SON DƏQİQƏ
XalqXeber.Az » Yüksək vəzifələrə təyin olunmuş sabiq MÜXALİFƏTÇİLƏR – SİYAHI

Yüksək vəzifələrə təyin olunmuş sabiq MÜXALİFƏTÇİLƏR – SİYAHI

Tarix:

24-02-2023, 10:36

/ 385 dəfə oxundu.
Yüksək vəzifələrə təyin olunmuş sabiq MÜXALİFƏTÇİLƏR – SİYAHI

Azərbaycan siyasi arenasında iqtidar partiyasından ayrılıb, müxalifətin yolunu tutan siyasətçilər kifayət qədərdir. Əksinə, müxalifət sıralarından ayrılıb, yüksək vəzifələrə təyinat alanların sayı isə daha çoxdur.

Xüsusilə də, Azərbaycan Milli İstiqlal Partiyasını tərk edənlər içərisində yüksək vəzifə tutanlar çoxluq təşkil edir. Bunun əsas səbəblərindən biri isə 1993-cü ildəki hakimiyyət dəyişikliyindən sonra AMİP daxilindəki parçalanmadır.

Belə ki, partiya daxili müzakirələr nəticəsində yeni hakimiyyətdə təmsil olunmağı dəstəkləyənlər Babək Hüseynoğlu, Vaqif Kərimov, Qabil Hüseynli, Mübariz Qurbanlı, Gündüz Cəlilov, Vilayət Quliyev, Eldar Salayev, Elçin Əfəndiyev və başqaları partiyadan istefa verərək Azərbaycan Demokratik İstiqlal Partiyasını təsis etdilər. Siyahıdakı ADİP-çiləri bir çoxu yüksək vəzifələrə təyinatlar da aldılar.

Xalqxeber.az bildirir ki, Bizim.Media yüksək vəzifələrdə çalışmış sabiq müxalifətçiləri araşdırıb.

Vilayət Quliyev

1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olmuş Vilayət Quliyev vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi şurasının üzvü olub. O, 1993-cü ilin yayında partiya sıralarından ayrılıb və Azərbaycan Demokratik İstiqlal Partiyasının üzvü olub.

V.Quliyev 2004-cü ildən etibarən fasilələrlə müxtəlif ölkələrdə səfir kimi fəaliyyət göstərib. O, 2004-2010-ci illərdə Polşa, 2010-2021-ci illərdə isə Macarıstanda Azərbaycanın fövqəlaə və səlahiyyətli səfiri olub. 2022-ci ilin mayında isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.

Mübariz Qurbanlı

2014-cü ildən bəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olan Mübariz Qurbanlı da Vilayət Quliyevlə bənzər siyasi yol keçib. O da, 1993-cü ildə partiya sıralarından ayrılıb, 1999-cu ildə isə YAP-a üzv olub. Komitə sədri təyin olunduğu 2014-cü ilədək, Milli Məclisin I, II, III və IV çağırış deputatı seçilib.

Elçin Əfəndiyev

Vaxtilə Etibar Məmmədovun partiyasında təmsil olunmuş xalq yazıçısı Elçin Əfəndiyev 1993-cü ilin yayında AMİP-dən ayrılıb. O, 1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini tutub. Həmin il baş tutan Prezident seçkilərindən sonra E.Əfəndiyev Nazirlər Kabinetinin yeni tərkibində yer almayıb.

Gündüz Cəlilov

Gündüz Cəlilov 4 iyul 1992-ci il tarixində qurulmuş Azərbaycan Milli İstiqlal Partiyasına üzv olub. O, 1993-cü ilin avqustunadək partiyanın katibi və Mərkəzi Seçki Qərargahının sədr müavini vəzifəsini daşıyıb. Siyahıdakı bir çox AMİP-çilər kimi ADİP sıralarına qoşulan Gündüz Cəlilov isə 1993-cü ildə Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub və 1999-cu ilə qədər bu vəzifəni icra edib.

Rauf Tağıyev

AMİP-dən çıxandan sonra uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Əmək Müfəttişliyinin rəis müavini vəzifəsində çalışıb. Səlim Müslümov nazir təyin olunandan sonra Rauf Tağıyev həmin vəzifəsindən uzaqlaşdırılıb. Bir müddət işsiz qalan R.Tağıyev bu yaxınlarda “Azərsu” ASC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Novruz Quliyev

2005-ci ildən 2020-ci illədək Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsini icra etmiş Novruz Quliyev də sabiq AMİP-çidir. O, I çağırış Milli Məclisin deputatı olarkən AMİP-ə keçib və 2000-ci ilədək partiyada təmsil olunub.

Novruz Məmmədov

2018-2019-cu illərdə Baş nazir olmuş Novruz Məmmədov bir müddət Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olub. O həmçinin, PA-nın Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri (1997 – 1 iyun 2017), PA-nın rəhbərinin müavini (2012–2017) və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri (1 iyun 2017 – 21 aprel 2018) kimi vəzifələrdə də çalışıb.

Qabil Hüseynli

ADİP-in qurucularından olan Qabil Hüseynli də AMİP-dən ayrıldıqdan bir müddət sonra dövlət müşaviri vəzifəsinə təyinat alıb. 1995-ci ilə qədər bu vəzifəni icra edən Q.Hüseynli, 1999-cu ildə Müsavata üzv olaraq, yenidən müxalifətdə təmsil olunmağa davam edib.

Ramin Bayramlı

2019-2021-ci illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri olmuş Ramil Bayramlı vaxtilə AMİP-in Nəsimi rayon təşkilatında gənclər birliyinin sədri vəzifəsini tutub.

İbrahim Məmmədov

Nazirlər Kabinetinin mətbuat katibi olan İbrahim Məmmədov, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbu orqanı olan “Azadlıq” qəzetində çalışıb.

İbrahim Məmmədov həmçinin 2005-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb.

2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub.

2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb.

Şərhlər

XƏBƏR LENTİ