düşüb. Bina hazırda tam dağılmaq ərəfəsindədir, divarlarda böyük çatlar yaranıb, dam örtüyü yararsız haldadır. Yağışlar zamanı içəriyə su keçir və əşyalar yararsız vəziyyətə düşür.

Muzeyin müdiri Çimnaz Mürzəfərova bildirir ki, 1997-ci ildən muzeydə işləyir və bu müddət ərzində indiyə kimi cəmi bircə dəfə təmir-bərpa işləri aparılıb: "Təmir işləri 2001-ci ildə olub. Çox baxımsız və yararsız bir hal alan ev muzeyi ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, baxan yoxdur. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişik, ancaq heç kim problemlə maraqlanmır".

"Hazırkı dövrdə Qəbələnin turizm potensiyalı yüksək olduğuna görə ərəb ölkələrindən, Türkiyədən, Rusiyadan, eləcə də digər ölkələrdən rayona qonaq gələnlər çox olur. Bu vəziyyət bura gələn qonaqları da olduqca məyus edir. Ziyarətçilər sual verirlər ki, "belə bir görkəmli şəxsin ev muzeyi nə üçün baxımsız və viran haldadır?" Təəssüf ki, onlara verəcək cavabımız yoxdur" — deyir muzey müdiri.

Çimnaz xanım qeyd edir ki, muzeyə gələn ərəb turistlər mövcud vəziyyətə heyrət edirlər: "Hazırda ən çox qonaqlar ərəb ölkələrindən gəlir. İsmayıl Qutqaşınlının o dövrdə 2 dəfə Həcc ziyarətinə getməsi və ərəb ölkəsinin insanları haqqında "Səfərnamə" əsərində yazması ərəblərin də marağına səbəb olub. Ancaq Qutqaşınlının ev muzeyinə gələn ərəblər belə bir görkəmli insanın ev muzeyin bu halda olmasından şok keçirirlər".

"İsmayıl bəy düz 25 il Rusiyada xidmət edib, rusiyalı qonaqlar üçün də onun həyatı çox maraqlıdır. Bura gələn ruslar da Qutqaşınlının ev muzeyini bu halda gördükdə ərəblər kimi heyrətə gəlirlər. Belə bir şəxsiyyətin ev muzeyinin bu halda qorunmasını fəlakət adlandırırlar" — muzey müdiri bildirir.

Qeyd edək ki, hazırda ev muzeyi kimi, general-mayorun məzarı da bərbad vəziyyətdədir, dağılmaq üzrədir. Yaxın zamanlarda bu problem aradan qaldırılmasa, buraya gələn qonaqlar və turistlərinin qınaq obyektinə çevriləcəyik.

Qeyd edək ki, İsmayıl bəy Qutqaşınlı, həmçinin xeyriyyəçi kimi tanınıb. İnsanların maariflənməsi ilə yanaşı, iqtisadi vəziyyətlərinin yüksəlməsi üçün də işlər görüb. Dövrünün ziyalıları İsmayıl bəy haqqında olduqca müsbət fikirlər söyləyiblər. Qutqaşın və Şamaxı camaatı da İsmayıl bəyə böyük sevgi və hörmətlə yanaşıblar.

İsmayıl bəyin həyatı haqqında onun qohumları, kəndliləri indi də maraqlı xatirələr danışırlar. Qohumlarından birinin dediyinə görə, İsmayıl Qutqaşınlı Həcc ziyarətindən qayıdarkən özü ilə bir qız və bir oğlan qul alıb. Onları Qutqaşında azad edərək yeni həyat qurmalarına şərait yaradıb. Belə bir şəxsin xatirəsinin yaşadılması və abidəsinə hörmətlə ehtiram etmək hər bir vətəndaşın borcudur.

Şərhlər

XƏBƏR LENTİ