SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Onu döyməmişəm, söhbət etmişik” - Eks-nazir qardaşı

“Onu döyməmişəm, söhbət etmişik” - Eks-nazir qardaşı

Tarix:

26-12-2018, 17:12

/ 1 497 dəfə oxundu.
“Onu döyməmişəm, söhbət etmişik” - Eks-nazir qardaşı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun məhkəməsi keçirilib.

Hakim Samir Əliyevin icraatında olan prosesdə Ə. Əhmədovun vəkili vəsatət verərək jurnalistlərin zaldan çıxarılmasını, prosesin qapalı keçirilməsini istəyib. Zərərçəkmişlər Hörmət Əsgərov, Rəşad Tahirov və təqsirləndirilən Əvəz Əhmədov da vəsatəti müdafiə ediblər. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra H. Əsgərov suallara cavab verərək deyib ki, hələ də Ə. Əhmədova 100 min borcu var: "Mən xəsarətlərim barədə polisə şikayət etməmişəm, sonradan istintaqa ifadə verəndə də döyüldüyümü demədim ki, işə düzələndə problem yaranmasın. Bədənimdə döyülən zamandan qalan yaranın çapığı var. Mən pulu Rəşada vermək üçün almamışam, belə bir söz də deməmişəm. Əvvəl də Əvəzdən 200 min, 80 min alıb qaytarmışdım. Pulu makler Hətəm Ramazanova verirdim, ev işi görürdük. Axırıncı dəfə Hətəmə 100 min verdim yoxa çıxdı, axtardım tapa bilmədim. Onun barəsində şikayət etməmişdim, bu işdən sonra istintaq axtarışa verdi".

Əvəz Əhmədov deyib ki, H. Əsgərovu o yox, Rəşad Tahirovla dostu Dəyanət Yusifov döyüb: "Hörməti məcbur ediblər ki, məndən şikayət etsin. Sonra da onu çöllükdə buraxıblar".

H. Əsgərov isə belə bir hadisə olmadığını deyib.

Təqsirləndirilən Əvəz Əhmədov sərbəst ifadə verərək deyib ki, bu hadisədən əvvəl H. Əsgərovla arasında pul alıb-vermək məsələləri olub: "Bir dəfə Hörmət qohumu Rəşaddan danışdı və Sumqayıt STP-də satışın müdiri olduğunu dedi. Sonra Hörmətin vasitəsilə Rəşadla görüşdük, armatur biznesi haqda danışdı. Rəşad dedi 100 minə bir həftəyə 8-12 min qazanc götürə bilər. Bundan bir həftdə sonra Hörmət gəlib məndən 140 min dollar götürdü, armatur işinə görə Rəşada verəcəkdi. Bir ay yarımdan sonra Hörməti çağırıb pulumu istədim. Mənim yanımda Rəşada zəng edib ləzgi dilində nəsə danışdılar, sonra telefonu mənə verdi. Rəşad dedi ki, pul məndədi, bir həftəyə verəcəyəm. Orada Hörməti döyməmişəm, ona zor tətbiq etməmişəm, sadəcə söhbət etmişik. Sonra Rəşada zəng çatmadı, mən də polisə ərizə yazıb şikayət etdim. Bundan sonra 3 ay ərzində pulu hissə-hissə ödədilər. Bu ərəfədə Rəşad rozborşiklər Dəyanətlə Habili üstümə göndərmişdi. Onlar da mənlə söhbət edəndən sonra Rəşada dedilər ki, kişinin pulunu qaytarmalısan".

Ə. Əhmədov suallara cavabında bildirib ki, qardaşı, keçmiş nazir Əhməd Əhmədovun bu işlərdən xəbəri olmayıb: "Mənim ona bu haqda nəsə deməyim ayıb olardı".

Proses yanvarın 9-da davam etdiriləcək.

İttihama görə, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əsgərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir. Ə.Əhmədov Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyində vəzifə tutub. Ə. Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələri ilə ittiham olunur.

H. Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H. Əsgərov da dələduzluğa görə həbs edilib və hazırda məhkəmə prosesində konvoyun nəzarəti ilə iştirak edir. O, bu işdəki digər zərərçəkmiş Rəşad Tahirova pul "atmaqda" ittiham olunur. H. Əsgərovun cinayət işi üzrə istintaq hazırda davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ