XalqXəbər.Az

XalqXeber.Az » Aktual » 1 saylı uşaq evindəki durumu DÖVLƏT ARAŞDIRMALIDIR

1 saylı uşaq evindəki durumu DÖVLƏT ARAŞDIRMALIDIR

1 saylı uşaq evindəki durumu DÖVLƏT ARAŞDIRMALIDIR
1-05-2018, 18:20

Mətbuatda 1 saylı körpələr evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimlərin avtomobilə daşınaraq başqa yerə aparılmasının görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun "İnstagram" hesabında paylaşıb. 1 saylı Körpələr Evinin müdiri Nəhayət Əliyeva isə bildirib ki, həmin hadisə aprelin 27-də olub. Onun sözlərinə görə, ayın 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü imiş: ''Aprelin 27-də isə qurban kəsib tortla bizim körpələr evinə gəlmişdi. Bizim işə gətirib, işdən aparmayıb... Videoda görünən hündür oğlan isə xəstəxanamızın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin. Mənə şər atdığına görə Rəqsanənin qızını məhkəməyə verəcəm. Aysun xəstəxanadan oğurluq edildiyini görübsə, niyə 102-yə zəng edib, polis çağırmırdı?”.

Lent.az-ın apardığı araşdırma zamanı məlum olub ki, aprelin 27-də N. Əliyevanın dediyi kimi bacısı oğlu Rauf Məmmədov körpələr evinə gəlməyib. Belə ki, aprelin 18-29-da Şəmkirdə mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə şahmat turniri keçirilib və həmin günlərdə R.Məmmədov Bakıda olmayıb. O, aprelin 26-da doğum gününü də Şəmkirdə qeyd edib. Həm aprelin 26-da, həm də 27-də Rauf Məmmədovun Şəmkirdəki turnirdə görüşləri olub.

Əşya qəbul etmirik…

Məsələni yerində araşdırmaq üçün 1 saylı Körpələr evinə yollandıq. Adıçəkilən ünvana çatanda körpələr evinin giriş qapısının ağzında bir xanımın əlində iki zənbil uşaq paltarı dayanıb, mühafizəçi ilə söhbətləşdiyinin şahidi olduq. Rafael adlı bu şəxs həmin xanıma “dövlət bizi hər şeylə təmin edir, bu əşyalara ehtiyacımız yoxdur” cavabını verdi. Xanımın mühafizəçiyə cavabı isə çox qısa oldu: “İki həftə əvvəl də buraya paltar gətirmişdim. Bəs onda niyə götürmüşdünüz? Eybi yox, aparıb zibilliyə ataram”.

Uzun fasilədən sonra mərkəz müdiri gəlib çıxdı…

Mühafizəçiyə müdirdən qalmaqallı hadisə ilə bağlı açıqlama almaq üçün gəldiyimizi dedik. O, Nəhayət Əliyeva ilə telefonla əlaqə saxladıqdan sonra baş həkimin Səhiyyə Nazirliyində tədbirdə olduğunu dedi. Təxminən bir saat sonra gəlib çıxan müdir Lent.az-a açıqlamasında bildirdi ki, videogörüntülərdə camaşırxanaya göndərilən əşyaların görüntüləri əksini tapıb: “İşçinin məzuniyyətə getməsi ilə əlaqədar bütün əşyalar camaşırxanaya aparılırdı. Çünki işçi bir aylıq məzuniyyətə çıxırdı və həmin çirkli əşyalar bir ay burada qalacaqdı. Orada iki bağlama uşaq bezi də görüntülənib. Həmin uşaq bezləri vətəndaşlar tərəfindən bizə yardım məqsədi ilə verilmişdi. Vətəndaşların aldığı bezlər “01” ölçüdə idi. Həmin ölçüdə olan uşaq bezlərinə ehtiyacımız olmadığı üçün onları uşaq bezi firmalarının birində dəyişdirib “03” və “04” ölçülü bezlər götürmüşük. Videoya diqqətlə baxsanız, görərsiniz ki, görüntülərdə camaşırxanaya göndərilən çirkli yataq dəstləri və dəyişdirilməyə aparılan uşaq bezləri var. Hamısı bir yerə toplanmış vəziyyətdə maşına yerləşdirilir. Onu da deyim ki, bu əşyalar hər dəfə eyni avtomobillə aparılmır. Bizim “Qazel”imizlə də gedə bilər, camaşırxananın öz maşını ilə də. O vəziyyətə baxır”.

Buranın özünün camaşırxanası yoxdurmu?

1 saylı Körpələr evinin rəhbəri deyir ki, qurumun camaşırxanalarla müqaviləsi var. Həftədə üç-dörd dəfə biz yuyulması üçün camaşırxanalara çirkli əşyalar göndərirlər.

Nəhayət xanımdan Körpələr Evinin özünün camaşırxanasının olub-olmadığını soruşuruq: “Burada bizim özümüzün camaşırxanamız yoxdur. Cəmi iki paltaryuyan maşınımız var. Orada kiçik əşyaları yuyuruq.

-Paltaryuyan maşınlarda əşyaları yumaq mümkün deyilmi?

-Bütün paltarları orada yumaq gigiyenik cəhətdən düzgün deyil. Çünki bunlar körpə uşaqlardır. Bələkdən çıxan əski parçaları nəcisli olur. Həmin nəcisli əskiləri burada yumağa şəraitimiz olmadığı üçün bizim Bakı Baş Səhiyyə İdarəsi ilə bağlanmış müqaviləmiz var. Həmin müqaviləyə əsasən bizim çirkli əşyalarımız camaşırxanaya göndərilir və orada yuyulur.

-Bayaq bir mənzərə ilə rastlaşdıq. Bir xanım körpə uşaq paltarları gətirmişdi. Dövlət sizi hər şeylə təmin edirmi?

-Dövlət bizi hər şeylə təmin edir. İnsanlar bizə müddəti keçmiş uşaq yeməkləri, şirniyyatlar göndərirlər. Ona görə də biz onları qəbul etmirik. Sadəcə, uşaq bezlərinə ehtiyacımız var. Ən çox təlabat məhz bunadır. Uşaq bezinə çox ehtiyacımız olmasını sizin üzünüzə dik baxaraq deyirəm. İmkanınız varsa, siz də bizə uşaq bezləri gətirin. Biz Bakı Şəhər Baş Səhiyyə İdarəsinə tabeyik. Bir-iki dəfə oradan da bizə UNİCEF xətti ilə uşaq bez yardımı edilib.

“Videonu çəkib paylaşanlara təşəkkür edirəm”

Nəhayət Əliyeva deyir ki, qalmaqala səbəb olan videonu çəkən insanlarla heç bir konflikti yoxdur: “Bu həyətdəki qonşuların bir çoxunu tanıyıram münasibətimiz var. Çünki uzun illərdir, buraya rəhbərlik edirəm. Başqaları ilə salam-kəlamım var, amma onlarla yoxdur. Bəlkə də həmin şou-biznes nümayəndələri bizim sayəmizdə məşhurlaşmaq, gündəmə gəlmək istəyirlər”.

Körpələr Evinin rəhbəri bildirib ki, videonu çəkən insanlara təşəkkür edir: “O görüntüləri çəkib yayanlara təşəkkür edirəm. Bəlkə də bugünə qədər bu körpələr evi haqqında heç kimin məlumatı yox idi. O, videonu çəkənlər bizim Körpələr Evini bütün dünyaya tanıtdırdılar. Bu bina dövlətin binasıdır. Prezidentimiz sağ olsun, bura dövlət tərəfindən hər şeylə təmin olunub. Biz hər şeyə görə dövlətin yaxasından tuta bilmərik”.

Nəhayət Əliyeva bildirib ki, Körpələr Evində üç yaşına qədər uşaqlar tərbiyə olunur: “Üç-dörd uşaq olar ki, üç yaşın üzərində olsun. Onların da anaları cəzaçəkmə müəssisələrindədir. Qalanları isə körpələrdir. Qoy, bizim oliqarxlar da həmin videolara baxsınlar. Görsünlər ki, bizim körpələr evinə yardımlar etmək, əl tutmaq lazımdır”.

Sonra qurumun müdiri bizi körpələrin saxlandığı otaqlara aparır. Körpələrin saxlandığı otaqlardakı şəraitlə şəxsən özü tanış edir. Qapıdan çıxarkən mühafizəçi Rafael özündən razı halda təbəssümlə soruşur:

-Cavablardan razı qaldınızmı?..

-… (Rafelə cavabı sizin ixtiyarınıza buraxıram)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.