XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Cavanşir Feyziyevlə Elmira Axundovanı cəza gözləyir? – Prezidentin çıxışı…

Cavanşir Feyziyevlə Elmira Axundovanı cəza gözləyir? – Prezidentin çıxışı…

Cavanşir Feyziyevlə Elmira Axundovanı cəza gözləyir? – Prezidentin çıxışı…
5-03-2020, 10:39

Koronavirus təşvişindən istifadə edib, tibbi maskaların və bəzi dezinfeksiyaedici məhsulların, qoruyucu vasitələrin qiymətini qaldıran iş adamları barədə ciddi tədbirlər görüləcək.

BakuPost-a daxil olan məlumata görə, ölkə başçısı İlham Əliyevin dünən bu məsələ ilə bağlı çıxışından sonra aidiyyəti qurumlar araşdırmalara başlayıb. Məlum olduğu kimi Prezident dünən Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə bu məsələyə xüsusi diqqət ayırıb.
Sitat: “Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər.
Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.
Məsələ burasındadır ki, ölkədə dərman sektoruna, daha doğrusu apteklər şəbəkəsinə rəhbərlik edən şəxslər heç də adi iş adamları deyil, onlar arasında iri məmurlardan tutmuş millət vəkillərinə kimi bir neçə şəxsin adı hallanır . Ən çox adı hallananlar isə bunlardır: Cavanşir Feyziyev və Elmira Axundova.
Sabiq deputat Elmira Axundovanın “Elit” apteklər şəbəkəsinə rəhbərlik etdiyi bildirilir. Bu şəbəkəyə aid apteklər Bakıda ən çox dərman satan apteklərdir. Şəbəkəyə Eldar İbrahimov adlı şəxs rəhbərlik edir.
Bu ilki növbədənkənar parlament seçkilərində qalmaqallı dairələrdən birindən seçilən Kamələddin Qafarovun da ölkənin dərman biznesində əhəmiyyətli paya sahib olduğu bildirilir.
Maska qıtlığı məsələsində ən çox adı hallanan isə millət vəkili Cavanşir Feyziyevdir. Məlum olduğu kimi, onun rəhbərlik etdiyi “Avromed” şirkəti ölkədə dərman, tibbi ləvazimat və peraparatlar bazarının böyük hissəsinə nəzarət edir.
Ölkədəki apteklərin əksəriyyəti ya birbaşa “Avromed” şirkətinin nəzrətindədir, ya da dərman, tibbi ləvazimat və peraparatları bu şirkətdən alır. Buna görə də, ölkədə maska və spirtlə bağlı yaranmış problemin həmdə “Avromed” şirkəti ilə bağlı olduğu şübhə doğurmur.
Elə şirkətin mətbuatın bu məsələilə bağlı suallarını cavablandırmaqdan yayınması da bu ehtimalı artırır. Belə ki, bir sıra mətbuat orqanlarının əməkdaşları Bakıda maska qıtlığı ilə bağlı “Avromed” rəsmilərilə əlaqə saxlamağa çalşısalar da, buna nail ola bilməyiblər.
Sosial şəbəkələrdə, internet televiziyalarında “Avromed” şirkətinin sahibi kimi tanınan Cavanşir Feyziyevə qarşı ağır ittihamlar səsləndirilib.
Məsələn, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Cavanşir Feyziyevin dövlətin sityasətini sobataj etdiyini vurğulayaraq, ona deputat mandatının verilməməli olduğunu bildirib. Eyni zaman prokurorluğu ölkədə maska qıtlığı yaradanlar, o cümlədən Cavanşir Feyziyevlə bağlı araşdırma aparmağa çağırıb.
Əvəz Zeynalı dərman və tibbi vasitələri bazarını inhisarda saxlayan şirkətlərin sadə maskaları dəyərindən 10 dəfələrlə artıq qiymətə satmaqla son bir həftə ərzində 20 milyon əlavə qazanc əldə etdiyini vurgulayıb.
Ölkədə maska və spirt qıtlığının yaradılmasında da məqsədin məhz bu cür qeyri-qanuni yüksək qazanc əldə etmək olduğu bildirilir.
Eyni zamanda dərman şirkətlərinin, o cümlədən “Avromed”in qarşıdakı aylarda regionda, eləcədə ölkədə vəziyyətin daha da kəskinləşə biləcəyini nəzərə alaraq, sonralar daha baha qiymətə satmaq üçün maska və spirtin böyük hissəsini gizli anbarlarında saxladığına dair iddialar var.
Bəzi iddialarda isə, dərman şirkətlərinin ölkədəki bəzi tibbi ləvazimat və preparatları, o cümlədən maskaları koronovirusun geniş yayılması səbəbindən ciddi ehtiyac duyulan və bu üzdən də qiyməti qalxan ölkələrə – Cinə, İrana satdıqları bildirilir.
Nazirlər Kabineti ötən həftə bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən müxtəlif yollarla aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair qərar verməsinin də bununla bağlı olduğu bildirilir…
Ortada bu cür ciddi ittihamların olmasına baxmayaraq nə “Avromed” şirkəti, nə Cavanşir Feyziyev məsələyə aydınlıq gətirmək üçün hər hansı açıqlama ilə çıxış etmirlər. Bu da iddialara veriləcək cavablarının olmadığı qənaətini yaradır.
Qeyd edək ki, dərman şirkətlərinin, o cümlədən “Avromed”in ölkədə vəziyyətin ağırlaşmasından istifadə edərək, yüksək qazanc götürmək üçün satdıqları dərman, tibbi ləvazimat və preparatların qiymətlərini kəskin qaldırmaları faktına bundan əvvəllər də rast gəlinib.
Məsələn, 2015-ci ildə manatın kəskin devalvasiyasından sonra dərman şirkətləri, o cümlədən “Avromed” qiymətləri kəskin artırmışdılar. Prezidentin tapşırığından sonra Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi apteklərdə monitorinqlər apararaq, qiymətlərin ən azı 30 faiz, bəzən isə dəfələrlə artdırıldığını təsbit etmişdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.