SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azad olunmuş torpaqlarımızda bayram tonqalları alovlanır

Azad olunmuş torpaqlarımızda bayram tonqalları alovlanır

Tarix:

22-03-2023, 17:29

/ 310 dəfə oxundu.
Azad olunmuş torpaqlarımızda bayram tonqalları alovlanır

Novruz bayramı azərbaycanlıların, Azərbaycan xalqının qəlbinin bayramıdır.   Novruzun fərqi ondan ibarətdir ki, bunun nə siyasi, nə də iqtisadi mənası var. Bu ancaq bahar bayramıdır, təbiətin bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəliyə gələn bayramdır. Bu, azərbaycanlıların bayramıdır.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir.  Prezident İlham Əliyev haqlı olaraq qeyd etmişdir: “Bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”.
Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə, Zəfər ruhunda qeyd edir. Ermənistanın 30 il davam edən işğalı dövründə Prezident İlham Əliyevin xalqımıza bayram təbriklərində bu amal, arzu xüsusi vurğulanırdı ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Həmin günün uzaqda olmadığı bildirilərək, belə bir əminliyi şərtləndirən amillər də diqqətə çatdırılırdı. Artıq işğal altında olan torpaqlarımız dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Azad Qarabağ, azad Zəngəzur cənnət məkana çevrilir. Mart ayının 18-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda alovlandırmalarının böyük rəmzi mənası var. Möhtərəm Prezidentimizin Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Xarici ölkələrdə yaşayan azərbaycanlılar da daxil olmaqla hər birimiz son iki il yarımda sonsuz qürur hissi keçiririk. Bu müddətdə hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində irəliyə getmişdiksə, savaş başa çatandan sonra da bütün sahələr və istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik.
Son 2 ildə Talış kəndində 10 qeyri-yaşayış və ictimai iaşə obyekti də bərpa olunub və tamamilə yenidən qurulub. Bu obyektlərin ərazisində abadlıq işləri görülüb. Kənddə inzibati bana, 78 yerlik yeni mərtəb və uşaq bağçası tikilib, kəndə qayıdacaq 180-nə yaxın ailə üçün fərdi yaşayış evləri tikilir və məşğulluq üçün şərait yaradılıb. Artıq Talış kəndinə 20 ailə qayıdaraq burada Novruz bayramını qeyd ediblər.
Burada görülən işlər işğaldan azad edilən digər ərazilərdə davam etdirilir. İşlərin həcmi ilbəil daha da artırılır. Quruculuq işlərinə dost xarici ölkələrin də şirkətləri qatılıb. “Böyük Qayıdış”a başlanılıb və ümid edirik ki, bu işlər dövlət başçısı cənab İlham Əliyevin səyləri ilə sürətli templərlə irəliləyəcəkdir. 
Beləliklə, Ulu Öndərimizin arzuları reallaşır. Bu gün azad olunmuş torpaqlarımızda bayram tonqalları alovlanır. Yurdundan didərgin düşmüş bütün soydaşlarımız el-obalarına qayıdaraq Novruz adət-ənənələrini orada davam etdirəcəklər.
 
 
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

Şərhlər

XƏBƏR LENTİ