SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Naxçıvanda bu çilə nə zaman bitəcək? - “Xan”ın “şahlıq” arzusu yüzlərlə Naxçıvanlını çörəksiz qoyub

Naxçıvanda bu çilə nə zaman bitəcək? - “Xan”ın “şahlıq” arzusu yüzlərlə Naxçıvanlını çörəksiz qoyub

Tarix:

15-06-2022, 12:00

/ 424 dəfə oxundu.
Naxçıvanda bu çilə nə zaman bitəcək? - “Xan”ın “şahlıq” arzusu yüzlərlə Naxçıvanlını çörəksiz qoyub

 
Hər il Naxçıvan Muxtar Respublikasına 100 milyonlarla manat dotasiya ayrılır və bu yardım ilbəil artırılır. Bu il də eyni hadisə yaşandı. Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiyalar 2021-ci illə müqayisədə 14 faiz artırılaraq 431,6 milyon manata çatdırıldı.

Bir çoxlarınız yəqin mənim kimi hesab edirdiniz ki, ayrılan və artırılan dotasiyalar Naxçıvandakı işçilərin əmək haqlarının ödənilməsinə gedir. Sən demə elə deyilmiş.

Xalqxeber.az bildirir ki, ovqat.com-un Naxçıvandan aldığı məlumata görə, dövlət qulluqçularının maaşı yerli büdcə hesabına yox, Azərbaycan tərəfindən ödənilirmiş.

Muxtar Respublika hakimiyyəti isə bundan istifadə edərək dövlət qulluqçularının sayını özü istədiyi kimi artırır və “hamam suyu ilə özünə dost qazanırmış”. Məlumata görə, hətta bağban, fəhlə işləyənlər belə, dövlət qulluqçusu adıyla işə götürülürdülər. Azərbaycan hakimiyyəti isə bu il yerli idarəetmə orqanına “özün necə işə götürübsənsə, buyur, maaşları da özün ver” deyib və Naxçıvan hakimiyyətinin qurduğu bütün perspektiv hesablar alt-üst olub. İndi həmin “dövlət qulluqçularını” maaşla təmin edə bilməyən Muxtar Respublika hakimiyyəti onları işdən çıxarmaq məcburiyyətində qalıb, bu da sosial narazılığı artırır.

Naxçıvandan aldığımız məlumatda deyilir:

“Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə dövlət qulluqçularının əməkhaqlarına 1 fevral 2022-ci il tarixdən 110 faiz əlavələrin verilməsi tətbiq edilməyə başlandıqdan sonra Naxçıvanda Dövlət Statistika Komitəsindən 200 nəfərdən artıq dövlət qulluqçusu ixtisar olunub. Onların yalnız 25-30 nəfəri işlə təmin olunub. Qalanlarına isə kəndlərdə kitabxanaçılıq və ya mədəniyyət evində iş təklif edilir”.

Bildirilir ki, Azərbaycanda Dövlət Statistika Komitəsinin kəndlərdə nümayəndəliyi yoxdur. 2016-cı ilə qədər Naxçıvanda da belə idi. Elə ki, həmin il manat devalvasiyaya uğradı, Naxçıvan hakimiyyətinin iddiaları da böyüdü. Özünü İlham Əliyevdən daha savadlı siyasətçi sayan Vasif Talıbov əvvəl devalvasiya tədbirlərini yumşaltmaq qayğısına qaldı və manatın kursunu sabit saxladı. Məqsəd nəinki Naxçıvan əhalisinə, hətta Azərbaycan xalqına özünü şirin salmaq və paytaxtda hakimiyyətə gələrsə, əhalinin rifahını yüksəldilməsi qayğısına qalacağını göstərmək idi. Bu o zaman idi ki, Naxçıvanın Bakıdakı Daimi nümayəndəsi Bəxtiyar Əsgərov da boş dayanmır, hər gün xarici ölkə səfirləri ilə görüşüb, Azərbaycanla həmin dövlətlərin arasındakı münasibətləri müzakirə edirdi. Başqa sözlə, hər şey sanki paytaxtda hakimiyyət dəyişikliyi üçün nəzərdə tutulmuşdu.

Məhz belə ktiritik zamanda həyata keçirilən “insani” tədbirlərdən sonra Naxçıvanda Ali Məclis Sədrinin göstərişi ilə Muxtar Respublika əlahisinin sosial rifah halını yaxşılaşdırmaq üçün yeni iş yerləri yaradıldı və xeyli vətəndaş dövlət qulluqçusu kimi işlə təmin olundu. Azərbaycandan fərqli olaraq, Naxçıvan MR Dövlət Statistika Komitəsinin kəndlərdə bürolarının yaradılması da bu addımlardan biri idi.

Amma, atalar demişkən, sən saydığını say, gör fələk nə sayır. Elə ki, Prezident İlham Əliyev tərəfindən fevralın 1-də dövlət qulluqçularının əməkhaqlarına 110 faizlik əlavələr edildi və Bakı “xan” islahatı nəticəsində ortaya çıxan yeni qurumları maliyyələşdirməkdən imtina etdi, Muxtar Respublikada aləm bir-birinə dəydi.

“Naxçıvan hakimiyyəti Prezidentin bu fərmanını kəndlərdə çalışan statistika işçilərinə şamil etmədi. Bakıda belə bir ştat mövcud olmadığından Naxçıvandakı həmin dövlət qulluqçuları üçün Bakıdan pul ayrılmadı və "əgər bu vəzifəni Sədr yaradıbsar, zəhmət çəkib maaşa əlavəni də (110 %) özü yerli büdcədən versin" deyildi. Beləcə Naxçıvan rəhbərliyi həmin ştatları ləğv etməyi uyğun gördü və xeyli işsiz kütləsi yarandı”, - Naxçıvandan aldığımız məlumatda deyilir.

Məlumata görə, Bakıdan xəbərsiz yaradılan iş ştatlarının məcburi ləğvindən sonra yüzlərlə vətəndaş çarəsiz vəziyyətə düşüb. “Onlardan bəzilərinin bank krediti var, bəzilərinin ipotekası, bəzilərinin isə “Birkart” borcu. Bu insanlar öz borclarını qaytarmaq üçün iş yeri tapıb işləyə bilmirlər. Hər dəfə maaşlar bir balaca artan kimi, Muxtar Respublikanın bütün yerli və mərkəzi orqanlarda "necə ixtisar aparmaq, maaşlardan kəsib büdcədən qısmaq mümkündür" sualı ətrafında baş sındırılır. Onsuz da Azərbaycanın dövlət büdcəsi hesabına maaşla təmin olunan dövlət qulluqçularını həftə içi iş vaxtlarında belə, çöllərdə fəhlə, bağban kimi işlədirdilər. İndi bu qədər adamı pulsuz qoyub çörəksiz-maaşsız çölə atmaqla nə etmək istəyirlər?!”

Məlumatda qeyd olunur ki, Naxçıvan MR-də işdən çıxarılmış işçilər üçün Əmək Məcəllsində nəzərdə tutulan işsizlik müavinəti də Ali Məclisin göstərişi ilə dayandırılıb: “Özləri 4 min 5 min manat maaş alırlar, Azərbaycanın ayırdığı dotasiyaları necə gəldi xərcləyirlər, amma sosial təminat baxımından imkansız vətəndaşlara gəldikdə isə vəsait çatışmazlığı ortaya çıxır və bu qədər adamın günahına girirlər”.

Şərhlər

XƏBƏR LENTİ