SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Bakıdan Qarabağ həmləsi – adekvat, həm də tutarlı...

Bakıdan Qarabağ həmləsi – adekvat, həm də tutarlı...

Tarix:

25-01-2017, 09:54

/ 1 777 dəfə oxundu.
Bakıdan Qarabağ həmləsi – adekvat, həm də tutarlı...

Rəsmi Bakı torpaqlarımızın heç bir halda, heç bir şərt daxilində güzəştə gedilməyəcəyi haqda düşmənə və onun dəstəkçilərinə ismarış göndərdi; politoloq: “Əraziləri azad eləmək üçün Azərbaycan məqbul zaman gözləməlidir...”

Qarabağ məsələsi ətrafında söz savaşı kəskinləşib. Ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrovun bu mövzuda anti-Azərbaycan açıqlamasının ardınca həmin açıqlamadan ruhlanan Ermənistan prezidenti Serj Sərkisyan dərhal təxribatçı mövqeyini ortaya qoydu, nümayişkaranə şəkildə aprel döyüşlərində iştirak etmiş hərbçilərlə görüşərək, Qarabağla bağlı maksimalist yanaşmasını bir daha bəyan etdi, faktiki şəkildə sülh prosesini sabotaj elədi, Azərbaycana hərbdən başqa yol saxlamadı.

Təbii ki, rəsmi Bakının həm erməni əsilli Sergey Lavrovun, həm də Serj Sərkisyanın ölkəmiz əleyhinə bu kimi de-marşlarına cavabı gözlənilirdi və cavab gecikmədi də. Eyni zamanda cavab adekvat və tutarlı oldu. Belə ki, öncə Azərbaycanın ATƏT-dəki nümayəndəliyi bəyanat yayaraq, işğal altındakı ərazilər sülh yolu ilə qaytarılmayacağı təqdirdə Bakının savaş hüququna malik olduğunu bildirdi. Lavrova və Sərkisyana birmənalı xatırladıldı ki, Bakı ərazilərimizin hərraca çıxarılması ilə heç vaxt barışmayacaq.

Demək olar, eyni vaxtda Azərbaycan prezidenti İlham Əliyev Pirəkəşküldə yeni hərbi şəhərciyin açılışı zamanı etdiyi çıxışda işğalçı və havadarını bir az da məyus etdi, Dağlıq Qarabağ məsələsində Azərbaycanın qətiyyətli mövqeyin növbəti dəfə dünyaya bəyan elədi. “Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəyini, bunu gözləyənlərin əbəs yerə gözlədiklərini” söylədi. Ölkə rəhbəri Azərbaycan Silahlı Qüvvələrinin hər an torpaqlarımızı azad etməyə hazır olduğunu da açıq bəyan elədi.

Prezident həmçinin ad çəkməsə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələrini Ermənistanın xeyrinə təhrif etməyə çalışan Lavrova sanballı cavab verdi, onun yaddaşını təzələdi. Həmin qətnamələrdə Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi şərtinin əks oldunduğunu xatırlatdı (Lavrovun iddiasına görə isə ərazilər Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə paralel getməlidir).

Dövlət başçısının bu açıqlaması məhz müasir standartlara uyğun hərbi şəhərcikdə eləməsi də təsadüfi deyildi və işğalçı və havadarına xüsusi mesaj məqsədi güdürdü. Bunu Bakının Qarabağla bağlı uğurlu kontur-həmləsi də adlandırmaq mümkündür.

*****

Qarabağa məsələsinə yanaşmalardakı bu fərq sözsüz ki, problemin tezliklə və ədalətli həll olunacağına ümidləri daha da zəiflədir. Əgər vasitəçi dövlətlərdən biri - Rusiya faktiki surətdə işğalçı ilə eyni mövqe tutursa, belə vəziyyətdə nikbin olmaq qəlizləşir. Situasiyanın əcaibliyi də ondadır ki, Rusiya bütün bunların fonunda ədalətli və qərəzsiz vasitəçi kimi görünmək, qalmaq niyyətindədir. Absurddur, deyilmi?

Bəs Rusiyanın istəyi, əsas hədəfi nədir? Qarabağ konflikti ətrafında son durumu dəyərləndirən politoloq Qabil Hüseynli hesab edir ki, ruslar son zamanlar erməniləri ciddi surətdə ruhlandırmaqdadırlar (ölkə.az): “Ruslar onlara silah təchizatı və diplomatik dəstək verməklə erməniləri özgə səsi ilə banlamağa vadar edirlər. Vəziyyət həqiqətən də xoşagələn deyil. Ermənilər Dağlıq Qarabağ üçün ən azı müvəqqəti status almadan danışıqlar prosesinə getmək fikrində deyillər. Birdən-birə erməniləri o dərəcə qudurtdular ki, onlar artıq meydan oxuyucu tərzdədə danışıqlar raundunun şərtlərini diktə etməyə başlayıblar. ATƏT və onun Minsk Qrupu isə demək olar ki, iflic vəziyyətindədir. Bu qurumlar ya hər hansı fikirlə çıxış edə bilmir, ya da bunu istəmir”.

Ekspertin fikrincə, belə olan tərzdə Rusiya hətta müharibəni başlamaq, Azərbaycanın öz torpaqlarını azad etmək niyyətini də inhisara almağa çalışır: “Lavrovun çıxışından belə görünür ki, Azərbaycan öz torpaqları uğrunda anti-terror əməliyyatlarına başlasa, Rusiya buna icazə verməyəcək. İcazə verməyəcək məsələsini müharibə başlayanda Rusiyanın ermənilər tərəfindən çıxış edəcəyi kimi başa düşmək lazımdır. Onsuz da illərdir ki, Azərbaycan faktiki olaraq təkcə Ermənistana qarşı deyil, həm də Rusiyanın məkrli planlarına qarşı tab gətirib durur. Beləliklə, Dağlıq Qarabağ məsələsində çıxılmaz vəziyyət yaranıb”.

Q. Hüseynliyə görə, indiki şəraitdə Rusiya qüvvələr balansını təmin etmək və ermənilərin xeyrinə dəyişmək istəyir: “Bunun üçün Ermənistanın Rusiyaya verəcək nə pulu, nə də digər vəsaiti var. Rusiya, sadəcə olaraq, Ermənistanın nüfuz dairəsini qorumaq üçün onları silahlandırır. Azərbaycan isə ordusunu səfərbər edib döyüş hazırlığını yüksəltməklə məşğuldur. Hər halda, Azərbaycan dünyada qüvvələr nisbətinin dəyişilməsini gözləməyə məcburdur. Çünki Rusiyanın Cənubi Qafqazda hegemonluğu əbədi davam edə bilməz. ABŞ-Rusiya, Avropa İttifaqı-Rusiya, Çin-Rusiya arasında olan ziddiyyətlər, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar uzaq olmayan bir dövrdə öz nəticəsini verməli və Rusiyanın sağa-sola güc tətbiq etmək imkanlarını məhdudlaşdırmalıdır. Azərbaycan o zamanı gözləməli və öz ərazi bütövlüyünü təmin etməlidir”.

*****

Bu arada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edib. Diplomatik qaynaqlara istinadən verilən xəbərə görə, Məmmədyarov səfər zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Görüş zamanı Lavrovun Qarabağ mövzusunda məlum açıqlamasının diqqət mərkəzində olacağı da istisna edilmir. Gözləyək görək, Rusiyanın baş diplomatı Azərbaycanda ciddi rezonans doğuran sözlərinə hansı korrektəni edəcək, ümumiyyətlə, edəcəkmi?

İstənilən halda, bununla Moskvanın Dağlıq Qarabağ məsələsində yanaşması bir daha ortaya qoyulmuş olacaq. Bu mövqenin konturları əslində aydındır. Xüsusən də söhbət “Kazan formulu” və ya “Lavrov sənədi” deyilən həll variantından gedir. Hərçənd Rusiya XİN başçısının məlum açıqlaması bu planın, faktiki, arxivə verildiyi təəssüratını yaradır.

Belə görünür, bu il Dağlıq Qarabağ məsələsi ətrafında siyasi-diplomatik dinamika xeyli dərəcədə Rusiya-ABŞ və Rusiya-Türkiyə münasibətləri kontekstində, bu münasibətlərdən asılı şəkildə inkişaf edəcək. Təsadüfi deyil ki, Kremlin “danışan dillərindən” olan Vladimir Jirinovski də deyib ki, əgər Türkiyə-Rusiya münasibətləri daha yüksək həddə qalxsa, Qarabağ problemi həll oluna bilər və müharibəyə ehtiyac qalmaz. “Azərbaycan və Ermənistan bundan ancaq xeyir götürər. Türkiyə bizimlə müttəfiq olarsa, Krım tatarları daha sakit məcrada öz həyatlarını davam etdirər” - Jirinovski qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ