XalqXəbər.Az

XalqXeber.Az » Aktual » COVID pasportu tələb olunması qanuna uyğundurmu?

COVID pasportu tələb olunması qanuna uyğundurmu?

COVID pasportu tələb olunması qanuna uyğundurmu?
28-05-2021, 10:02

Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərar qəbul edib. Qərara əsasən iyulun 1-dən etibarən bir sıra iş və xidmət sahələrində COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunacaq. İş yerlərində işçilərin ən azı 80 faizinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb ediləcək.

Bəs, bu tələb konkret hansı iş sahələrinə aiddir və belə bir tələbin qoyulması nə qədər haqlı və qanunidir?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Press Klub”a şərhində bunun daha çox ictimai iaşə müəssisələri, ictmai nəqliyyat və xidmət sahələrində çalışanlara aid olacağını bildirdi:

“Başqa vaxt bu, insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Amma indi pandemiyadır. Həm Konstitutusiyamıza, həm də tərəfdar çıxdığımız beynəlxalq normalara görə, hüquqlar bəzi hallarda məhdudlaşdırıla bilər. Həmin hallardan biri də əhalinin sağlamlığının qorunması, epidemiyaların qarşısının alınması və sair bu cür hallardır. Düzdür, dünya ölkələri vaksinasiyanın könüllü həyata keçirildiyini bildirirlər. Yəni kim peyvənd olunmaq istəmirsə, heç kimi buna görə cərimə olunmur və ya cəzalandırılmır. Amma Avropada buna görə bəzi məhdudiyyətlər də tətbiq edilir”.

Liqa rəhbəri qərarı antikonstitusion saymır:

“Çünki insanların sağlamlığının qorunması, epidemiyaların qarşısının alınması üçün belə tədbirlər görülə bilər. Məsələn, bu cür epidemiyalar zamanı hansısa bir ərazi qapadılır, ora və oradan kənara heç kəsi buraxmırlar Qanunda bu var. Bu cür tədbirləri bütün dünyada edirlər. Demokratiya ənənəsi olan dövlətlər də bunu edirsə, biz niyə etməyək?..”

Məmmədov qeyd etdi ki, kimlər bu xəstəliyi keçiriblərsə, adları portalda olduğuna görə COVID pasportunu onun əsasında əldə edə biləcəklər:

“İki doza vaksin vurulmuş şəxslərə də həmin pasportlar veriləcək. Bildiyimiz kimi, dövlət xidmət sahələrinin demək olar ki, hamısında əməkdaşlar vaksinasiyaya cəlb olundu. Ola bilsin ki, şadlıq evləri açılacaq və həmin yerlərdə çalışan işçi heyəti üçün COVID pasportu tələb ediləcək. Yəqin ki, burada daha çox həmin xidmət sahələri nəzərdə tutulub. Çünki risk böyükdür. Pandemiya heç yerə getməyib, onun yeni dalğaları istisna deyil. Bu tədbirlərin nə dərəcədə effektiv olacağı və insanların həmin tədbirlərə nə qədər əməl edəcəyini deyə bilmərəm. Çünki bizdə bəzən belə qərarları qəbul edirlər, sonra isə onlara əməl edən olmur”.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə sualımıza ritorik sualla cavab verdi:

“Peyvəndlənməyən və ya COVID pasportu olmayan insanı işə buraxmayanda hansı qanuna istinad edəcəklər?! Operativ Qərargahın qərarı Əmək Məcəlləsindən üstün ola bilməz! Niyə hansısa bir prosesi reallaşdıranda hədə-qorxuya əl atırlar? Başqa üsul yoxdur ki?..”

Hüquq müdafiəçisi qeyd etdi ki, Konstitusiyanın 149-cu maddəsinin 5-ci hissəsinə əsasən Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və prezidentin fərmanlarına zidd olmamalıdır. Koronavirusla əlaqədar Nazirlər Kabinetinin qərarları Əmək Məcəlləsinin tələblərinə uyğun olmalıdır, uyğun deyilsə, Məcəllənin tələbləri üstün tutulur”.

Qəhrəmanlı deyir ki, insanları müxtəlif bəhanələrlə işsiz qoymaq olmaz:

“Yoluxanların sayı kritik olduğu zamanlarda heç belə qərar vermirdilər. Əgər həqiqətən kütləvi immunitetin yaranmasını istəyirlərsə, onun başqa təbliğat yolları var. Bunu hədə-qorxu ilə etməzlər. Vaksin olmamısan, COVİD pasportun yoxdursa, işə gəlmə… Axı ölkənin qanunu var. Hər şey qanunvericilik çərçivəsində olur. Ölkə qəbilə qaydaları, cəngəllik qaydaları ilə idarə olunmur. Hansı ölkədə belə bir tələb var? Bir ölkəni misal gətirsinlər”.

Həkim-radioloq Aydın Əliyev isə qərarın çox düzgün olduğunu vurğuladı:

“Şəxsən verilən bu qərarla razıyam. Çünki insanlar peyvəndlənməlidir. Mən hər zaman demişəm, yenə də deyirəm: bəzi insanlar düşünür ki, can mənimdir, istəmirəm peyvənd olunmaq, öləcəmsə, mən öləcəm. Amma başa düşmür ki, bununla digərlərini də yoluxdurmuş olacaq. Sənin məsuliyyətsizliyin üzündən başqa biri ölə bilər axı… Yalnız özümüzü düşünərək qərar verməyimiz yanlışdır. Burada sosial məsuliyyət də var. Çünki virus bulaşıcı, yoluxucudur. Əgər yoluxucu olmasa, hər kəs özü bilər, öz orqanizmidir”.

Həkim hamını peyvəndlənməyə dəvət etdi:

“Özüm də iki doza qəbul etmişəm. Evdə 70-80 yaşlı anam-atam da peyvənd olunub. Heç birində heç bir problem yoxdur”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.