SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Çin Karqo” şirkətində Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

“Çin Karqo” şirkətində Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

Tarix:

15-11-2022, 11:08

/ 502 dəfə oxundu.
“Çin Karqo” şirkətində Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

17 noyabr Milli Dirçəliş günü münasibəti ilə “Çin Karqo” şirkətində tədbir keçirilmişdir. Tədbirdə sahibkarlar, tanınmış iş adamları və media nümayəndələri iştirak edirdilər. Azərbaycan dövlət himni səsləndikdən sonra giriş sözü ilə “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov çıxış edərək, 17 noyabr Milli Dirçəliş günü haqqında geniş məlumat vermişdir. Şirkət rəhbəri çıxışında qeyd etdi ki, bu gün respublikamızın hər bir yerində olduğu kimi, qeyd etdiyimiz 17 noyabr Milli Dirçəliş günü xalqımızın tarixində bənzəri olmayan hadisələrdən biridir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer tutur. Şamil Heydərov, tarixin dəfələrlə müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu sübut etdiyini qeyd edərək, Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmasını, heç bir qüvvənin xalqın əzmini qıra bilmədiyini bildirmişdir. Belə bir ağır vəziyyətdə xalqımızn böyük oğlu, ümummilli lider, müdrik dövlət xadimi Heydər Əliyevin özünün bütün varlığı ilə vətəninə, öz doğma millətinə bağlı olduğunu bir daha sübut edərək, bu ağır həm də şərəfli missiyanı öz üzərinə götürdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı. Dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.
Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmişdir. Onun əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.
Xalqın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi olan həmin tarixi meydan hərakatından 34 il keçir. Bu qısa zaman kəsiyinə nəzər salsaq ölkəmizin qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevrilməsi təkzibedilməz faktdır. Ötən müddət ərzində müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar göz qabağındadır. Azərbaycanın inkişafını, yüksəlişini, beynəlxalq arenada qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı strategiyasının təməlini qoymaqla kifayətlənməmiş, bu strateji kursu davam etdirməyə qadir istedadlı, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Qafqazdakı lider rolunun möhkəmləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclü və qüdrətli ordu quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firəvan yaşayışının etibarlı şəkildə təmin edilməsinə nail olundu. Bu gün Azərbaycan Respublikasında hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. Hazırda dünyanın bir sıra nöqtələrində, xüsusilə, Yaxın Şərqdə baş verən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Müəyyən beynəlxalq güclər öz maraqları naminə bir sıra dövlətlərin daxilində vəziyyəti gərginləşdirdilər və hazırda çox acınacaqlı durum yaranıb. Həmin ölkələrin xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalıblar. Bütün bunlar bir daha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm əsas vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Digər tərəfdən, bu siyasətin əsas mahiyyəti aztəminatlı əhali qruplarının dayanıqlı təminat sistemini yaratmaq, bununla da, ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır. Son 20 ildə əmək haqlarının, pensiyaların, təqaüdlərin, sosial müavinətlərin dəfələrlə artması və işsizlik probleminin getdikcə aradan qaldırılması bunları bir daha təsdiqləyir. Bir sözlə, görünən odur ki, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini vacib vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Qətiyyətlə deyə bilərik ki, Respublika Prezidenti İlham Əliyev cənabları qısa müddətdə bu yüksəlişə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi oldu. Ölkə başçısı İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı ölkəmizin tərəqqisini görür və bu böyük şəxsiyyəti inkişafımızın təminatçısı kimi dəstəkləyir. Bu gün Azərbaycan gələcəyə inamla baxır ona görə ki, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev ölkəmizi işıqlı gələcəyə, yeni uğurlara inamla aparır.

Şərhlər

XƏBƏR LENTİ