yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Hakimiyyət seçkiyə İlham Əliyevlə gedir - namizəd müəmmasına son qoydu

Hakimiyyət seçkiyə İlham Əliyevlə gedir - namizəd müəmmasına son qoydu
2-02-2018, 09:11 391 dəfə baxılıb

Fevralın 1-də Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olduğunu açıqlayıb. Əli Əhmədov bunu jurnalistlərə açıqlamasında bildirib.

Əli Əhmədov YAP Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral Gənclər Gününə həsr olunmuş tədbirində çıxışı zamanı da İlham Əliyevin prezident seçkilərində YAP-ın namizədi olacağını bəyan edib. Əli Əhmədov deyib ki, bu ilin oktyabr ayında prezident seçkisi keçiriləcək və YAP növbəti dəfə prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək. “İlham Əliyevin cəmiyyətdə yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır. Gənclər də seçkilərin yüksək səviyyədə keçməsi üçün fədakarlıqlar etməlidir. Əminəm ki, gənclər bunu dərk edirlər” deyə, o bildirib.

YAP-ın namizədinin elan edilməsi günün hadisəsi olub. Təcrübə göstərir ki, YAP adətən rəhbər qurumunun və ya qurultayının qərarı ilə namizədini elan edirdi. Qərar isə seçkiyə az qalanda verilirdi. Bu dəfə bir qədər erkən və qurultay olmadan icra katibinin vasitəsilə cəmiyyətə namizədin elan edilməsi maraq doğurmaya bilməz.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirib ki, bu açıqlamanın verilməsinin qurultayla əlaqəsi yoxdur. Sadəcə, prezident hakimiyyətin bütövlüyünü qorumaq məqsədilə namizədliyini erkən açıqladı və bu addım doğru addım idi: “Şəxsən mənə çatan xəbərlərə görə, hakimiyyət içində namizədin kimliyi ilə bağlı ciddi narahatlıqlar baş qaldırmışdı, kiminlə olacaqlarını müəyyənləşdirməyə çalışarkən təhlükəli oyunlara girişirdilər. Bu, Azərbaycanın dövlət təhlükəsizliyinə də problem yarada bilərdi. Çünki bəzi xarici ölkələr də ”kimə stavka edək" sualına cavab üçün Azərbaycan hakimiyyətinə təzyiqləri artıra bilərdi. Əli Əhmədovun hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olacağını açıqlaması şayiələrə son qoydu. Əlbəttə ki, Əli Əhmədovun açıqlaması razılaşdırılmış qərarın anonsu idi. Prezident İlham Əliyev bir il əvvəl xanımı və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanı birinci vitse-prezident təyin etdi. Bundan sonra gələcək prezident seçkisində hakimiyyətin namizədinin Mehriban Əliyevanın da ola biləcəyi müzakirələri genişləndi. Ancaq bunun üçün Mehriban Əliyevanın namizədliyini İlham Əliyev irəli sürməliydi. Bu ehtimal çox az idi, ancaq var idi, siyasi kuluarlarda müzakirə olunurdu. Mehriban Əliyevanın reytinqi əhali arasında yüksəkdir. Yəni Mehriban Əliyevanın namizədliyi irəli sürülsəydi, onun da İlham Əliyev kimi prezident seçilməsi şansı yüksək idi. Buna baxmayaraq, İlham Əliyev özü prezident olacağına qərar verdi".

Politoloq hesab edir ki, bunun 3 önəmli səbəbi var: “Birincisi, dövlət başçısı strateji baxımdan doğru qərar verdi, bu qərarını çox uzada bilməzdi. Çünki hakimiyyətin namizədi kim olacaq sualı ətrafındakı qeyri-müəyyənlik hakimiyyət içində gərəksiz müzakirələrə səbəb olur. Hakimiyyət içindəki bəzi qruplar digər namizədin irəli sürülməsindən ehtiyat edə, mövqelərini qorumaq üçün müxtəlif təhlükəli oyunlara qoşula bilərdilər. Bu isə hakimiyyətin özü üçün və dövlətin təhlükəsizliyinə müəyyən problemlər yarada bilərdi. İlham Əliyevin namizədliyinin elan olunması hakimiyyətin monolitliyini qorudu. Ancaq prezident həm seçkidən əvvəl, həm də sonra hakimiyyətdəki fiqurları dəyişməkdə davam edəcək.

İkincisi, prezident İlham Əliyev böyük iqtisadi, enerji və nəqliyyat layihələrin başlanğıcını qoyub və onların reallaşmasını, o cümlədən gəlir gətirən dövrünə özü şahidlik etmək istəyir. Bu layihələrin icrası həm Azərbaycanın gəlirlərini artıracaq, həm insanların sosial və iqtisadi problemlərinin həllini sürətləndirəcək, həm də Azərbaycanın bölgədəki nüfuzunu yüksəldəcək. Ancaq bütün bunlar 3-5 il ərzində baş verəcək. Ona görə də həmin dövrdə İlham Əliyev özü ölkəyə rəhbərlik etmək istəyir ki, bu onun nüfuzunun daha da artmasına şərait yaradacaq.

Üçüncüsü, Azərbaycanda maraqları olan bır sıra ölkələr də ölkəmizdəki seçkiqabağı vəziyyəti təhlil edir, “kimə stavka edək” kimi təhlükəli oyunlara baş vurmaq ərəfəsində idilər. Bu qərarın tez elan edilməsi həm də ölkəni xarici təhlükələrdən də qorumağı hədəfləyib".

E.Şahinoğlu növbədənkənar seçkinin keçiriləcəyini ehtimal etmədiyini dedi.

Müxalifət düşərgəsinin təmsilçisi, AXP sədri Pənah Hüseyn isə YAP-ın namizədinin açıqlanmasına belə münasibət bildirdi: “Bu, gözlənilən idi. Əslində Əli Əhmədovun açıqlamasından öncə də YAP-ın digər yetkili şəxsləri tərəfindən buna bənzər açıqlamalar səslənirdi. Əvvəldən gözlənilirdi ki, YAP-ın namizədi İlham Əliyev elan olunacaq. İndi bəyan edilməsinə gəlincə, bilirsiniz ki, müəyyən müzakirələr gedirdi ki, ola bilsin iqtidarın namizədi birinci vitse-prezident Mehriban Əliyeva olacaq. Qeyri-müəyyənliyi aradan qaldırmaq üçün namizədin kimliyi açıqlandı”.

“Yeni Müsavat” xatırladır ki, 2013-cü ildə də hakimiyyətin namizədinin M.Əliyeva olacağına dair versiyalar səsləndirilirdi. O vaxt iqtidar bu versiyalara təmkinli yanaşma sərgiləyirdi. O üzdən İlham Əliyevin namizədliyi 2013-cü ilin iyun ayında, YAP-ın qurultayında elan edildi. Görünür, İ.Əliyevin seçkidə namizəd olacağının ötən dəfəkindən 4 ay öncə elan edilməsinin ciddi səbəbləri olub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: lham, muemmasina, Hakimiyyet, son, gedir, qoydu, Eliyevle, sechkiye, , namized
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ