SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Naxçıvanda koronavirus kompensasiyası özəl şirkətlərə verilir, həkimlərin isə maaşı kəsilir - NARAZILIQ...

Naxçıvanda koronavirus kompensasiyası özəl şirkətlərə verilir, həkimlərin isə maaşı kəsilir - NARAZILIQ...

Tarix:

24-07-2020, 13:03

/ 1 211 dəfə oxundu.
Naxçıvanda koronavirus kompensasiyası özəl şirkətlərə verilir, həkimlərin isə maaşı kəsilir - NARAZILIQ...

Naxçıvanda iş yerlərində indiyədək heç bir koronavirus məhdudiyyəti tətbiq olunmayıb. Bütün özəl və dövlət şirkətləri işləyib. Buna baxmayaraq, Azərbaycan hökumətinin koronavirus kompansasiyasi kimi ayırdığı ailə 190 manat özəl şirkətlərin bütün işçilərinə verilib.

Ovqat.com-un Naxçıvandakı etibarlı mənbələrdən aldığı məlumatda belə deyilir.

Məlumata görə, bu heç də o demək deyil ki, dövlət hesabına kompensasiya verilən işçilər koronavirusun keyfini çıxara biliblər. Əsla. Məsələ burasındadır ki, eyni ailədən neçə nəfərin olmasında fikir vermədən hər işçi üçün ödənən 190 manat kompensiya sonra onların maaşından çıxılıb. Yəni özəl şirkətlərin işçiləri əslində eyni maaşı alıblar. Sadəcə olaraq, onların maaşının bir qismi dövlət tərəfindən ödənilib.

Koronavirus təhlükəsi ilə üz-üzə qalan səhiyyə işçiləri isə bu fürsətdən yararlana bilməyiblər. Onlara nəinki kompensasiya pulu verilməyib, əksinə maaşlarının da 10%-i kəsilib. Bu isə tibb işçiləri arasında ciddi narazılığa səbəb olub. Onlar bütün dünyada faktiki ölüm təhlükəsi ilə üz-üzə qalan, koronavirusla mübarizənin “ön cəbhəsində” yer alan tibb işçilərinin maaşı 300-400% artırıldığı halda, öz məvaciblərinin niyə 10% kəsilməsini anlamaqda çətinlik çəkirlər. Hansı səbəbdən koronavirus kompensasiyası özəl şirkətlərə verilir, amma dövlət məmurları öz halal haqlarından da məhrum edilirlər?

Şikayətçilər iddia edirlər ki, tibb işçilərinin maaşları bu ilin fevral ayından o zamaki Maliyyə naziri Səbuhi Məmmədovun şifahi göstərişiylə kəsilib. Bundan bir ay sonra - mart ayının 23-də o, Naxçıvan MR Baş naziri təyin olunub. Tibb işçiləri hesab edirlər ki, Səbuhi Məmmədov onların maaşının Muxtar Respublika rəhbərliyinin gizli kassasına yönəltdiyi üçün Baş nazir təyin olunub. Yəni bir növ həkim və tibb bacılarının boğazından kəsilən “hörmət” hesabına Muxtar Respublikanın ali rəhbərliyini məmnun etdiyindən mükafatlandırılıb.

Halbuki, Səbuhi Məmmədovun Naxçıvanda “xanlıq” rejiminə son qoymaq üçün paytaxt tərəfindən indiki vəzifəsinə gətirildiyi güman olunurdu. Maraqlıdır ki, Səbuhi müəllimin özü də yeni vəzifəsini təhvil aldığı gün etdiyi çıxışında bu ümidləri cücərdən fikirlər səsləndirmişdi. “Nuhçıxan”ın məlumatına görə, yeni Baş nazir həmin çıxışında “durğunluq və ətalət vəziyyətində olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin muxtar respublikanın inkişaf dinamikasına uyğun olaraq çevik və effektiv idarə olunan yuxarı icra orqanı kimi fəaliyyətini gücləndirəcəyinə və verilən tapşırıqları uğurla yerinə yetirəcəyinə” söz vermişdi. Bəzi müşahidəçilər onun bu çıxışının rəsmi Bakıya ünvanlandığını və yaxın günlərdə Muxtar Respublikaya nəzarəti tam əlinə alacağına eyham vurduğunu düşünürdülər.

Üzərindən 4 ay keçməsinə rəğmən, bizim kimi sadəlövh naxçıvanlılar Səbuhi Məmmədovun əlinə qayçı alıb ənənəvi iməcliklərdə kimlərinsə arxasında növbəyə durub gözlədiyini görəndə təəccüblənmiş, bu gedişlə Naxçıvan MR Nazirlər Kabinetinin necə “durğunluq və ətalətdən azad olacağı” sualına cavab axtarmağa başlamışdıq. İndi Naxçıvandan aldığımız son məlumatlar isə onsuz da öləziməyə başlamış ümidləri tamamilə soldurur. Əmin olmaq istəyirik ki, Səbuhi Məmmədov Muxtar Respublikadan gələn bu şikayətləri obyektiv araşdıracaq və lazımi tədbirlər görəcək, beləliklə ona duyulan ümidləri yenidən dirçəldəcək.

Onu da qeyd edək ki, Naxçıvanda çoxsayda holdinqlər fəaliyyət göstərsə də, onların ildə dövlət büdcəsinə ödədikləri vergilərin həcmi 80 milyon dolları keçmir. Muxtar Respublikanı ayaqda tutmaq üçün Azərbaycan hökuməti ildə hardasa 400 milyon manat dotasiya ayırır. İddialar əgər doğrudursa, belə çıxır ki, həmin dotasiyalar özəl şirkətlərin əvəzinə işçilərə maaş olaraq verilir. Bəs Naxçıvan iqtisadiyyatının inhisarçıları olan həmin holdinqlərin qazancı hara gedir?

Zənnimizcə, bu sual Səbuhi Məmmədovdan çox, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovu düşündürməlidir. //ovqat.com//

Şərhlər

XƏBƏR LENTİ