SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Tovuzdakı səhv xəritəni kim hazırlayıb? - Məhşər ayağına çəkilməli olanlar...

Tovuzdakı səhv xəritəni kim hazırlayıb? - Məhşər ayağına çəkilməli olanlar...

Tarix:

12-03-2020, 09:13

/ 1 495 dəfə oxundu.
Tovuzdakı səhv xəritəni kim hazırlayıb? - Məhşər ayağına çəkilməli olanlar...

Xəritələr sinif otaqları üçün bəzək, dərsliklər üçün sadəcə illüstrasiya deyil, əslində, həm də özündə vacib informasiyanı ehtiva edən strateji bir sənəddir. Ona görə də, xəritələrdəki məlumatların dəqiq olması həddən artıq mühüm amildir.

Amma Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı zamanı Prezident İlham Əliyevin də diqqətini cəlb edən xəritə göstərdi ki, bəzən hazırlanan xəritələrdə kobud səhvlərə yol verilir. Hətta belə xəritələr dövlət qurumlarının divarlarını da “bəzəyir”. Bu zaman ortaya çıxan əsas sual isə səhvlərlə dolu olan bu xəritələrin kimlər tərəfindən hazırlanması, bu məsələdə məsuliyyətin kimin üzərinə düşməsidir.

Sputnik Azərbaycan xəritələrin hazırlanması, istehsalı və onlara nəzarətin hansı formada həyata keçirilməsini araşdırıb.

“Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təmsil etdiyi qurum xəritələrdə əks olunan məlumatların dəqiqliyinə və qeyri-dəqiqliyinə məsuliyyət daşımır. Xəritədəki məlumatların dəqiqliyinə görə məsuliyyəti əsasən müəlliflər daşıyır. Həmsöhbətimiz deyir ki, hər xəritənin öz müəllifi var. Müəlliflər xəritəni hazırladıqdan sonra oradakı məlumatların dəqiqliyi təsdiqlənməlidir. Bundan sonra xəritə çap edilir: “Xəritələr müxtəlif institutlar tərəfindən hazırlanır. Hər müəllifin xəritəsini çap edib yaymaq olmaz. Məsələn, iqlim xəritəsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanır. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutunun da mütəxəssisləri bu prosesdə iştirak edirlər. Biz xəritəni kartoqrafik cəhətdən düzəldirik”.

M.Bayramov bildirir ki, hətta dünya xəritəsi də hazırlanmazdan öncə mütləq Xarici İşlər Nazirliyinə göndərilir: “Ola bilər ki, xəritədə hansısa xarici ölkənin adı səhv yazılsın. Xəritənin hazırlanmasında cüzi də olsa səhvə belə yol vermək olmaz. Xəritənin üzərində şriftin böyüklüyü də məna daşıyır. Hansısa hərfi böyük və kiçik yazılmasına qədər diqqət göstərmək lazımdır. İndi biz Qarabağın təbii ehtiyatlarının xəritəsini hazırlayırıq. Bütün bunlara çox həssaslıqla yanaşılır, rəsmi təsdiqlənmiş informasiyalardan istifadə edilir”.

Prezidentin Tovuzda Tarix-Diyarşunaslıq Muzeyinin açılışı zamanı ciddi irad bildirdiyi səhvlərlə dolu olan xəritənin kim tərəfindən hazırlanmasına gəldikdə, M.Bayramov deyir ki, bu xəritə özəl bir şirkət tərəfindən hazırlanıb. Onun sözlərinə görə, xəritəni "Rəqəmli Dövr" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) çap edib. Şirkət bu xəritənin hazırlanmasında qədim dövr tarixini araşdıran alim Solmaz Qaşqayın müəllifi olduğu xəritədən istifadə edib. Həmin xəritə isə 7-8-ci dövrlərə aid məlumatlar əsasında hazırlanıb. Amma adını 20-ci əsrin xəritəsi qoyublar: “Prezidentin iradı çox düzgün irad idi. Xəritələrdə ərazilər, toponimlər dəqiqliklə yazılmalıdır. 7-ci əsrin xəritəsi sxematik xəritələr olub”.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda prezidentin toponimlərlə bağlı irad bildirdiyi məsələ üzərində iş aparılır: “Biz hazırda yer adları ilə bağlı işləyirik. Xəritələr hazırlanarkən səhvlərə yol vermək olmaz”.

R.Məmmədov deyir ki, hər müəllif öz araşdırdığı sahə ilə bağlı xəritə hazırlaya bilər: “Amma bu xəritə onun öz xəritəsi hesab olunur. Dövlət əhəmiyyətli xəritə hazırlanarkən kartoqrafiyada rəsmi təsdiq olunmuş adlardan, məlumatlardan istifadə olunmalıdır. Şəxsi müəllif xəritələrini çap edərək dövlət qurumlarında, təhsil müəssisələrində istifadə etmək yolverilməzdir. Əgər dövlət qurumu xəritənin hazırlanması üçün tender elan edirsə, bu amilləri nəzərə almalıdır”.
İnstitut direktoru bildirir ki, xəritədə istifadə edilən ərazi adları, toponimlər mütləq Milli Məclisin Toponim Komissiyasının təsdiq etdiyi adlar olmalıdır: “Ərazi adları xəritədə qeyd edilməzdən öncə Milli Məclisin Toponim Komissiyası ilə dəqiqləşdirilmə aparılmalıdır. Əgər bu komissiya həmin toponimi təsdiqləyibsə, xəritədə o addan istifadə etmək olar”.

Apardığımız araşdırma zamanı bəlli oldu ki, Prezidentin Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı zamanı ciddi irad bildirdiyi səhvlərlə dolu olan xəritənin müəllifi adlandırılan Solmaz Qaşqay vəfat edib.

Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin bədii tərtibat işlərini isə Mədəniyyət Nazirliyi həyata keçirib. Nazirlik bu məqsədlə 262.360 manatlıq satınalma həyata keçirib. “Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin bədii tərtibat işlərinın satınalınması" üzrə sifarişçi olduğu satınalmanın qalibi isə "Rəqəmli Dövr" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "Rəqəmli Dövr" MMC 2001-ci ilin mart ayında Vergilər Nazirliyinin reyestrində dövlət qeydiyyatına alınıb. Lakin bu MMC-nin heç bir yerdə əlaqə nömrəsi yoxdur. Şirkətin qanuni təmsilçisi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyevdir. Onu da qeyd edək ki, Toğrul Əfəndiyevin atası Rasim Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru vəzifəsində çalışıb.

Azərbaycan Milli Məclisi yanında Toponimiya Komissiyasının üzvü, Coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, komissiyanın səlahiyyətində ancaq yaşayış məntəqələri var: “Xəritə çap olunursa, rəsmi dəqiqləşdirilmiş adlar öz əksini tapır. Bir hərfin dəyişməsi ciddi məna ifadə edir. Muzeydə prezidentin irad bildirdiyi xəritə isə Azərbaycanın çox tanınmış tarixçisi tərəfindən tərtib olunub. Bunu dəqiqləşdirmək üçün araşdırma aparılmalıdır”.
Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini, Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Sputnik Azərbaycan-a bildirib ki, səhv xəritənin müəllifi olan tarixçinin səhvi deyil: “Solmaz Qaşqay Azərbaycanın çox məşhur tarixçilərindən olub. O, bir neçə dil bildiyi üçün tarixi ərazilərimizdə daş üzərində yazıları oxuyaraq tədqiqat aparıb. Bu xəritə 2007-ci ildə tərtib olunub.2014-cü ildə Azərbaycanın Milli Atlası çap ediləndə ora daxil edilib. Xəritə 7-8-ci əsrə aiddir. Bu, yoxlanmış xəritədir. Solmaz Qaşqayın araşdırması göstərir ki, Urartu dövlətinə aid Sisian terminin ermənilərə aidiyyəti yoxdur. Azərbaycanın Ensiklopediyasının 1-ci cildinin 165-ci səhifəsində Manna dövləti barədə geniş məlumat verilib. Orada bu xəritədə göstərilən ərazinin adı qeyd edilib. Mötərizədə isə Mingəçevirin ərazisinə düşdüyü qeyd edilib. Xəritəni hazırlayan şirkət buradakı məlumatları tamamilə səhv təqdim edib.

Mötərizədə verilmiş Mingəçevir adını ayrıca şəhər kimi göstərib. Halbuki o vaxt xəritədə sərhədləri göstərmək mümkün deyildi. Bu xəritə 3 minlik dövrü əhatə edir. Götürüb xəritəni tamamilə baş-ayaq çap ediblər. Nəticədə belə biabırçı vəziyyət üzə çıxıb. Bütün günah tenderdə minlərlə manat pul udaraq baş-ayaq xəritə hazırlayan o şirkətdədir. Əslində bölgələrdə muzeylər yaradılarkən bizim institutla razılaşdırırdılar. Hətta bizdən nümayəndələr gedib orada tarixi məlumatlara nəzər yetirirlər. Tovuzda muzey yaradılarkən, xəritə çap olunarkən bizim fikrimizi soruşan olmayıb. Xəritəni hazırlayanlar da belə kobud səhvlərə yol veriblər. Ona görə də, xəritəni çap edənləri, bu iş üçün minlərlə manatı kor-koranə ayıranları “məşhər ayağı”na çəkmək lazımdır!”
Xatırladaq ki, Prezident İlham Əliyev martın 4-də ölkənin qərb rayonlarına etdiyi səfər zamanı bir çox müəssisə və xidməti obyektlərlə yanaşı, Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin açılışında da iştirak edib. Muzeydəki eksponatlarla tanış olan dövlət başçısı buradakı siyasi xəritələrdə tarixin qeyd olunmamasına görə ciddi irad bildirib. Prezidentin "Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?" sualına Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov xəritələri Mədəniyyət Nazirliyindən aldıqlarını bildirib.

Prezident isə bu cür xəritələrin gələcək nəslə səhv məlumatlar ötürdüyünü söyləyib: “Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.

Şərhlər

XƏBƏR LENTİ