SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Məndə Elmira Axundovanın səs yazısı var” – 1 milyonluq dava

“Məndə Elmira Axundovanın səs yazısı var” – 1 milyonluq dava

Tarix:

12-07-2018, 22:57

/ 1 717 dəfə oxundu.
“Məndə Elmira Axundovanın səs yazısı var” – 1 milyonluq dava

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində deputat Elmira Axundovanın oğlu Həbib Axundov ifadə verib.

O, dindirilən zaman istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib. H.Axundov söyləyib ki, E.İbrahimov iş qurmaq adı ilə digər zərərçəkmiş Fərman Məmmədovdan 450 min manat pul alıb, həmin məbləğə isə zamin durub: "Fərman Məmmədovun Elnur İbrahimova verdiyi 140 min manatdan isə xəbərsizəm. Həmin pulu mən olmadan verib. Ona isə 125 min manat pul qaytarmışam".

Məhkəmədə qısa ifadə verən H.Axundov vurğulayıb ki, səhhəti ilə bağlı ölkə xaricinə gedəcək və orada əməliyyat olunacaq.

Digər zərərçəkmiş Fərman Məmmədov isə ifadəsində söyləyib ki, H.Axundova biznes qurmaq adı ilə ümumilikdə 575 min manat pul verib: "Həbib Axundov mənə zəng edib, Elnur İbrahimovun adamları tərəfindən tutulub, Şüvəlandakı bağ evinə aparıldığını dedi. Həbib mənim də ora gəlməyimi istədi. Orada Elnur kimlərdən pul aldığını etiraf etdi. Bir gün sonra Elmira Axundova mənə zəng edib, Elnurla danışdığını və digər şəxslərlə də razılığa gəlindiyini bildirdi. Məndə onun səs yazısı da var".

F.Məmmədov dəymiş ziyanı H.Axundovdan tələb etdiyini söyləyib: "Bu işdə Elnurla yanaşı, Həbibin də günahı var. Mən istintaqdan narazıyam. Çünkü Elnur İbrahinovla bərabər Həbib Axundov da təqsirləndirilən şəxs qismində tanınmalı idi. Elnur İbrahimov həbs edilənə qədər ona Həbib Axundovun ailəsi tərəfindən himayədarlıq edilirdi".

Zərərçəkmişin sözlərinə görə, dəymiş zərərdən 250 min manat pulu deputat E.Axundova ona qaytarıb.

Məhkəmənin növbəti iclası iyulun 17-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və digərlərini biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, cinayət işində deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir.

Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib.

Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər.

Şərhlər

XƏBƏR LENTİ