SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dövlət Vergi Xidməti: Xaricdə əldə olunmuş gəlirlərin bəyan edilməsi zəruridir

Dövlət Vergi Xidməti: Xaricdə əldə olunmuş gəlirlərin bəyan edilməsi zəruridir

Tarix:

27-04-2023, 13:00

/ 2 939 dəfə oxundu.
Dövlət Vergi Xidməti: Xaricdə əldə olunmuş gəlirlərin bəyan edilməsi zəruridir

 
Məlum olduğu kimi, Azərbaycan Respublikası vergi və maliyyə məlumatlarının avtomatik mübadiləsinə dair bir çox ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrə qoşulub.

Xalqxeber.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, onların sırasında “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələr arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında Protokol”, “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım göstərilməsi haqqında Konvensiya”, “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma” və s. göstərmək olar. Həmin müqavilələr çərçivəsində Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının rezidentlərinin xarici ölkələrdə əldə etdikləri gəlirlər və açdıqları bank hesabları barədə məlumatları illik əsasda əldə edir. Lakin məlumatların araşdırılması zamanı Azərbaycan Respublikasının rezidentlərinin xaricdə əldə etdikləri gəlirlərinin bəyanetmə səviyyəsinin aşağı olduğu müəyyən edilib.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, rezident vergiödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Bununla yanaşı, Vergi Məcəlləsinin müddəalarına əsasən, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər vergi orqanlarına bəyannamə verməlidirlər.

Vergi Məcəlləsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa vergiödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Şərhlər

XƏBƏR LENTİ