SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Əmanətlərin Sığortalanması Fondunun rəhbərini niyə dəyişdilər?

Əmanətlərin Sığortalanması Fondunun rəhbərini niyə dəyişdilər?

Tarix:

2-08-2017, 09:53

/ 58 122 dəfə oxundu.
Əmanətlərin Sığortalanması Fondunun rəhbərini niyə dəyişdilər?

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov növbəti 5 illik səlahiyyət müddəti bitdiyi üçün vəzifəsindən azad olunub. Müflis olmuş “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov bununla bağlı öz fikirlərini bölüşüb.

O qeyd edib ki, hər bir halda Azad Cavadov Fondun ilk rəhbəri kimi tarixdə qalacaq:

“Pis-yaxşı Fondun işini qura bilmişdi. Amma hadisələr göstərdi ki, o, əksər məmurlamız kimi yaxşı günün inzibatçısıdır. 2015-ci ildən başlayaraq bank sistemində vəziyyət ağırlaşan kimi problemlər, qeyri-dürüstlük, qeyri-peşəkarlıq, savadsızlıq və naşılıq üzə çıxdı.

Məlum olduğu kimi, Fondun 2 funksiyası var: 1) əmanətlərin sığortalanması; 2) lisenziyası ləğv olunmuş, o cümlədən müflis bankların ləğvi.

Fond birinci funksiyanın öhdəsindən qismən də olsa gəlirdi. Ən başlıcası bağlanan bankların qorunan əmanətləri üzrə kompensasiyalar əmanətçilərə ödənilirdi (bəzi problemlər olurdu əlbəttə, amma ümumən bu işi müsbət qiymətləndirmək lazımdır) və bu da bank sisteminə etimadın qismən də olsa bərpasına xidmət edib. Lakin o da məlumdur ki, kompensasiyalar əsasən Fondun öz vəsaiti deyil, Mərkəzi Bankdan aldığı kreditlər hesabına ödənilib. Buna görə də Fondun 8 il ərzində banklardan topladığı vəsaitin necə idarə olunması və niyə belə tez qurtarması ciddi suallar doğurur və xüsusi araşdırma, bəlkə də istintaq mövzusudur.

Təəssüf ki, Fondun bankların ləğvedicisi kimi fəaliyyətini tam mənfi qiymətləndirmək lazımdır. Bildiyiniz kimi, mən dəfələrələ, o cümlədən müflis olmuş ən iri bankın – “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri kimi də Fondun və Azad Cavadovun bu sahədəki fəaliyyətini kəskin tənqid etmişəm.

Komitənin iclaslarında Azad müəllimlə ciddi mübahisələrimiz də olub (bununla belə onun açıq diskussiyadan yayınmamasını da yüksək qiymətləndirirəm!). Hesab edirəm ki, Fond bankların ləğvi prosesində qeyri-şəffaf və qeyri-konstruktivdir. Cavadov açıq-aşkar bankları kreditorların nəzarətindən kənar ləğv etmək, əmlakını idarə etmək, satmaq və s. niyyətini nümayiş edirdi. Təsadüfi deyil ki, ləğvetmə prosesində olan 11 bankdan yalnız 4-də kreditorlar komitəsi yaradılıb (halbuki, Cavadov hamısında yaradacağına söz vermişdi). Həmin 4 komitənin də normal işləməsi üçün Fond tərəfindən adekvat tədbirlər görülməyib. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, yalnız mənim rəhbərlik etdiyim “Bank Standard”ın Kreditorlar Komitəsi nisbətən fəaldır və müəyyən nailiyyətləri var (o cümlədən bankın ləğvi ilə bağlı məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb olunub). Amma bütün bunlar əksər hallarda Fondun istəyinin ziddinə baş verib”.

Ə.Həsənov Fondun yeni rəhbəri Vüqar Abdullayevi təyinatı ilə bağlı təbrik edib:

“Ona fəaliyyətində uğurlar arzu edir, daha şəffaf və konstruktiv işinə ümid bəsləyir və onunla əməkdaşlığa hazır olduğumuzu bildirirəm. Bildiyim qədər, Vüqar müəllim bank sisteminin kadrı deyil. İndiki vəziyyətdə bu üstünlükdür. Çünki dəfələrlə demişəm ki, bank sistemimizin əsas problemlərindən biri onu idarə edənlərin hamısının banklarla sıx əlaqədə (xüsusən qeyri-rəsmi!) olmasıdır. Bu da obyektiv və qərəzsiz fəaliyyətə mane olur! Buna görə də inanıram ki, Fondun yeni rəhbərliyi bankların ləğvi prosesində şəffaf, obyektiv və konstruktiv mövqe nümayiş etdirərək həmin bankları bu günə qoyanların məsuliyyətə cəlb olunması, kreditorların və bütün zərərçəkənlərin maraqlarının qorunmasına və nəticədə bank sistemimizə etimadın daha da artmasına nail ola biləcək”.

Şərhlər

XƏBƏR LENTİ