SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əhməd Vəliyevin qardaşıoğlunu öz qohumlarından oğurluğa nə vadar edib? - İDDİA

Əhməd Vəliyevin qardaşıoğlunu öz qohumlarından oğurluğa nə vadar edib? - İDDİA

Tarix:

16-01-2017, 22:46

/ 3 940 dəfə oxundu.
Əhməd Vəliyevin qardaşıoğlunu öz qohumlarından oğurluğa nə vadar edib? - İDDİA

Onsuz da vaxtaşırı mətbuatın tənqid hədəfində olan millət vəkili, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev 2016-cı ilin sonlarında yenidən gündəmə gəldi.
Bu dəfə onun 70 illik yubileyini təntənəli şəkildə, bahalı restoranda qeyd etməsi bəzi saytlar tərəfindən də tənqid olundu.
“Keçmiş deputat , “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev prezidentin Sərəncamı ilə təhsil nazirinin təqdim etdiyi “Şöhrət” ordeni ilə qane olmayaraq, Bakıda bahalı restoranda özünə təmtərəraqlı yübiley məclisi keçirib. Nazirlərdən, komitə rəhbərlərindən, deputatlardan, rektorlardan yenidən hədiyyə qəbul edib. Bahalı restoranda baş tutan məclisdə iştirak edən qonaqlar arasında Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Ali Neft Məktəbnin rektoru Elmar Qasımov, Əhməd Vəliyevin oğlu, təhsil nazirinin müşaviri Samir Vəliyev,Texniki Universitetinin prorektoru İlham Pirməmmədov və başqa rəsmi şəxslər iştirak etmişlər (olkexeber.az).
Bundan başqa, “Odlar Yurdu” Universitetində prorektor Munir Əhməd oğlu Vəliyevin otağıdakı seyfdən külli miqdarda pulun oğurlanması da son aylarda mətbuatın gündəmindədir.
Bu məsələyə diqqət çəkdikdə, maraqlı məqamlar ortaya çıxır: “Universitetin prorektoru çalışan Munir Vəliyev oğurluğa görə daha çox öz əmisioğlu - təqsirləndirilən şəxslər sırasında olan Vüqar Vəliyevi günahlandırıb. Sonuncu şəxs "Odlar Yurdu"nun hərbi və mülki müdafiə şöbəsinin müdiri işləyib.
Bu oğurluğa görə suçlu bilinib hakim önünə çıxarılan təkcə Vüqar Vəliyev deyil. Sabiq deputatın qardaşıoğlu ilə yanaşı, daha altı nəfər də mühakimə olunur - Sübhan Əkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Fərhadov, Fərahim Baxşıyev və Mirsənan Seyidov.
Fərahim Baxşıyev və Mirsənan Seyidovu çıxmaqla, digərləri oğurluqda, bu iki nəfərsə cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pullardan pay götürməkdə suçlanır.
Munir Vəliyev deyir ki, təqsirləndirilən şəxslərdən şikayətçi deyil, amma oğurlanmış pulun geri qaytarılmasını tələb edir.
Məsuliyyətə cəlb olunanlardan yalnız Vüqarı tanıdığını deyən prorektorun sözlərinə görə, hadisə günü axşam ona gözətçi zəng vurub, kabinetin qapı-pəncərəsinin açıq olduğunu bildirib: "Gecəylə universitetə gəldim. Mən gələnədək gözətçi olanları polisə xəbər vermişdi. 18-ci bölmənin işçiləri artıq orada idilər. Seyfin içində 219 min dollar və 94 min manat pul olub. Pulu otağa bir gün əvvəl müavinim Ceyhun Əliyevlə gətirmişdik. Pulun gətirildiyini Vüqar Vəliyevlə Elməddin adlı keçmiş tələbəmiz görmüşdü. Ona görə də birinci gündən Vüqardan şübhələnmişdim".
Vüqar Vəliyev əmisi oğlunun onun ünvanına söylədiklərini inkar edib. Deyib ki, nə bu məsələdən xəbəri olub, nə də cinayətdə iştirak edib.
Universitetin kadrlar şöbəsinin müdiri Rafiq Qasımov da məhkəmədə ifadə verib. Əhməd Vəliyevin Vüqara toy eləməsindən, ev almasına yardımından da söz açan Rafiq Qasımov deyir ki, əvvəllər özü də istintaq orqanlarında çalışıb: "Otaqdan seyfin oğurlanması oranı yaxşı tanıyan adamın işi ola bilərdi. Çünki o otağın üstündə heç Munir Vəliyevin adı yazılmamışdı. Bəs niyə kassadakı, mühasibatlıqdakı pulları aparmayıblar?".
Təqsirləndirilən şəxslərdən Sübhan Əkbərov Vüqar Vəliyevin qaynıdır. Sübhan Əkbərov məhkəmədə ifadə verərkən oğurluq təklifinin bacısının ərindən gəldiyini, seyfin yerini ona Vüqarın dediyini bildirib: "Mənə demişdi ki, semestr imtahanları dövründə seyfdə yaxşı pul olur. Yoxsa mən haradan bilirdim? Mənim nəinki ali təhsilim, ümumiyyətlə, təhsilim yoxdu, heç bilmirəm semestr imtahanları nə vaxt olur" (azadliq.org).
Maraqlıdır ki, prorektor 300 min ABŞ dollarını öz seyfində saxlayır, amma bu pulun “Odlar Yurdu”na aid olmadığını deyir. Həmçinin, bu işdə öz qohumu iştirak edib...
Təqsirləndirilən şəxslərdən birinin ifadəsi də diqqəti çəkir: “Semestr vaxtı seyfdə yaxşı pul olur”.
Görəsən, “Odlar Yurdu” Universitetinin prorektoru 300 min ABŞ dollarını saathesabı dərslərlə qazanıb?
Və ya, vaxtaşırı mətbuatda “Odlar Yurdu”nda pul yığımı ilə bağlı dərc olunan məlumatlar özünü bir daha təsdiqləmirmi?
Daha bir sual da bizi maraqlandırdı: qohumlar yeni il ərəfəsində anlaşa bildilərmi? Yox, anlaşmadılarsa, Munir Vəliyevin “şikayətçi olmadığı” qohumu məhkəməyə və mətbuata daha maraqlı şeylər açıqlaya bilərmi?
Eyni zamanda, əmiuşaqlarının arasının bu dərəcədə pozulmasına səbəb olacaq nələr baş verib?
Təəssüf ki, təqsirləndirilən şəxslərin vəkil və ya nümayəndələrini axtarıb tapa bilmədik.
Lakin dekabr ayının son həftəsi hər gün bir neçə dəfə “Odlar Yurdu” Universitetinə zəng edərək, Munir Vəliyevi otağında tapmağa çalışdıq.
Düşündük ki, “yəqin, daha seyfdə pul olmadığından, Munir Vəliyev iş otağında oturmağı lazım bilmir”, ona görə də, universitetin digər məsul şəxsləriylə danışmağa çalışdıq. Təəssüf ki, “bu suallarınıza ancaq Munir müəllim cavab verə bilər” deyə universitet əməkdaşları bizimlə danışmaq istəmədi.
Nəhayət ki, bu günlərdə Munir Vəliyevin iş telefonunda zəngimizə cavab verən oldu – amma M.Vəliyevin özü yox, xanım köməkçisi.
“Munir müəllim burdadır, amma qəbula gəlib sualınızı verə bilərsiniz”, - deyə M.Vəliyevin köməkçisi bildirdi.
“Xanım, mətbuat telefonla da işləyə, sual verib açıqlama ala bilər. Biz Munir Vəliyevdən məhkəmə işi, pul oğurlanmasıyla bağlı bəzi şeyləri soruşmaq istərdik”, - deyə LEGİON əməkdaşı qeyd etdi.
“Munir müəllim telefonda mətbuata müsahibə vermir. Xüsusilə də, bu mövzuda”, - deyə adını öyrənə bilmədiyimiz universitet əməkdaşı dəstəyi asdı.
Maraqlıdır, görəsən, halal pullarını qaytarmağa çalışan prorektor niyə mətbuatdan qaçır?
Pul elə bir şeydir, nəinki əmiuşaqlarının, qardaşların da arasını poza bilər. Ümid edirik ki, Münir Vəliyev bundan sonra oxşar problemlərlə daha rastlaşmayacaq.
Qardaş demişkən, Münir Vəliyevin qardaşı Samir Vəliyev təhsil nazirinin müşaviridir və biz onunla da danışıb fikrini öyrənmək istədik. Lakin Təhsil Nazirliyinə etdiyimiz zənglər nəticə vermədi.
Araşdırma davam edir.

Şərhlər

XƏBƏR LENTİ