SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Taksidə vahid qiymət planı: monopoliya, yoxsa..? - TƏHLİL

Taksidə vahid qiymət planı: monopoliya, yoxsa..? - TƏHLİL

Tarix:

2-09-2020, 09:35

/ 714 dəfə oxundu.
Taksidə vahid qiymət planı: monopoliya, yoxsa..? - TƏHLİL

Azərbaycanda son illərdə liberallaşan sahələrdən biri taksi xidməti idi. Bu bazarda rəqabətli mühitin olması taksi sektorunu genişləndirməklə yanaşı qiymət siyasətinə müsbət təsir edir. Paytaxtda, habelə son vaxtlar regionlarda da müxtəlif özəl taksi şirkətlərinin fəaliyyət göstərməsi ilk növbədə müştəriləri qane edir.

Çünki əvvəllər olduqca baha olan taksi xidməti son 6-7 ildə kifayət qədər ucuzlaşmış, şirkətlərin bir-biri ilə rəqabət aparması nəticəsində qiymətlər münasib qiymətə enmişdi.

Amma Bakı Nəqliyyat Agentliyinin yeni konsepsiyasından belə nəticə hasil olur ki, taksi sektorunu da liberal iqtisadi modeldən çıxarmağa hazırlıq gedir. Söhbət taksidə vahid tarifin tətbiq olunmasından gedir.

BNA-nın avqustun 31-də açıqladığı konsepsiyasının taksilərdə qiymət artımına gətirib çıxaracağı, azad bazar prinsipinə mane olacağı, rəqabət mühitini aşağı salacağı gözlənilir.

Əvvəla, müştəri ucuz taksi xidməti tapa bilməyəcək. İkincisi, firmaların mübarizə aparmasına ehtiyac olmayacaq, ən əsası taksilər bir əldə cəmləşəcək.

“Yeni Müsavat” hazırda taksi sektorunda tanınmış şirkətlərin tarifləri ilə maraqlanıb. Məlum olur ki, firmalar bir-birindən fərqli qiymətlər təklif edirlər.

Məsələn, onlayn taksi şirkəti “Bolt” bir kilometri 1,60 manatdan hesablayır. Dünyanın məşhur brend taksi firması “Uber” isə Bakıda 1,40 manatdan başlayır. “Maxim” taksiləri 2,30 manatdır, amma məsafə uzandıqca qiymət ucuzlaşır, belədə təxminən eyni məbləğə gəlib çıxır.

Taksi sürücüləri nə qədər qazanırlar?

Digər şirkətlərə gəlincə, məsələn, müştəri “28 May”dan “20 Yanvar”a gedirsə, “189" taksi xidməti 4.50, 5 manat, ”Ekonom" taksi 4, 4.50 manat, “Salam” taksi 3.50, 4 manat alacaq.

Həmçinin başqa taksi xidmətlərində də tariflər təxminən belədir. Amma vahid tarifin tətbiqindən sonra necə olacaq, bunu söyləmək çətindir.

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, bu gün bəzi taksi şirkətləri öz ətrafında sürücü kütləsi formalaşdırıb: “Onlardan aylıq depozit alır, gəlirini götürür, qiyməti də ucuz qoyub. Nəticədə sürücü gecə-gündüz dayanmadan fasiləsiz işləyir, avtomobili xarab olur, əsəbləri korlanır, itirən sürücü olur, qazanan isə şirkətlər...

Məsələn, “Uber”, “Maxim” kimi xarici taksi firmaları var ki, onların yaradıcılarının arxasında erməni mənşəli iş adamları dayanıb. Onlar Azərbaycanda yerli şirkətlərlə rəqabət apararaq ucuz qiymət müəyyən ediblər. Beləcə yerli firmalar uduzur, bizim pullar erməni əsilli biznesmenlərin cibinə axır. Ona görə həmin şirkətləri ölkədən çıxarmaq lazımdır. Hətta nə qədər azğınlaşıblar ki, naviqasiya sistemində Azərbaycan əraziləri Ermənistan kimi göstərilir".

E.Muradlının fikrincə, yeni konsepsiyada taksi sürücülərinin vəziyyətinin yaxşılaşması nəzərdə tutulur: “Bu gün otuz min taksi sürücüsü var. Amma cəmi iki min sürücü fərqlənmə nişanı alıb. Təsəvvür edin ki, hansı miqyasda qanunsuzluq olub. Ona görə bu sahədə böyük xaos var, bərbad vəziyyətdir. Əgər vahid tariflər olsa, sürücü də normal işləyər, yorulmaz”.

Ekspertin sözlərinə görə, özünə taksi firmaları deyənlər var: “Onlar 4 rəqəmli nömrə alır, guya taksi firmasıdır. Sadəcə, həmin nömrə sayəsində sürücü ilə müştərini calaşdırır. Müştəri zəng edəndə 3 manatlıq yolu 1,20 manata gedir. Axı sürücü yazıqdır. Bu qiymətə işləmək ona nə sərf edir, necə dolansın?! Amma demirəm ki, vahid tariflərdə fantastik qiymət olsun. Çox güman ki, 20-30 faiz əlavə olunacaq. Sadəcə, bu iş 1 il çəkəcək, bütün tərəflərin mövqeyi dinlənilib qərara gəlinəcək”.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz feybuk hesabında yazıb ki, konsepsiyada bütün taksi şirkətlərinin bir əldə cəmləşməsi, vahid dispetçer mərkəzinin yaradılması, vahid tarif sisteminin və kvotanın tətbiqi nəzərdə tutulub. O.Gündüz düşünür ki, bununla da taksi bazarında istehlakçıların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran, rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətə yol verilir: “Bu isə antiinhisar qanunvericiliklə müəyyən olunan məsələdir. Əgər BNA-nın təşəbbüsündə antiinhisar qanunvericiliyin tələbləri pozulursa, müvafiq sahədə dövlət nəzarətini həyata keçirən qurum - Antiinhisar Dövlət Xidməti buna reaksiya verməlidir. Taksi bazarındakı mövcud bazar bu qurum tərəfindən analiz olunmalı və hər hansı separat sövdələşmənin və inhisarçılığın mövcudluğu araşdırılmalıdır. Beləliklə, bu, yalnız BNA-nın səlahiyyətinə aid olan məsələ deyil”.

BNA xidmət səviyyəsini yüksəltmək istəyirsə, daha ağlabatan və rəqəmsal həllər təklif etməlidir. İqtisadçı Samir Əliyevin sözlərinə görə, on il əvvəllə müqayisədə bir sıra xidmətlərin qiyməti bahalaşsa da, taksi xidməti ucuzlaşıb. Bu isə məhz taksi sahəsində azad bazar mühiti sayəsində mümkün olub: “Biz Azərbaycan iqtisadiyyatında dövlətin payının çox olmasını mənfi hal kimi vurğulayırıq. Dövlət iqtisadiyyatda tənzimləyici rol oynamalıdır. Dövlət sahibkarlıqla məşğul olmamalıdır. Amma təəssüf ki, əsas vacib sektorlar dövlətin əlindədir. Taksi sektorunda da bu istiqamətdə atılan addımlar rəqabət mühitini pozacaq. Elə şirkətlər var ki, onların imkanı aşağıdır. Bazarda birtəhər duruş gətirə bilirlər. Qiyməti dövlət tənzimləsə, bazardakı taksi şirkətlərinin sayı azalacaq. Zəif, kapitalı olmayan şirkətlər sıradan çıxacaq. Rəqabət mühiti pozulacaq və monopoliya yaranacaq”.

S.Əliyevin fikrincə, monopoliyada dövlət də iştirak edəcək: “Çünki dövlətin özünün Bakı Taksi Şirkəti kimi müasir taksi parkı olan şirkəti var. Bu yaxınlarda Bakı Taksi Şirkəti 100 taksi gətirdi. O taksilər elektrik enerjisiylə işləyir. Yəni istifadə etdikləri yanacağın maya dəyəri aşağıdır. Beləcə, dövlət öz şirkətinə dəstək verəcək. Məmurlara məxsus taksi şirkətləri birtəhər duruş gətirə biləcəklər. Yerdə qalan, öz hesabına ayaqda dayanan kiçik taksi şirkətləri tədricən bazardan çıxacaq”.

BNA-nın mətbuat katibi Mais Ağayev deyib ki, təhlillər aparılıb, sürücülər arasında sorğular təşkil olunub: “Aparılan bu cür kompleks təhlillər əsasında bu gün taksi xidmətinin real mənzərəsi müəyyən edilib. Reallıq isə ondan ibarətdir ki, bu gün çağrı mərkəzi kimi fəaliyyət göstərən yerli və xarici operatorlar daha çox müştəri əldə etmək məqsədilə taksilərdə tənzimlənməyən, aşağı qiymətlər təklif etməklə qeyri-sağlam rəqabət mühiti formalaşdırıblar”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ