SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Köhnə sahibi qıfılı dəyişib evimə girib”

“Köhnə sahibi qıfılı dəyişib evimə girib”

Tarix:

13-04-2023, 11:03

/ 373 dəfə oxundu.
“Köhnə sahibi qıfılı dəyişib evimə girib”

Sumqayıt şəhər sakini Xalid Qurbanov mənzilinin Sumqayıt Şəhər Mühafizə İdarəsi  tərəfindən qorunmadığı üçün ona ziyan dəydiyini, evinin başqa şəxs tərəfindən ələ keçirildiyini iddia edir.
Şikayətçi “Qafqazinfo”ya müraciətində bildirib ki, 2014-cü ildə şəhərin 36-cı məhəlləsindən mənzil alıb.
Onun sözlərinə görə, alqı-satqıdan bir neçə gün sonra mənzilinin qapısı onun köhnə sahibi Elman Liftiyev və ailəsi tərəfindən qırılıb: “Uzun illər məhkəmə proseslərində iştirak etdim. Ali Məhkəməyə qədər bütün prosesləri uddum və icraçılar vasitəsilə Liftiyev və ailəsini mənzilimdən çıxardım. Elman bu mənzilin əvvəlki sahibi olub. Evi girov qoyub bankdan kredit götürüb. Borcunu ödəmədiyi üçün bank evi satıb. Həmin şəxs də mənə satıb.
Elman və ailəsi mənzildən çıxarıldıqdan sonra Sumqayıt Şəhəri Mühafizə İdarəsi ilə müqavilə bağladım ki, mənzil mühafizə olunsun. İçəri avadanlıq quraşdırıldı. Aylıq ödəniş etməyə başladım. Bir neçə ay sonra həmin idarədən Tahir adlı şəxs məni yanına çağırdı və bildirdi ki, mühafizənin dayandırılması üçün ərizə yazım. Mən ondan səbəbini soruşdum və bildirdim ki, hər ay vaxtında ödənişləri edirəm. O isə mənə prosedurun belə olduğunu və mühafizənin dayandırılmayacağını bildirdi. Mən də inanıb ərizə yazdım. Bir müddət keçdikdən sonra mənzilə gedəndə açar yerinin qırıldığını gördüm. Dərhal Mühafizə İdarəsinə zəng etdim. Tahir mənə dedi ki, “sən özün ərizə yazmısan ki, mühafizə dayandırılsın” və üzümə telefonu söndürdü”.
Vətəndaş məsələ ilə bağlı DİN-in Baş Mühafizə İdarəsinə şikayət etdiyini də əlavə edib: “Onlar araşdırma apardıqdan sonra mənə bildirdilər ki, Tahir kobud səhvə yol verib və dəyən ziyanı ödəyəcək. Ancaq Sumqayıt Şəhər Mühafizə İdarəsinə dəfələrlə getməyimə baxmayaraq, heç bir köməklik olunmadı. Tahir mühafizənin dayandırılması ilə bağlı mənə məlumat verməli idi, verməyib. Açıq-aydın məlumdur ki, hansısa məqsədlə qanun pozuntusuna yol verib. Hazırda da mənzilim Elman və ailəsi tərəfindən zəbt olunub. Öz çıxarışlı, sənədli mənzilimdə yaşaya bilmirəm”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə müraciət etdik. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, vətəndaş Xalid Qurbanovun müraciəti əsasında 20 sentyabr 2021-ci ildə Sumqayıt şəhərində yerləşən mənzili Sumqayıt Şəhər Mühafizə İdarəsi tərəfindən Mərkəzləşdirilmiş Mühafizə Mərkəzi vasitəsilə sutkalıq nəzarətə götürülüb: “Bir müddət sonra həmin mənzilə iddiaçı olan vətəndaş Elman Liftiyev Sumqayıt Şəhər Mühafizə İdarəsinə yaxınlaşaraq mühafizə olunan mənzilin mübahisəli ev olduğunu və əmlakın sahibinin müəyyən edilməsi üçün məhkəmə instansiyalarında məhkəmə prosesinin getdiyini bildirib. Daha sonra Sumqayıt Şəhər Mühafizə İdarəsinə dəvət edilən Xalid Qurbanova bu barədə məlumat verilib və həmin mənzilin mübahisəli əmlak olduğu üçün mühafizəsinin təşkil olunmasının qeyri-mümkün olduğu onun diqqətinə çatdırılıb. Vətəndaşla bağlanan müqavilənin xitam olunduğu barədə ona məlumat verilib.
Bir müddət sonra vətəndaş Xalid Qurbanov həmin evə yaxınlaşan zaman mənzilə iddialı olan digər şəxs tərəfindən oranın giriş qapısının qıfılının dəyişdirildiyini aşkar edib.
Göstərilənlər nəzərə alınaraq Sumqayıt Şəhər Mühafizə İdarəsinin inspektoru həmin mənzilin mühafizədən çıxarılması ilə bağlı rəsmi məlumat vermədiyi üçün intizam məsuliyyətinə cəlb edilib”.

Şərhlər

XƏBƏR LENTİ