XalqXəbər.Az

XalqXeber.Az » Aktual » Hərbiçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar

Hərbiçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar

Hərbiçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar
30-08-2021, 15:50

Əsası Ulu Öndər tərəfindən qoyulmuş olan dövlət siyasətinin mühüm istiqamətlərindən biri də vətəndaşların sosial yönümlü problemlərinin həll edilməsidir. Bu siyasət bü gün də cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək dövlətin daim öz vətəndaşının yanında olmasını reallaşdırır və dövlət-xalq birliyinin möhkəmləndirilməsinə xidmət edir.

Biz bunun nəticələrini bir daha 44 günlük Vətən müharibəsindəki həmrəylimiz və Ali Baş Komandanımızın çox yüksək peşəkarlıqla həyata keçirdiyi siyasəti nəticəsində əldə olunan Zəfər Qələbəmizlə təsdiqlədik.
Dövlətimiz bu Zəfərdən sonra da öz vətəndaşlarına diqqət və qayğısını daha yüksək səviyyədə davam etdirir. Nəzərə alaq ki, II Qarabağ müharibəsi xalqımıza öz qürurunu, mənəviyyatını, işğal altında olan doğma torpaqlarımızı qaytarmaqla, möhtəşəm qələbə bəxş etdi.
Bu Qələbənin əldə olunmasını başda Ali Baş Komandanımız olmaqla müzəffər ordumuz, şəhidlərimiz, qazilərimiz, bütövlükdə qalib əsgər və hərbiçilərimiz, ən ümdəsi isə xalqımızın birliyi reallaşdırdı.
Qələbəmizdən sonra yeni reallıqlar və problemlər ortaya çıxdı. Dövlətimiz bu  istiqamətdə də mövcud şəraitə uyğun sosial yönümlü proqramlar həyata keçirməyi əsas hədəf seçərək siyasətini davam etdirir. Bunlardan birincisi 44 günlük Vətən müharibəsində qələbəmizi reallaşdıran şəhidlərimiz, qazilərimiz, hərbiçilərimiz, ümumilikdə müzəffər qalib ordumuza göstərilən qayğıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşında şanlı zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbiçilərinə, qazilərinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi diqqət mərkəzindədir. Onların mənzil şəraitinin yaxşılaşdırılması, fərdi evlərlə təmin edilməsi, avtomobillərin verilməsi, bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.
İkinci əsas istiqamət işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin aparılmasıdır. Azad olunmuş ərazilərimizdə şəhərlərimiz, kəndlərimiz, tarixi abidələrimiz, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən müqəddəs dini abidələrimiz, məscidlərimiz, tarixi qəbiristanlıqlarımız heç bir normaya sığmayan şəkildə dağıdılmış və təhqir edilmişdir. Dövlətimiz bu cür vandallıq, barbarlığın nəticələrini aradan qaldırmaq üçün qayıdış proqramı təsdiq etmiş və onu həyata keçirmək üçün böyük quruculuq və bərpa işlərinə start vermişdir.
Bu bir daha onu göstərir ki, dövlətimiz həmişə öz vətəndaşının yanında olmaqla sabaha inamla addımlayır, gələcək nəsillərə sağlam cəmiyyətli, müstəqil siyasətli bir Azərbaycan təqdim etmək əzmindədir. Bütün bunlar birliyimizin günü-gündən möhkəmlənməsini şərtləndirir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə uca Allahdan şəfa diləyirik. Şəhid ailələrinə, qazilərə və onların ailəsinə diqqət və qayğı hər birimizin vətəndaşlıq borcudur. Bu istiqamətdə biz həmişə həmrəylik göstərməklə dövlətimizə dəstək olmalıyıq.
 
 
 
Allahverdi Piriyev,
Salyan rayon Ziyalılar birliyinin sədri, əməkdar müəllim

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.