XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Arif Əsgərovun qaynı məhkəmədə ifadə verib

Arif Əsgərovun qaynı məhkəmədə ifadə verib

Arif Əsgərovun qaynı məhkəmədə ifadə verib
4-04-2018, 16:09

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində nəqliyyat nazirinin müavini vəzifəsində çalışmış Arif Əsgərovun qaynı İbrahim Məmmədov ifadə verib.
O bildirib ki, Rahib Hüseynovun zərərçəkmiş Qoşqar Zeynalovdan pul almayıb: "Mən bu işlə bağlı heç nə görməmişəm. Ancaq Emin Hüseynovun hazırda həbsdə olan Emil Məmmədova borcu olduğuna görə, Eminin evinin sənədini Emilə vermişəm. İstintaqda da demişəm ki, Rahib Hüseynov Elnar Əsgərovun mühasib işlərini görüb və Qoşqardan pulların alınıb verilməsində iştirak etməyib".

Proses aprelin 13-də davam etdiriləcək.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon icra hakimiyyətinin başçısının oğlu Qoşqar Zeylovdur. R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Hüseynov ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.

R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.