SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Təhsili söküb tikməyənlər... və ya "vaksinbazlıq"

Təhsili söküb tikməyənlər... və ya "vaksinbazlıq"

Tarix:

15-09-2021, 20:27

/ 500 dəfə oxundu.
Təhsili söküb tikməyənlər... və ya "vaksinbazlıq"


Bilindiyi kimi, Azərbaycanda 22 və 29 sentyabrdan etibarən məktəb, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunacaq. Ali təhsil müəssisələrində tələbələrin dərslərdə iştirakı üçün koronavirus əleyhinə vaksin olunma şərti qoyulub. Könüllü vaksinin məcburi tətbiqetməsi anlamına gələn bu qərarın son nəticəsi isə tələbələrin universitet tərəfindən sıxışdırılmasına gətirib çıxarır.

Hələ Təhsil Nazirliyi tərəfindən müvafiq qərar verilməmişdən qabaq Azərbaycan Tibb Universiteti (ATU) vaksin olunmayan tələbələrə akademik məzuniyyət götürmələri ilə bağlı “xəbərdarlıq” etmiş, onların universitetə buraxılmayacağı bildirilmişdi. ATU-nun öncülük etdiyi siyahı isə bu günlərdə daha da genişlənib.

Nədənsə, son bir ildə dərslərin onlayn təşkil edilməsi ilə bağlı nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə edilməsinə rəğmən, müvafiq qurum (-lar) bunu görməzdən gəlir, tələbə və müəllimlərin əzmi sayəsində əldə edilmiş uğurun üstündən xətt çəkmək istəyirlər. Ənənəvi tədrisdə də fərqli naqisliklərin olduğu kimi, onlayn dərslərin təşkilində də müxtəlif qüsurlar yox deyildi, lakin buna baxmayaraq, dərslər keçirilir, tələbələrin iştirakı təmin edilirdi.

Ancaq son durum ondan ibarətdir ki, vaksin olunmayan tələbələr dərslərə buraxılmayacaq. Peyvənd olunmayan tələblərlə yanaşı, virusa yoluxmaqdan və ya bilməyərəkdən kimlərisə virusa yoluxdura biləcəklərini düşünən tələbələr də ənənəvi tədrisin bərpasına isti münasibət göstərmirlər. Belə olan halda, bu tələbələrin dərslərə onlayn şəkildə qoşulmasını təmin etmək lazımdır.

Təhsil naziri Emin Əmrullayev qeyd edir ki, tələbələrin təhsil alma hüququ tanınır. Lakin, cənab nazir, əgər təhsil alma hüququ tanınırsa, nədən onlara ənənəvi ilə yanaşı distant təhsil almaq üçün şərait yaradılmır? Yoxsa siz bu hüququ sözdə tanıyırsınız?!

Əgər məsələyə məntiqi yanaşsaq, universitetlər yuxarılardan əmr gəlməyi gözləmədən belə tələbələrə dərsə onlayn qoşulmaq üçün şərait yaratmalıdır. Ancaq ölkə reallığında pul mənimsəməkdə heç kimi vecinə almayanlar, nədənsə, məntiqi qərarların qəbul edilməsində əmr gözləyib buyruq qulu olmağı üstün tuturlar.

Məsələnin digər tərəfi də ondan ibarətdir ki, hərtərəfli düşünülməmiş sözügedən qərar tələbələrin paytaxta axışmasının önünü açacaq ki, bu da ictmai nəqliyyatın yükünü artıracaq, buna müqabil yoluxma sayı da yuxarılara doğru yol alacaq. Hələ mən auditoriyalarda birləşmiş dərslərin təşkilindən danışmıram.

İki abzas əvvələ qayıtsaq, qeyd etdiyim mülahizələri möhkəmlətmək üçün nazirin bildirdiyi, ancaq tətbiq edilməyən “təhsil alma hüququ” haqqında hüquqşünas İsmayıl Kəngərli ilə əlaqə saxladım. Hüquqşünas bildirdi ki, təhsil almaq istəyən, lakin vaksin vurdurmaq istəməyən şəxslər alternativ yollarla, məsələn, onlayn qaydada təhsil ala bilərlər, burada seçim azadlığı var.

Mən bir daha sizə müraciət etməli olacam, cənab Emin Əmrullayev (elə də deyirəm, elə bil nazirin işi-gücü qurtarıb, mənim yazımı oxuyacaq): Nə üçün tələbələrin bu seçim azadlığını əllərindən alırsınız?

Əslində, bir çox məslələr var ki, üzərində dayanmaq zəruridir. Amma və lakin “üstündə dayanmaq” vurdumduymazlığı aradan qaldırmağa kifayət deyil.

Distant və hibrid tədris Təhsil Nazirliyinin arzuladığı tədris forması deyil, ancaq epidemoloji vəziyyət məcburi qapanmalara yol aça bilər ki, bu da distant və hibrid tədrisin yenidən bərpasını gündəmə gətirə bilər. Bunu mən demirəm, təhsil naziri deyir. Bu belə alınmış qərarın davamlılığının şübhə altında olduğunu göstərir.

Ümid edirəm ki, ənənəvi tədrisin bərpası yoluxma sayını artırmayacaq. Ümid edirəm.

Fəqət reallıq ümiddən öndədir, onu ötür, keçir…

P.S. – Elə zənn edilməsin ki, pandemiyadan əvvəlki yaşam tərzinə qayıtmaq istəmirəm. Əsla. Dediyim odur ki, qət edilən yolun üstündən xətt çəkilməsin, beyinlər qarışmasın, qərarlar geri oxunmasın və sonda vətəndaşlar yenə günahkar çıxarılmasın. Axı bu cənnət vətəndə hər şeyə xain olan bizlərik…
Aqil BƏKİR
www.yenicag.az

Şərhlər

XƏBƏR LENTİ