SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Həmrəylik Marafonuna təzyiqə siyasi təşkilatlardan reaksiya

Həmrəylik Marafonuna təzyiqə siyasi təşkilatlardan reaksiya

Tarix:

30-06-2019, 12:02

/ 812 dəfə oxundu.
Həmrəylik Marafonuna təzyiqə siyasi təşkilatlardan reaksiya

İyunun 28-də Müsavat Partiyasının qərargahında "Repressiya və İşgəncələr Əleyhinə Komitə”nin təşkilatçılığı ilə qanunsuz cərimələnmiş ictimai və siyasi fəalların cərimələrinin ödənilməsi məqsədilə Həmrəylik Marafonu keçirilib.

Marafon əsasən həbslər və polis müdaxiləsi ilə yadda qalıb. Belə ki, tədbir davam etdiyi müddətdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, onun mühafizəçisi Ruslan Amirovu və digər bir neçə nəfəri saxlayaraq, aparıblar. Həmçinin çəkiliş aparan jurnalistlərdən də saxlanılanlar olub.

Tədbirə müdaxilə edən polis əməkdaşları Marafonun dayandırılması ilə bağlı xəbərdarlıq edib. 18:00-a qədər davam etməli olan yığıncaq təxminən saat 2-də bitib.

Həbslər və tədbirin yarımçıq qalmasına isə münasibət birmənalı olmayıb.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu hakimiyyətin həmrəylikdən və sərbəst toplaşmaqdan ehtiyat etdiyini deyib: "Ona görə də, belə tədbirlərin necə adalandırılmasına baxmayaraq xalqın dəstəyi ilə təşkilinə qarşıdır. Odur ki, onları bu qədər də ağılsız hesab edib, diqqətin əsas məsələdən yayındırılmasının əleyhinəyəm. Əsas məsələ odur ki, hakimiyyət azadlıqları boğur, represiyaları gücləndirir, xalqı qorxudur, həmrəyliyi pozur”.


Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavat qərargahına basqın barədə Sürixdə Avropanın 70-dək siyasi partiyasının liderinin iştirak etdiyi toplantıda məlumat aldığını deyib: "Həmin toplantıda Arif Hacılıdan Azərbaycanda dəyişikliklər vədi, islahat anonsları barədə soruşurdular. Azərbaycandan tutarlı cavab özünü gözlətmədi. Hakimiyyətin addımları nəinki islahatların olmayacağını, hətta tam məhv edilməmiş demokratik institutların sonadək məhvinə yönəldiyini təsdiqləyir”.

REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli, hökümətin çox primitivcəsinə gündəm dəyişməyə çalışdığını deyib.

"Ayıbdır, saxlanılanları azad edin, özünüzü bu qədər biabır etməyin”, - deyə Natiq Cəfərli bildirib.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov marafon keçirməyin qanunazidd hərəkət olduğunu deyib: "Məqsəd insanlarda qanunun aliliyi prinsipinə, dövlət orqanlarına etimadsızlıq yaratmaqla asayişi pozmaq, qarışıqlıq yaratmağa cəhd göstərməkdir. Buna yol verilə bilməz və yol verilməməlidir”.

Əli Əhmədov marafona cavab olaraq öz partiya üzvərini Silahlı Qüvvələrin Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib və öz əməkhaqqının 50 faizinin həmin fonda köçürüləcəyini deyib.

Binəqədi Rayon Polis İdarəsində bir müddət saxlandıqdan sonra tutulan şəxslər sərbəst buraxılıb.

Əli Kərimli sərbəst buraxıldıqdan sonra jurnalistlərə açıqlama verib.

O deyib ki, polisdə ona saxlanılması ilə bağlı yanlış anlaşma olduğu deyilib. Belə ki, "Repressiya və İşgəncələr Əleyhinə Komitə”nin təşkilatçılığı ilə qanunsuz cərimələnmiş ictimai və siyasi fəalların cərimələrinin ödənilməsi məqsədilə keçirilən Həmrəylik Marafonunu yürüş kimi başa düşüblər.

Şərhlər

XƏBƏR LENTİ