SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Uşaqları intihara aparan səbəb - məktəblərdə dini biliklərin verilməsi, yoxsa...

Uşaqları intihara aparan səbəb - məktəblərdə dini biliklərin verilməsi, yoxsa...

Tarix:

6-12-2017, 10:20

/ 1 457 dəfə oxundu.
Uşaqları intihara aparan səbəb - məktəblərdə dini biliklərin verilməsi, yoxsa...

Bir neçə gün öncə Ağdaşda 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. 12 yaşlı İsmayılın ailəsinə yazdığı məktub müzakirələrə səbəb olub. Uşaq ailəsinə yazdığı məktubda sevimli peyğəmbərin yanında olacağını qeyd edib. Bu cümləyə görə uşağın beyninin dini söhbətlərlə “yeyildiyi” və intihara gətirib çıxaran səbəbin də məhz din haqda yanlış təbliğat olduğu bildirilir.

12 yaşlı İsmayılın intihar etməsinin səbəbi dəqiq bilinməsə də din üzərində dayananlar daha çoxdur və orta təhsil məktəblərində dini biliklərin verilməsinin qadağan edilməsini istəyənlər var. Maraqlıdır, doğrudanmı dini biliklər uşaqları yanlış yönə istiqamətləndirir? Ümumiyyətlə, uşaqlara dini biliklər verilməlidirmi?

Dini ekspert Kənan Rövşənoğlu bildirdi ki, bu mövzuda sonuncu ittiham olunacaq ünvan dindir: “Məsələnin bu şəkildə qoyulması yanlışdır. Çünki hələlik o yeniyetmənin hansı səbəbdən, yəni konkret olaraq nə üçün intihar etdiyi dəqiq bəlli olmayıb. Ortada bir məktub var və orda yeniyetmə öldükdən sonra Peyğəmbərimizin (s.ə.s) yanında olacağını qeyd edir. Ancaq bu detal intihar səbəbi sayıla bilməz. Çünki birincisi, din intiharı qadağan edir. Hətta ən çarəsiz halda belə özünə qəsd etmək dinə görə qadağandır, bunu edənin nəinki Peyğəmbərin yanına, ümumiyyətlə, cənnətə gedəcəyi istisnadır. İslam mətnləri açıq şəkildə bildirir ki, özünə qəsd edən günahkardır, cəhənnəmə gedəcək.

Azacıq, səthi dini bilgisi olan insan özünə qəsd etməz. İkincisi, yeniyetmənin dini təhsil alması, dərsdən sonra molla yanında dini dərslər, Quran öyrənməsi ittiham üçün əsas verə bilməz. Bir məktəblinin dərsdən sonra Quran öyrənməsi, başqa dərslər alması təhsil və uşaqların tərbiyəsi baxımından qanunsuz əməl deyil. Bütün dünyada statistikalar göstərir ki, dindarlar intihara daha az meylli olan qrupdur. Digər ölkələrlə müqayisədə dindar cəmiyyətlərdə intiharlar demək olar ki, baş vermir. İntiharlar əsasən ailə-məişət mövzularında, sosial problemlərdən baş verir. Yeniyetmələr üçünsə daha çox psixoloji məsələlər, ailədə anlaşılmaması, psixoloji travmalardan əziyyət çəkməsi əsas səbəblərdir. Məsələn, son olaraq yeniyetmələr arasında yayılan ”Mavi balina" kimi intihara sövq edən oyunlar var ki, yeniyetmələri birbaşa intihara vadar edir. Yəni intihar səbəbləri çoxdur, xüsusən də yeniyetmələr kimi həssas qruplar üçün bu cür səbəblər onlarladır. Ancaq istənilən halda bu mövzuda sonuncu ittiham olunacaq ünvan dindir".

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev isə bildirdi ki, televiziyalardan dini proqramlar çıxarılmalı, orta məktəblərdə isə ancaq fənn bilikləri öyrədilməlidir: “İnkişaf etmiş ölkələrin əksəriyyətində din orta məktəblərdə tədris olunur. Lakin bir çox ölkələrdə isə bu məsələyə toxunmurlar. Bu, dinin xarakteri və onun rasional dərkindən daha çox asılıdır. Ümumiyyətlə, Azərbaycanda uşaqlarda dini dünya, görüşün formalaşmasında bir xaotik durum mövcuddur. Yəni dinin təbliğində boşluqlar çoxdur və bu da irasionallığı gücləndirir. Bütün televiziyalardan dini proqramlar yığışdırılmalıdır. Bu açıq-aşkar təbliğatdır. İstər-istəməz dinin təbliği uşaqların dünyagörüşünə, onların təfəkkürünə təsir göstərir. Böyük Ziya Gökalp gənclərdə din böhranının əmələ gəlməməsi üçün din dərslərinin canlı və elmi metodlarla öyrədilməsinin vacibliyini əsas götürürdü. Onun söylədiklərinin içərisində məktəbdə din dərsinin nəzəriyyəsi üzərində geniş ümumi düşüncələrə rast gəlinmir. İrrasionallıqdan söhbət düşmüşkən, tez-tez rastlaşırıq ki, uşaqlar mahiyyətini hələ dərindən dərk etmədikləri oruca cəlb edilirlər. Bu, çox vaxt onların səhhəti və psixikalarına mənfi təsir göstərir. Təsəvvür edin ki, ölkənin bir tərəfində vəhhabilik qadağan olunur, digər tərəfində isə bunun əl-qol açması üçün geniş şərait yaradılır. Onların öz icmaları var və çox güclü təbliğat aparırlar. Minlərlə gənc artıq o təriqəti qəbul edib. Onlar bütün adət-ənənələrdən, ana-atadan, dövlət işində çalışmaqdan imtina edirlər. Bu məsələyə nədənsə toxunan yoxdur. Dinin normadan artıq təbliğatı uşaqları ovsunlayır, onların gələcək planlarının üstündən xətt çəkir. Yəni konkret olaraq dinin təbliğinin irrasional formada olması artıq uşaqlara öz təsirini göstərməkdədir. Bu yaxşı hal deyil. Bəşəriyyətin yetişdirdiyi böyük dühalardan biri olan Kant yazırdı: ”Həm uşaqlara, həm də özümüzə fikir vermək lazımdır ki, Allahın adından tez-tez sui-istifadə olunmasın. Əgər onun adını hətta xeyirxah məqsədlə, səadət arzulayanda işlədirlərsə, bunun özü də, düzünə qalsa, sui -istifadədir".

Mən orta məktəb dərsliklərində dini aforizmlərin verilməsinin də əleyhinəyəm. Uşaqlara orta təhsil pilləsində konkret olaraq tədris olunan fənləri öyrətmək lazımdır. Onların humanitar, təbiət və texniki elmlər sahəsində təfəkkürləri inkişaf etməlidir. Uşaqlar müstəqil həyata atıldıqdan sonra dinə olan münasibətlərini müəyyənləşdirməlidirlər. Uşaq beyni -latınca buna “tabula rasa” deyirlər - ağ lövhəyə bənzəyir. Nə yazacağıqsa, təfəkkür də ona uyğun olaraq formalaşacaq".

musavat.com

Şərhlər

XƏBƏR LENTİ