SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcəkdir

Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcəkdir

Tarix:

29-03-2023, 14:40

/ 363 dəfə oxundu.
Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcəkdir

Martın 28-də ölkə başçısı İlham Əliyev Məsim Məmmədovun Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilməsi ilə əlaqədar onu qəbul edərək bu rayonun gələcək inkişafi, işğaldan azad edildikdən sonra burada görülən işlər, həyata keçirilən və nəzərdə tutulan layihələrdən danışib, həmçinin bir sıra mühüm məsələlərə toxunub.
Qeyd edilməlidir ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir və bu rayonun çox böyük potensialı vardır. Rayon 28 il işğal altında olub və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilərək ətraf mühitə böyük ziyan vurulub. Bütövlükdə, ərazinin meşə fondunun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.  İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilərək orada yerləşdiriliblər. Bu isə öz növbəsində bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Yaddan çıxmamalıdır ki, Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir. 90-cı illərin əvvəlində AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Nəticədə isə müdafiəsiz qalan rayon ermənilər tərəfindən işğal edildi və rayonun əhalisi döğma yurdlarından didərgin düşərək ölkənin müxtəlif rayonlarında məcburu köçkün həyatı yaşamağa məcbur oldular.
İkinci Qarabağ müharibəsi başa çatanda rayon Azərbaycanın nəzarətinə keçsə də, obyektiv səbəblərdən Laçın şəhəri nəzarətdən kənarda idi. 2020-ci il noyabrın 9-da Prezident İlham Əliyevin Rusiya Prezidenti ilə bütün gün ərzində apardığı danışıqlar nəticəsində Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləri razılaşdırıldı və bu məqsədlə alternativ yolun çəkilişi yekun Bəyanata salındı.
İkinci Qarabağ müharibəsi başa çatan kimi ölkə başçısı tərəfindən dərhal göstəriş verildi ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin və Azərbaycan bu işi bir il yarım ərzində həll etdi. Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun 2-də yol istismara verildi. Avqustun 26-da isə Azərbaycan ordusu Zabux, Sus kəndlərinə və Laçın şəhərinə daxil oldu. 
Ölkə başçısının rəhbərliyi ilə bu gün Laçın rayonunda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Laçında beynəlxalq hava limanı inşa edilir, Kəlbəcər-Laçın yolunun yenidən qurulması aparılır, Göygöl rayonundan  Şərqi Zəngəzura yol çəkilir, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir. Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcəkdir.
Azərbaycan dövlətinin qarşısında duran əsas məqsəd Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra Laçında rahat yaşamalarının təmin edilməsidir.  Bununla bağlı Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcəkdir. İki il ərzində Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş köçkün yerləşdirilməsi nəzərdə tutulub. Artıq Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib.  
Quruculuq işlərinin birinci mərhələsində Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur,  tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlər cari ilin sonuna qədər başa çatdırılacaqdır. Bu gün Laçın şəhərinin bütün infrastrukturu – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar  yenidən qurulur. Yaxın gələcəkdə isə Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcəkdir.
 
 
 İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 

Şərhlər

XƏBƏR LENTİ