SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Dəmir Yumruq” həmrəyliyin simvoluna çevrildi

“Dəmir Yumruq” həmrəyliyin simvoluna çevrildi

Tarix:

29-12-2022, 11:00

/ 238 dəfə oxundu.
“Dəmir Yumruq” həmrəyliyin simvoluna çevrildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasda 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qəbul edilən tarixi qərar gələcək həyatımızda yeni bir başlanğıc oldu. Bu, milli birliyə, həmrəyliyə nail olmağa verilən start idi. Sonrakı illərdə milli birlik yolunda atılan bu addımlar məhz Ulu Öndər Heydər Əliyevin liderliyi ilə dövlət siyasəti səviyyəsində uğurla davam etdirildi. 

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir.

Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diasporunun lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.

Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət başçısının 2018-ci il 5 iyul tarixli fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Fond bu illərdə 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsinə və qeydiyyatdan keçməsinə dəstək göstərdi, 100-dən çox layihə maliyyələşdirdi.
Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlandı. Məhz vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən, böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması istiqamətində iş aparıldı. Bu həm COVİD-19 pandemiyası, həm Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirildi.
Artıq ikinci ildir ki, xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük coşqu ilə qeyd edir. Bunun da səbəbi əlbəttə ki, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədir. Bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyü ilə bərabər Azərbaycan xalqının  qürurunu da bərpa etdi, özünə qaytardı. Məhz milli həmrəylik ideyasının bariz təcəssümü olaraq Azərbaycan xalqı öz Prezidentinin, Ali Baş Komandanının ətrafında sıx birləşərək düşməni məğlub etdi. Müharibə dövründə doğma Vətəndən kənarda yaşayan soydaşlarımız haqq işimiz naminə qüvvələrini birləşdirərək yaşadıqları ölkələrin dövlət orqanlarına və ictimaiyyətinə Vətən müharibəsi barədə doğru-düzgün məlumatlar çatdıraraq, lazım gəldikdə kütləvi tədbirlər keçirərək öz dəstəklərini göstərdilər. 44 Günlük Vətən müharibəsi xalqımızın həmrəyliyinin möhkəm təməllər üzərində qurulduğunu bir daha bütün dünyaya sübut etdi. 2022-ci ilin aprelin 22-23-də Şuşa şəhərində keçirilən 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki bu ad bizə çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq. Bu tarixi missiyanı həyata keçirən qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər” deməsi hər bir Azərbaycanlının qəlbində qürur hissi yaradır”.

Bu gün dövlətimiz bütün dünyada yaşayan azərbaycanlıların tarixi Vətəni, həmçinin siyasi mərkəzi kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak edir.

Dünya Azərbaycanlıları Həmrəyliyi Gününüz mübarək!

Ramiz Hüseynov
Abşeron rayon Ağsaqqallar Şurasının sədr müavini

Şərhlər

XƏBƏR LENTİ