SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dünya pandemiya ilə mübarizədə: ÜST Azərbaycanı təqdir edir - TƏHLİL

Dünya pandemiya ilə mübarizədə: ÜST Azərbaycanı təqdir edir - TƏHLİL

Tarix:

2-04-2020, 11:36

/ 909 dəfə oxundu.
Dünya pandemiya ilə mübarizədə: ÜST Azərbaycanı təqdir edir - TƏHLİL

Bütün dünya ölkələri kimi Azərbaycanda da koronavirus pandemiyası ilə mübarizə davam edir.

Prosesin nəzarətdən çıxmaması üçün dövlət tərəfindən gərəkən bütün addımlar atılır. Prezident İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyevanın prosesi şəxsən nəzarətdə saxlaması, çevik qərarların qəbulu ölkədə pandemiyanın ağır fəsadlarının kütləviləşməsini önləyir. Ekspertlərin fikrincə də, dünyanı bürümüş pandemiya ilə mübarizə üçün Azərbaycanda vaxtında qərar verilib. Zamanında verilən qərarlar və effektiv mübarizə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb, dövlət qurumları arasında əlaqələndirmə təmin edilib, infeksiyadan qorunmaq üçün əhaliyə sosial izolyasiya tədbirlərinin önəmi geniş izah olunub, quru sərhədləri bağlanıb, aviareyslərin sayı kəskin azaldılıb, məktəblər, uşaq bağçaları, ali məktəblərin fəaliyyəti dayandırılıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib, karantin rejimi tətbiq olunub.

Xaricdən qayıdan çoxlu sayda insan karantinə alınıb. 10-dan çox xəstəxana koronavirus xəstələrinin müalicəsi və ya karantin xidməti üçün ayırılıb. COVID-19 pandemiyasının sosial-iqtisadi fəsadlarının azaldılması məqsədilə Prezidentin Sərəncamı ilə 1 milyard manat məbləğində maliyyə vəsaiti ayrılıb. Bununla da, dövlət onun sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha isbat edib. Yaxın zamanda pandemiyadan ən çox əziyyət çəkən sahibkarlıq subyektlərində işləyən insanlara yardım göstəriləcək. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilib və 20 milyon manat vəsait ayrılıb. Daha sonra Prezident və Birinci vitse-prezident illik maaşlarını Fonda ianə etmək təşəbbüsü ilə çıxış ediblər və bu təşəbbüsə qoşulan ayrı-ayrı təşkilatlar, iş adamlarının göstərdikləri dəstək hesabına Fondun vəsaiti 100 milyon manatı keçib.

“Bütün işlər Prezidentin 24 saatlıq tam nəzarəti altında aparılır”

Birinci vitse-prezident Mehriban Əliyeva da xaqla son müraciətində ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizədə dövlətin və dövlət başçısının səylərini vurğulayıb:

“Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir. Dövlətimizin bütün mümkün maddi imkanları epidemiya və onun fəsadlarının aradan qaldırılmasına yönləndirilib. Ölkəmizin ən yaxşı elm adamları, tibb işçilərimiz, bütün dövlət mexanizmi insanların xilası naminə çalışır. Epidemiyaya qalib gəlmək üçün misilsiz, genişmiqyaslı tədbirlər görülür. Tələb olunan tibbi ləvazimatların kütləvi istehsalı üçün iri müəssisələr sürətləndirilmiş formada istehsal sahələrini dəyişirlər. Xəstəxana və hospitallarımız hər gün öz imkanlarını genişləndirir, müalicəyə ehtiyacı olanları qəbul etmək imkanına malik yeni xəstəxana palatalarının yaradılması üçün bütün resurslar səfərbər olunur. Şəhərlərlərdə və yaşayış məntəqələrində həyat təminatı obyektləri fasiləsiz fəaliyyət göstərir. İctimai asayişi təmin edən və hər an yardıma hazır olan hüquq-mühafizə orqanları və xilasedici xidmətlər öz vəzifələrini layiqincə icra edirlər. Ölkə hüdudlarının keşiyində dayanan hərbi qulluqçular yüksək döyüş əzmini qoruyub saxlayırlar. Tibb işçilərimizə - həkimlərə, tibb bacılarına, sanitariya xidməti işçilərinə gəlincə - onlar mübaliğəsiz demək olar ki, hər gün peşəkar işçi və əsl vətəndaş kimi igidlik nümunəsi göstərirlər. Respublikada görülən bütün işlər Azərbaycan Prezidentinin xüsusi diqqətindədir, onun qətiyyətli rəhbərliyi və 24 saatlıq tam nəzarəti altında aparılır!” Təqdirəlayiq Azərbaycan modeli Azərbaycan COVID-19-a qarşı mübarizədə beynəlxalq arenada da öz sözünü deyir.

Virusun yayıldığı ilk günlərdə belə Azərbaycan dövləti qonşu ölkələrə müxtəlif yadımlar göstərib, bütün dünyada virusla mübarizə üçün maliyyə dəstəyi verib və ÜST-ə könüllü maliyyə yardımı ayırıb. Azərbaycan bu məsələdə ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq edir. Azərbaycanda səfərdə olan ÜST Missiyasının hazırladığı hesabatda öz əksini tapmış tövsiyələr aidiyyatı dövlət qurumları tərəfindən nəzərə alınır. Dünyanın böyük dövlətləri koronavirus qarşısında aciz qalıb. “Böyük 20”likdə xüsusi yeri olan İtaliyada artıq koronavirusdan ölənləri yerləşdirməyə yer belə yoxdur. İspaniyada da durum buna oxşardır. Dünyanın super gücü Amerika Birləşmiş Ştatları da Çindən, Rusiyadan yardım gözləyir. Yeri gəlmişkən, baş verənlər bir sıra dövlətlərdə səhiyyə infrastrukturunun bərbad durumda olduğunu göstərdi. Lakin cəmi 30 ildir müstəqil olan Azərbaycan koronavirus epidemiyası qarşısında aciz qalmadı. Ölkədə kifayət qədər səhiyyə müəssisələri, klinikalar, apteklər şəbəkəsi var. Bir sıra möhtəkir işbazların yaratdığı spirt və qoruyucu maska qıtlığını nəzərə almasaq, bu sahədə vəziyyət qənaətbəxş sayıla bilər. Artıq bazarda tibbi spirt çatışmazlığı aradan qaldırılır. Nazirlər Kabineti yanında Operativ Qərargah yaxın vaxtlarda ölkədə bir neçə qoruyucu maska istehsal edən müəssisələrin işə başlayacağını bildirib. Hələ qarşıdakı 20-30 gün karantin rejimi davam edəcək. Hakimiyyət orqanları karantin rejiminin qaydalarına əməl olunması üçün var qüvvəsi ilə çalışır. Artıq daxili qoşunların hərbçiləri də karantin rejimi qaydalarına əməl olunmasında polisə yardım edir. Nəzərə alaq ki, onlar daim küçədədir və risk qrupuna daxildirlər. Qarşıda çətin və məsuliyyətli günlər var. Bütün vətəndaşlardan diqqətli davranmaq, qaydalara uymaq tələb olunur. Dövlət üzərinə düşən işi görür, qalır vətəndaşın məsuliyyəti. Bu məsələdə KİV-lərin, sosial şəbəkə fəallarının üzərinə böyük məsuliyyət düşür. Bu arada məsuliyyətsiz çıxış və çağırışlara yol vermək olmaz.

Azərbaycanın müstəqilliyini, demokratik dünyaya inteqrasiyasını istəməyən qüvvələr də rahat durmur, müxtəlif şayiələr yayır, əhalidə qorxu hissi formalaşdırmağa çalışırlar. İndi qloballaşmanın elə bir mərhələsidir ki, heç bir informasiyanı gizlətmək olmaz. Hansı dövlətin koronavirus qarşısında aciz qaldığı, hansı dövlətlərin pandemiyaya qalib gəldiyi göz önündədir. İtaliya boyda dövlət, Avropa Birliyi üzvü pandemiya qarşısında aciz qalıb. İtaliyanın iri şəhərlərində dezinfeksiya işlərini rus hərbçiləri görür. Milan, Roma küçələrində “Böyük xilaskar Rusiya”, “Yaşasın böyük Rusiya” şüarları asılıb. Rusiya, Çin kimi dövlətlər Avropa ölkələrini səssiz işğal etməkdədir. Belə bir zamanda Azərbaycan ayaqdadır, dünyanı qorxuya salmış virusa qarşı öz imkanları və ehtiyatları ilə mübarizə aparır. Karantin rejimində insanların sosial-iqtisadi durumunun, dolanışığının çətin olmaması üçün gərəkən müəyyən addımlar atılır. Aydındır ki, karantin müddəti ərzində sahibkarlıq subyektləri, istehsal sahələri işləməyəcək. Dövlət sahibkarların da marağını nəzərə alıb. Hökumətdən yayılan məlumata görə, onlara kömək göstəriləcək.

Dövlət vətəndaşının yanındadır

“40 mindən çox sahibkarlıq subyekti, indi demək olar ki, fəaliyyət göstərmir, yaxud da məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara kömək göstərməlidir. Ona görə göstəriş verilmişdir ki, həm bu sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı, eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Onların da sayı təqribən 300 minə yaxındır”. Bu sözləri Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezidentin qərarı ilə dörd işçi qrupu yaradılıb. Bu işçi qrupların əsas missiyası məşğulluq məsələlərini təhlil edib təklif vermək, iqtisadi sabitliyi, iqtisadi inkişafı təmin etmək, makroiqtisadi sabitliyi qorumaq və ölkənin maliyyə vəziyyətini təhlil edib ilin sonuna qədər bu sahədə də lazımi əlavə tədbirlərin görülməsindən ibarətdir. Dövlət ilk növbədə, koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini diqqət mərkəzinə alıb. İqtisadiyyat Nazirliyinin verdiyi arayışda göstərilir ki, bu vəziyyətdən daha çox əziyyət çəkən sahələrdə 300 mindən çox insan çalışır.

“Əlbəttə ki, onların maddi vəziyyəti bizi narahat edir. Biz onlara dəstək göstərməliyik. Xüsusilə nəzərə alsaq ki, mən bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış etdim ki, onlar işçiləri ixtisar etməsinlər”,-dövlət başçısı İqtisadiyyat naziri ilə görüşdə bildirib.

Növbəti proqram pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfelləri üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu, daha da böyük həcmdə olan proqramdır və 1 milyard manat vəsait ayrılacaq. Burada həm də Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən istifadə ediləcək. Hədəf biznes subyektlərinə dəstək vermək, eyni zamanda maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir. Həmçinin əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi dəstək proqramının hazırda müzakirəsi aparılır. Bununla yanaşı, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstək proqramı növbəti istiqamət kimi müəyyənləşib.

Burada da tikinti sahəsinin fəallığının genişləndirilməsi və əhali üçün hər zaman vacib olan mənzil probleminin həll edilməsinə böyük töhfə verməyinə güman edirik. Növbəti proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektik enerjisinə dəstək proqramıdır. İnsanlar daha çox evdə vaxt keçirdiyi üçün elektrik enerjisi sərfiyyatı artır. Burada limitlərin genişləndirilməsi təklif edilir. Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə, müəssisələrə də dəstək proqramı hazırlanıb. Təbii ki, digər əhali kateqoriyalarının da diqqətdən kənarda qalacağı gözlənilmir. Qeydiyyatsız işləyənlər hazıda bu məsələdə risk qrupunda hesab edilsələr də, aparılan sosial siyasət göstərir ki, bu problem də nəzərə alınacaq. Dövlət bu arada paytaxtın yükünün azaldılması istiqamətində də mühüm addımlar atır. Azərbaycan bir addım öndədir Prezident İlham Əliyev ““Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən, sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlər ayrılacaq.

Yeri gəlmişkən, Azərbaycan dövləti tərəfindən koronavirus epidemiyasına qarşı görülən tədbirlər beynəlxalq təşkilatları da razı salıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Prezident İlham Əliyevə ünvanladığlı məktubda COVID-19 pandemiyasının təsiri və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edib.

Tedros Qebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək, bir sıra fundamental addımların atılmasını xahiş edib. Bu addımlar sırasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, ictimai toplantıların dayandırılması, test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması, səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi, əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması, əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi, bütün şübhəlilərin təcrid olunması, pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi, dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və digərləri yer alır. Əslində ÜST-ün təklifləri bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərlə eynilik təşkil edir. Məktubda tövsiyə edilən təkliflərin Azərbaycanda artıq tətbiq olunması bir daha koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin istiqamətləri və strategiyasının hədəflərinin düzgünlüyünü təsdiqləyir.

Cebhe.info Analitik Qrupu

Şərhlər

XƏBƏR LENTİ