SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Mən əraziyə çatanda artıq hər şey yerlə yeksan olmuşdu..." - NAZİRİN NƏZƏRİNƏ...

"Mən əraziyə çatanda artıq hər şey yerlə yeksan olmuşdu..." - NAZİRİN NƏZƏRİNƏ...

Tarix:

26-04-2023, 17:05

/ 389 dəfə oxundu.
"Mən əraziyə çatanda artıq hər şey yerlə yeksan olmuşdu..." - NAZİRİN NƏZƏRİNƏ...

Yevlax rayonu, Malbinəsi kənd sakini Mahmudov Sərvər Mahir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Arıçılıqla məşğul olduğunu deyən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Sərvər Mahmudov, Yevlax rayonu, Malbinəsi kənd sakiniyəm.

2021-ci ildə meşəsalma ilə bağlı bir layihə hazırladım və Evodiya, Pauloniya, Amerikanağcaqayın, Alkasiya və s. kimi ağac növlərinin əkilməsini planlaşdırdım. Bununla bağlı Yevlax rayonunun icra başçısı Anar Tağıyevin qəbulunda oldum. Anar Tağıyevin gösdərişinə əsasən, mənə Yevlax rayon Malbinəsi kəndi ərazisində bir hektar doxsan sot (1,9 ha) torpaq sahəsi ayrıldı.

Toxumla yetişdirdiyim həmin ağac şitillərini 13.05.2022-ci il tarixində əkdim və bir il ağaclara qulluq olundu. Bir müddətdən sonra ağacların bir qismi İcra Hakimiyyətinin keçmiş əməkdaşı olan Abdullayev Həsən Nəcəf oğlu tərəfindən qərəzli olaraq məhv edildi. Belə ki, o, 47 ağacı mal-qaraya yedirtdi, sonra yer şumlamaq adıyla digər ağaclarımı da məhv etdi. Mən əraziyə çatanda artıq hər şey yerlə yeksan olmuşdu.

Bununla bağlı Daxili İşlər Nazirliyinə, Ekologiya Nazirliyinə, Baş Prokurorluğa müraciət etdim(Əlimdə olan video çəkilişlər sübut kimi saxlanılır). Bir müddətdən sonra 8 saylı Mingəçevir Ekologiya İdarəsinin işçiləri mənimlə görüşdülər. Əkilən sahə ilə tanış oldular və bildirdilər ki, bu cinayət faktıdır. Onlar mənim yanımda Həsən Abdullayevə zəg etdilər və görüşmək istədiklərini bildirdilər.

Səhəri gün Mingəçevir Ekologiya İdarəsinin işçisi Əliyev Fuad Fərrux oğlu mənə bir ərizə gətirdi və həmin ərizəyə qol çəkməyimi istədi. Mən sənədə etirazımı bildirdim və qol çəkməyəcəyimi dedim. Mənə “qol çəkməsən, sənin başına oyun açacağıq”, - dedilər.

Bir müddətdən sonra Mingəçevir Ekologiya İdarəsindən məktub gəldi ki, araşdırılma aparılıb, sübut tapılmayıb. Gülməli hadisə odur ki, 2022-ci ilin may ayında hadisə olub, Mingəçevir Ekologiya İdarəsinin işçiləri isə hadisə yerinə 2022-ci ilin avqust ayında gəlib. Bu zamanadək torpaqda tələf olmuş ağac qalar? Heç torpaqda olan bitki gün şuası ilə mübarizə apara bilmir. Mən adım kimi bilirəm ki, bu işdə rüşvət böyük rol oynayıb.

Odur ki, mən verilən qərara etirazımı bildirdim, nazirin qəbuluna yazılmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəbul şöbəsinə zəng etdim. Bildirdilər ki, nazir aprel ayının 28-də Oğuz rayonunda vətəndaş qəbulu keçirəcək və qəbula yazıldım. Bir gün sonra mənə zəng gəldi, özünü nazirin qəbul şöbəsinin işçisi kimi təqdim edən Abdullayev Samir Şikar oğlu mənimlə görüşmək istədi. Dedi ki, biz nazirin qəbuluna yazılan vətəndaşları öncədən dinləyib, problemi həll eləməyə çalışırıq.

2023-cü ilin fevral ayının 24-də Samir Abdullayevlə görüşümüz oldu. Mənə dedi ki, sən çıxarış olmayan yerə ağac əkdiyin üçün 2500 manat cərimə olunacaqsan, bu ağacları sahədən çıxar və sahə qıraqlarına ək, sənədin gələndə bildiyin kimi əkərsən. Onu da bildirdi ki, əkəndən sonra video çəkiliş et, at mənə. Onun mənə dediyi kimi, ağacları çıxarıb qıraqdan əkdim. Bizdə mart ayın 22-nə kimi ağac əkilir. 2 gün sonra sonra mənə akt gətirildi. Görmə qabiliyyətim çox zəif olduğundan ondan aktı oxumağını xahiş etdim. Aktı oxudu, qol çəkməyim üçün yer göstərdi. Qol çəkdim. Bir neçə gün sonra mənə dedi ki, sənə protokol tətbiq olunub, 2500 AZN cərimə ödəməlisən. Mən bildirdim ki, 410 manat əmək haqqı alıram, onun da üstünü düzəldib kredit ödəyirəm, bu borcu necə ödəyəcəm? Bu zaman dedi ki, 800 manat ver, məsələni bağlayaq. 750 AZN borc tapıb, aparıb verdim, həmin gündən zəngləri qəbul etmədi. Özünü də tapa bilmədim.

04.04.2023-cü ildə 8 saylı Mingəçevir Ekologiya İdarəsinə çağrıldım. Mənə bildirdilər ki, 1000 manat cərimən var, ödəməlisən. Mən qəzəbli şəkildə bildirdim ki, Yevlax rayon sakini Abdullayev Samir Şikar oğlu özünü nazirin qəbul şöbəsinin işçisi kimi təqdim edərək, məndən bu qədər pul alıb.

Sonra bildim ki, məni aldadan şəxs uzun müddət Yevlax rayon Torpaq şöbəsinin müdiri vəzifəsində işləyib və qanunsuz əməllərinə görə tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun Abdullayev Həsən Nəcəf oğlu ilə əlaqəsi çox yaxşıdır və mən başa düşdüm ki, oyuna gəlmişəm.

Ümumiyyətlə, 8 saylı Mingəçevir Ekologiya İdarəsinin müdiri və bəzi işçiləri sosiyal şəbəkələrdə “gündəm” olub. Yevlax sakini Abdullayev Həsən Nəcəf oğlu rayonda faizə (sələmə) pul verməklə məşğuldur və bu sayədə “Sələm Həsən”, “Qalın Həsən”, “Qəssab Həsən” kimi ləqəblər qazanıb. Həsənin bir neçə adamı var, onlardan biri Yevlax rayon Malbinəsi kənd sakini Abdullayev Sabik Qurban oğludur. Bu şəxsə 2020-2021-ci illərdə cinayət işi açılıb. O, Məşğulluq İdarəsinin işçiləri ilə əlbir olaraq müharibə veteranlarına, kənd sakinlərinə rüşvət qarşılığında mal-qara verirlərmiş. Nazirlik bu barədə məlumat alan kimi, işi göndərdi prokurorluğa və cinayət işi açıldı.

Mən 2014-cü ildən N saylı hərbi hissədə mülki qulluqçu kimi işliyirəm, işçilərdən fərqləndiyim üçün fəxri fərmanlarım var. Bu iki əmioğlu - Abdullayev Həsən Nəcəf oğlu və Abdullayev Sabik Qurban oğlu məni tez tez işimlə hədəliyir, “qolları”nın uzun olduğunu və məni işdən çıxartdıracaqlarını deyirlər. Sizdən xahiş edirəm, mənim bu problemimi işıqlandırın, mənə köməklik göstərilsin”.

Şərhlər

XƏBƏR LENTİ