XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » PA-dan jurnalisti söyən başçıya mesaj: Əhəd Abıyev çıxarıla bilər - Təfərrüat

PA-dan jurnalisti söyən başçıya mesaj: Əhəd Abıyev çıxarıla bilər - Təfərrüat

PA-dan jurnalisti söyən başçıya mesaj: Əhəd Abıyev çıxarıla bilər - Təfərrüat
1-12-2017, 09:56

Jurnalisti yazısına görə təhqir və təhdid etdirən Daşkəsənin icra başçısı Əhəd Abıyev vəzifəsindən çıxarıla bilər
Prezident Administrasiyasından Daşkəsənə edilən zəng icra başçısı üçün son xəbərdarlıq mesajı olub.
Ə.Abıyevin nəzərinə çatdırılıb ki, hər 2-3 aydan bir qalmaqalla gündəmə gəlir və sosial şəbəkələrin, mətbuatın “qəhrəman”ına çevrilir.
Jurnalist Seymur Verdizadəni yazısı ilə bağlı aşağılayan, ailəsini, özünü təhdid edən icra başçısının müavini Namiq Süleymanov da ilk dəfə deyil ki, adı mediada hallanır.
Onun kobud xarakterə malik olduğu və işçiləri, ayrı-ayrı adamları, şikayətçiləri təhqir etdiyi bildirilir. Elə Ə.Abıyevin də ağzı söyüşlü olduğu söylənir.
Ancaq unudur ki, mətbuatda gedən tənqidi yazıya münasibət bildirilə bilər, tənqidlə cavab verilər. Lakin Ə.Abıyev - N.Süleymanov cütlüyü əndazəni aşıblar.
PA-dan da xəbərdarlıq alan icra başçısı vəzifəsini itirmək təhlükəsi ilə üzləşib. Artıq Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da məsələyə münasibət bildirib.
O, Feysbukda Ə.Abıyevi qınayıb: “Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir.
Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər. Bunu təsadüfən bildirmədim.
Baxıram jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.
Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar.
Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir”.
Ə.Abıyevin 15 dekabra az qalmış yol verdiyi xəta arayışına əlavə olunacaq. Prezident bildirib ki, 15 dekabra kimi icra başçılarının dosyesi ona təqdim olunsun.
Belə ərəfədə Daşkəsənin icra başçısı jurnalistə təzyiq etmək, söymək, təhqir etməklə medianın gündəminə gəlib.
Belə görünür ki, bu rayona yeni rəhbər təyin oluna bilər. Çünki hər dəfə Ə.Abıyev rüsvayçı əməlləri ilə yadda qalır.
Onu da deyək ki, Daşkəsənin icra başçısı Əhəd Abıyev prezident İlham Əliyevin təyinatından illərdir ki, narazı qalıb.
Bir müddət əvvəl “Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, ucqar rayonun rəhbəri dövlət başçısının qərarına qarşı çıxaraq mərkəzi regionlardan birinə başçı getmək arzulayıb. Hətta yaxın çevrəsində bu qərardan şikayətləndiyi bildirilir.
Daşkəsəndə icra başçı vəzifəsindən getmək istəyən və başqa bölgəyə təyinat üçün çarpışan Ə.Abıyevin çırpıntıları hələ ki, nəticəsiz qalıb.
Nəticədə Ə.Abıyev rayonda qanunsuzluqların çoxalması üçün əlverişli imkan yaradıb. İcra başçısı filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac-xərac toplamasa, onların fəaliyyətinə imkan verməz.
Xatırladaq ki, jurnalistlər bağlı hadisə belə olub: jurnalist Seymur Verdizadə bir neçə gün əvvəl “Qafqazinfo”da yayımlanan “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub.
Məlumat üçün bildirək ki, həmin yazıda yaşlı nəslin gənclərin qarşısında maneə olması, onlara yol açmaması tənqid olunub.
S.Verdizadə yazı dərc olunandan sonra icra başçısının yaxınları və müavinləri tərəfindən təhqir edildiyini, ailə üzvlərinin təhdid olunduğunu bildirib:
“Əhəd Abıyev yaxınları vasitəsi ilə təzyiq etməyə başlayıb və sözügedən yazıya etirazını bildirərək mənə hədə-qorxu gəlir.
Bu gün səhər isə Ə. Abıyevin müavini Namiq Süleymanov zəng etdi, ünvanıma çox ağır söyüşlər səsləndirməyə başladı. Əlbəttə, onun səviyəsinə enmədim, nəzərinə çatdırdım ki, məsələni ictimailəşdirəcəm”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.