SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Baş baytar getdi – ittihamlar isə qalır…

Baş baytar getdi – ittihamlar isə qalır…

Tarix:

30-05-2018, 13:03

/ 1 919 dəfə oxundu.
Baş baytar getdi – ittihamlar isə qalır…

Vəzifədən azad edilən Azər Süleymanovun adı maxinasiyalarda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə hallanırdı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə yeni rəis təyin edilib. Nazir İnam Kərimovun imzaladığı əmrlə bu vəzifəyə Gəncə Şəhər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayev təyin edilib. Bayandur Rzayev Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsini bitirib.
2004-2007-ci illərdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun aspirantı olub, daha sonra isə Heyvandarlıq İnstitutunun Qoyunçuluq laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib. 2012-ci yanvar ayından etibarən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, buna qədər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini Azər Süleymanov icra edib. O, vəzifədə olduğu müddətdə barəsində xeyli neqativ məlumatlar yayılıb. Azər Süleymanovun adı maxinasiyalarda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə hallanıb. Kənd Təsərrüfatı Nazirliyində rəhbərlik dəyişdiriləndən sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətində aparılan yoxlamalarla üzə çıxarılıb ki, son illərdə kəsim üçün Azərbaycana xaricdən gətirilən mal-qaranın xeyli hissəsi “damazlıq” adı ilə rəsmiləşdirilib. Rəsmiləşdirilmənin bu şəkildə aparılmasının da özəl səbəbləri olub. Mal-qara idxal olunarkən onu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı yoxlayır və mal-qaranın damazlıq olub-olmadığına dair sənəd verilir. Amma son illərdə belə olmayıb. Azər Süleymanov vəzifəsini icra etdiyi müddətdə kəsim üçün gətirilən minlərlə baş mal-qara xidmət damazlıq adı ilə rəsmiləşdirilib. Buna görə xidmət əməkdaşları “haqq alıblar”. Bu saxtalaşdırma prosesi isə birbaşa xidmətin rəisi Azər Süleymanovun nəzarətində olub. Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənilib. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayıb. Bundan sözsüz ki, qazanan Azər Süleymanov olub. İtirən isə dövlət büdcəsi. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan damazlıq heyvanlar gömrük-idxal rüsumundan azad olunub. Bu baxımdan, Azər Süleymanovun xeyir-duası ilə ətlik üçün gətirilən mal-qara damazlıq kimi rəsmiləşdirilib və müvafiq olaraq rüsum ödənilməyib.
Beləliklə, dövlət büdcəsinə rüsum ödənilmədən ölkəyə kəsim üçün xeyli mal-qara gətirilib. Bu maxinasiyalardan itirən tərəf dövlətdir, dövlət büdcəsidir. Qazanan tərəf də ortalıqdadır.
Ölkəyə ət idxalının həcmi haqda rəsmi məlumatlar isə belədir. Təkcə 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 52 milyon 451 min dollar dəyərində 34 min ton ət idxal olunub. “Marja” Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ət idxalı 2016-cı ilin 10 ayı ilə müqayisədə 20 milyon 343 min dollar artıb. 2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 32 milyon 108 min dollar dəyərində 28 min 728 ton, 2015-ci ilin eyni dövründə isə 15 milyon 75 min dollar dəyərində 11 ton ət idxal olunmuşdu. Beləliklə, son 2 ildə ət idxalının dəyəri 3 dəfədən çox artıb. Bu artımda damazlıq adı ilə ölkəyə gətirlən mal-qaranın çəkisi göstərilmir. Gələn məlumatlar isə onu deməyə əsas verir ki, bu, o qədər də balaca rəqəm deyil. Az qala rəsmi statistik rəqəmlərə çatır. Bəs bunca saxtakarlıq təsdiqini taparsa, Azər Süleymanovu hansı cəza gözləyir? Müstəqil hüquqşünaslar deyirlər ki, ortada vəzifə saxtakarlığının olmasına dəlalət edən məlumatlar var. Bundan başqa, dövlət büdcəsindən külli miqdarda vəsaitin yayındırılması, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin tərkibi görünür. Müvafiq araşdırma aparılsa və faktlar sübut və dəlillərlə bərkidilsə, Baytarlıq Xidmətinin sabiq rəisi haqda daha ciddi ölçü götürülə bilər.
Bundan başqa, Azər Süleymanovun xidmətin baytarlıq laboratoriyaları üçün gətirilən avadanlıqları ucuz qiymətə alıb, baha rəsmiləşdirilməsi haqda da məlumatlar, iddialar vardı. Ölkədə tibbi spirt və pambıq istehsal olunsa da, xidmət yerli məhsulu almayıb. Baha rəsmiləşdirmək mümkün olsun deyə tibbi spirt və pambıq xaricdən alınıb. Məsələn, dabaq xəstəliyinə qarşı olan vaksini 100 dozasını 43 manata rəsmiləşdiriblər. Halbuki qiymət bundan xeyli ucuzdur. 2017-ci il baytarlıq laboratoriyaları direktorlarının toplantısında çıxış edən Azər Süleymanov bildirib ki, ölkənin bütün rayonlarında baytarlıq idarələri və diaqnostik kabinetlər üçün müasir binalar tikilib. Binalarda yerləşən diaqnostik kabinetlər müasir laboratoriya avadanlıqları ilə təmin olunub. Respublikada mövcud olan 111 baytarlıq-sanitariya ekspertiza laboratoriyasının hamısı 27 adda laboratoriya avadanlıqları ilə təmin edilib. O, 7 zona baytarlıq laboratoriyasının tikintisi getdiyini və ilin sonuna kimi həmin laboratoriyalardan 6-nın tikintisinin başa çatdırılması, avadanlıqlarla təmin edilməsi nəzərdə tutulduğunu açıqlamışdı. Bildirmişdi ki, 12 zona baytarlıq laboratoriyasından 5-i ikinci Bioloji Təhlükəsizlik Səviyyəsində (BTS-2) tamamən yenidən qurulub, müasir laboratoriya avadanlıqları ilə təmin edilib. Qalan 7 laboratoriyanın da bu ilin əvvəlinədək BTS-2 səviyyəsində yenidən qurulması, laboratoriya avadanlıqları ilə təmin edilməsi nəzərdə tutulub.
Bütün bu işlərə rəhbərliyi isə Azər Süleymanov gerçəkləşdirmişdi. Belə iddialar vardı ki, mal-qara idxalı və laboratoriyaların tikinti-təmiri, həmçinin avadanlıqlarla təminatından artıq sabiqə çevrilmiş rəisi külli miqdarda qazanc əldə edə bilib. Bu məlumatların araşdırılması üçün meydan açıqdır. Qalır müvafiq orqanların hərəkətə keçməsi…

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ