XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Rusiya pomidor məsələsini siyasi təzyiq vasitəsinə çevirib

Rusiya pomidor məsələsini siyasi təzyiq vasitəsinə çevirib

Rusiya pomidor məsələsini siyasi təzyiq vasitəsinə çevirib
3-06-2017, 09:44

“Kremldən Ankaraya təklif olunur ki, onlar bəzi məsələlərdə güzəştə getsinlər, əvəzində isə pomidor ixracatının və turizm məsələsində olan maneələrin aradan qaldırılmasına nail olsunlar”
“Türkiyədən pomidor idxalı ilə bağlı qadağanın müddəti ən azı üç il uzadılacaq”. Bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev deyib. Nazir Rusiyanın pomidor idxalını təqribən iki dəfə azaltdığını bildirib: “Ölkəmizdə 800 min ton pomidor istehsal edirik. İstehsal həcmini təqribən daha yarım milyon ton artırmalıyıq. İdxalla bağlı qadağa hələ 3-5 il qüvvədə qalacaq. Buna görə də Türkiyədən pomidor alışından söhbət gedə bilməz”.
Qeyd edək ki, pomidor idxalı məsələsi artıq Türkiyə ilə Rusiya arasında ən mühüm mövzulardan birinə çevrilib. Türkiyənin bəzi kənd təsərrüfatı məhsulları Rusiya bazarına çıxa bilmir. Özəlliklə də pomidor. Bununla bağlı danışan Rusiya prezidenti Vladimir Putin də dəfələrlə açıqlama verib və bildirib ki, Türkiyə ilə münasibətlər gərginləşəndə Rusiya özü pomidor istehsalına başlayıb. Daxili bazarı qorumaq üçün isə Türkiyə pomidorunun idxalının qadağan olunmasını əsas şərt kimi irəli sürüb. Çünki ucuz və keyfiyyətli Türkiyə pomidoru Rusiya bazarına daxil olarsa, yerli pomidoru sıxışdırıb bazardan çıxara bilər. Nəticədə daxili istehsal hökumətin arzuladığı səviyyəyə çata bilməz.
Təxminən 10 gün öncə Rusiyanın baş naziri Dmitri Medvedyev də açıqlama verərək bildirmişdi ki, Türkiyədən Rusiyaya pomidor idxalı ilə bağlı qadağa qüvvədə qalacaq.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 25 ilinin tamam olması ilə bağlı İstanbulda keçirilən tədbirdə iştirak edən Medvedyev pomidor idxalı ilə bağlı qadağanın qüvvədə qalacağını bildirməklə yanaşı, Rusiyada fəaliyyət göstərən Türkiyə vətəndaşları ilə bağlı sanksiyaların arada qaldırılacağını qeyd edib.
Qeyd edək ki, Türkiyənin Rusiyaya pomidor ixracından gələn illik gəliri 300 milyon dollardır. Münasibətləri gərginləşdirən digər bir məqam isə Türkiyənin Rusiyadan taxıl idxalını dayandırmasıdır.
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışarkən Rusiyanın pomidor məsələsindən Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini bildirdi: “Türkiyə və Rusiya arasında ciddi müzakirələr gedir və bu müzakirələrin görünməyən tərəfləri də var. Kənd təsərrüfatı məhsullarının, o cümlədən pomidorun Rusiya bazarına çıxış imkanları Putin üçün Türkiyəyə təzyiq vasitələrindən biridir. Türkiyə ilə Rusiya arasındakı münaqişənin başlamasından və qadağanın tətbiqindən öncə Rusiya bazarının təxminən 40 faizə yaxını Türkiyə pomidorları hesabına təmin olunurdu. Türkiyənin istehsalçıları üçün bu, minlərlə iş yeri demək idi. Bunu Rusiya tərəfi də yaxşı anlayır. Türkiyə tərəfinin bu mövzuya həssas yanaşdığını, fermerlər tərəfindən məsələnin həlli ilə bağlı ciddi təzyiqlərin olduğunu nəzərə alan Rusiya bu məsələni ciddi təzyiq vasitəsinə çevirib. Son zamanlar Rusiya Türkiyə pomidorunun əvəzinə digər ölkələrdən, hətta Ekvadordan pomidor ixracatına başlayıb. Bu da danışıqlar prosesində ciddi təzyiq vasitəsidir”.
Ekspert Rusiyanın bu yolla Türkiyəni bəzi məsələlərə razı salmağa çalışdığını qeyd etdi: “Hazırda Rusiya ilə Türkiyə arasında silahların alınması, Suriya məsələsi ilə bağlı danışıqlar gedir. Hətta Türkiyənin NATO ölkəsi olmasına baxmayaraq, Rusiya onlara silah satmağı düşünür. Bu da bilərəkdən edilmiş bir addımdır ki, NATO dövlətləri arasında onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirsin. Hətta ötən gün Rusiya prezidenti Türkiyəyə yeni hava hücumundan müdafiə sistemini sata biləcəklərini açıq şəkildə bəyan etdi. Ola bilər ki, bu da təzyiqlərin bir formasıdır. Türkiyə tərəfinə təklif olunur ki, bəzi məsələlərdə güzəştə getsinlər, onun əvəzində isə pomidor ixracatının və turizm məsələsində olan maneələrin aradan qaldırılmasına nail olsunlar. Çünki hər iki istiqamət üzrə Türkiyə üçün Rusiya istehlakçıları, turistləri çox önəmlidir. Hər il Türkiyədən Rusiyaya təqribən 4 milyard dollara yaxın kənd təsərrüfatı məhsulları ixrac olunur ki, bunun da böyük əksəriyyətini pomidor təşkil edir. Böhrandan öncə isə hər il Rusiyadan Türkiyəyə 4-5 milyon nəfər turist gəlirdi ki, bu da turizm sektorunda təxminən 10 milyard dollara yaxın əlavə dövriyyə yaradırdı”.
Natiq Cəfərlinin sözlərinə görə, Türkiyənin əlində Rusiyaya qarşı istifadə edə biləcəyi pomidor məsələsinə bərabər hər hansı ciddi arqument yoxdur: “Rusiya Türkiyəyə təzyiq etməyə çalışır və istədiyini əldə etməyənə qədər güzəştə getməyəcək. Türkiyə tərəfinin əlində o qədər də ciddi arqumentlər yoxdur ki, Rusiyaya qarşı addım atsın. Çünki Türkiyənin istehsalının başqa bazarlara çıxış imkanları məhduddur. Digər bazarlarda onsuz da Türkiyənin maksimal dərəcədə iştirakı təmin olunub. Rusiya bazarı isə boş idi və burada Türkiyə istehsalçılarının və fermerlərinin böyük üstünlüyü vardı. Bu səbəbdən Rusiya gələcəkdə də təzyiqlərini davam etdirəcək”.
Azərbaycanla Rusiya arasında pomidor məsələsinə gəlincə, iqtisadçı bildirdi ki, Rusiya ölkəmizə qarşı da dəfələrlə sərt addımlar atıb, məhsulları gömrükdə saxlayıb: “Rusiya Azərbaycandan gələn pomidorları Türkiyə istehsalı olması şübhəsi ilə dəfələrlə saxlayıb. Bunu onunla izah edirdilər ki, Türkiyə fermerləri sanksiyaları keçmək üçün həmin pomidorları Azərbaycan üzərindən Rusiyaya ixrac edirlər. Bu maneələr davamlı ola bilər ki, sözügedən məhsullar Azərbaycanda ucuz olsun”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.