SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Çin Karqo” şirkəti Daxili Qoşunların yaranmasının 31 ili ilə bağlı şəxsi heyəti təbrik edir

“Çin Karqo” şirkəti Daxili Qoşunların yaranmasının 31 ili ilə bağlı şəxsi heyəti təbrik edir

Tarix:

12-03-2023, 12:00

/ 343 dəfə oxundu.
“Çin Karqo” şirkəti Daxili Qoşunların yaranmasının 31 ili ilə bağlı şəxsi heyəti təbrik edir

“Çin Karqo” şirkəti Daxili Qoşunların yaranmasının 31 ili münasibəti ilə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 31 il ötür. Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si Azərbaycan Respublikasının Daxili Qoşunlar Günü kimi qeyd olunur.
1991-ci ilin dekabr ayında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və şəxsi heyətinin ümumi sayı 2500 nəfər olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. 1992-ci il martın 12-də Daxili Qoşunların hərbi hissələri ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə qoşulmuş, şəxsi heyət döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişdir.
Azərbaycanda Daxili Qoşunların formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. 1994-cü il fevralın 8-də qəbul edilmiş “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Daxili Qoşunların əsas funksiyalarını, vəzifələrini, fəaliyyət prinsiplərini müəyyən etmişdir. Daxili Qoşunların xalqın və dövlətin layiqli müdafiəçisinə çevirməyin vacibliyindən danışan ulu öndərimiz demişdir: “Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu vardır. Bizim Silahlı Qüvvələrimizdə, eyni zamanda Daxili Qoşunlarda Azərbaycanın dövlətçiliyinə, Azərbaycanın Ali Baş Komandanına yüksək sədaqət ruhu formalaşıb”.
Ulu öndərimiz tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir. Bu istiqamətdə Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir”,- deyən dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları böyük təşkilatlanma və inkişaf yolu keçmiş, bu sahənin maddi-texniki bazası gücləndirilmişdir. 
Bu gün şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Hərtərəfli diqqət və qayğı sayəsində, hərbi qulluqçuların maddi və sosial rifah halının artırılması istiqamətində əməli tədbirlər həyata keçirilmişdir.
Tariximizə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsində qazanılan möhtəşəm qələbə illərdir həyata keçirilən idealoji işin, misilsiz yurd sevgisinin və yüksək vətənpərvərliyin məntiqi nəticəsi idi. Daxili Qoşunlar da bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, ərazi bütövlüyümüzün bərpa olunmasında xüsusi rol oynamışdır.
Ümummilli liderimizin ideyalarına sadiq qalan Daxili Qoşunlar bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, sabitliyin və ictimai asayişin keşiyində mətinliklə dayanacaq, cəmiyyətin və dövlətin mənafeyini, eləcə də vətəndaşların hüquq və azadlıqlarını etibarlı qoruyacaqdır. Ölkə başçısının da dediyi kimi: “Daxili Qoşunlar inkişafdadır. Daxili Qoşunların təminatı yüksək səviyyədə həll edilir. Ən müasir texnika, döyüş avadanlıqları gətirilir. Daxili Qoşunlar böyük qüvvədir və əlbəttə, Daxili Qoşunların da cəmiyyətdə çox böyük funksiyaları vardır. Hər an, hər zaman Daxili Qoşunlar sabitliyin, asayişin keşiyində olmalıdırlar və belə də olacaqdır”.
Möhtərəm Prezidentimiz, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən Vətən müharibəsindəki qəhrəmanlıqlarına görə, Daxili Qoşunların hərbçilərinin çoxsaylı orden və medallarla təltif edilməsi də bu həqiqətin ali isbatıdır. “Çin Karqo” şirkəti olaraq bu tarixi gün münasibəti ilə bir daha Daxili Qoşunları təbrik edir, onun bütün şəxsi heyətinə xidməti fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq. Daxili Qoşunlar və onların ərazi bütövlüyümüz uğrundakı mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir və bu tarix hər zaman qürur hissi ilə xatırlanacaq.

Şamil Heydərov
“Çin Karqo” şirkətinin rəhbəri

Şərhlər

XƏBƏR LENTİ