yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mübariz Mənsimov: ““Palmali”nin sahibi həmişə mən olacağam”

Mübariz Mənsimov: ““Palmali”nin sahibi həmişə mən olacağam”
13-05-2017, 14:50 82 529 dəfə baxılıb
yüklənir...

Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyə mətbuatına müsahibə verib

-Son dövrlər turizmdə baş verən dalğalanmalar səbəbindən bir çox şirkət çətin günlər keçirir. Siz də qısa bir müddət əvvəl şəhər otellerini satacağınızı açıqlamışdınız. "Edition Hotel" ilə bağlı xəbərlər yayılıb. Turizm sektorunu tamamilə tərk etməyi düşünürsünüz?

-Turizm sektorunda sadəcə "Edition Hotel"i satmışıq. Turizmdə gəlir gətirməyən işləri tərk edirik.

-Turizm sahəsi ilə bağlı yaxşı təklif olsa digər otelləri də sata biləcəyinizi demişdiniz. Bu sözləriniz hələ qüvvədədir?

-Mən iş adamıyam. Yaxşı qiymət versələr, əsas işimiz olan "Palmali", "Palmarina", "Palmalife" və Azərbaycandakı otelimizdən başqa hər şeyi sata bilərik. Daşınmaz əmlak işində də varıq, yaxşı qiymət versələr, sata bilərik. "Palmali"nin sahibi həmişə Mübariz Mənsimov olacaq. Bodrumdakı "Palmarina" və "Palmalife" ilə Azərbaycandakı otel həmişə Mənsimovlar ailəsinin olacaq. Bunları satmaq barədə düşünmürük. Türk xalqı üçün inşa etdik, elə də qalsın.

-"Edition Hotel"in satışından gəlir əldə edə bildinizmi?

-"Edition Hotel"dən pul qazana bilmədik, ziyana işləyirdi. Ziyanın yarısından qayıtmaq da xeyirdir deyə düşündük. Sərmayə qoyduğumuz pulu geri qaytardıq. 180-200 milyona yaxın pul xərcləmişdik. Bunun yarısı kredit idi. "Dənizbank"dan kredit götürmüşdük.

-Otellərin satışından əldə edilən məbləğ üçün yeni bir planınız varmı? Bu pulu əsas işiniz olan dənizçiliklə bağlı yeni kapital qoyuluşunda istifadə edəcəksiniz?

-Bəli. Son dövrdə qlobal olaraq dənizçilik işi zərbə aldı. Gəmi qiymətləri ucuzlaşıb. Bunu yaxşı dəyərləndirib əsas işimizə yönəltmək istəyirik. "Edition Hotel"in satışından əldə etdiyimiz maliyyəni də əsas işimiz olan gəmiçiliyə sərf etdik.

-Siz Rusiya, Qara dəniz, Aralıq dənizi, Xəzər və Baltik dənizinin daxili limanları arasında nəqliyyatda ən güclü şirkətlərin rəqibisiniz. Hədəfinizi dünya səviyyəsində nəqliyyat bazarına yönəltmisiniz. Dünya artıq çox kiçikdir. Siyasi və iqtisadi çaxnaşmalardan kənarda qalmaq mümkün deyil. Bir ölkə ilə yaşanan siyasi bir böhran embarqolarla müşayət olunur. Bunun öhdəsindən necə gəlirsiniz?

-Əslində dünyada qlobal bir sıxıntı var. Bir tərəfdən Şimali Koreyanın nüvə təhlükəsi, digər tərəfdən isə ABŞ prezidenti Donald Trampın izləyəcəyi siyasət qeyri-müəyyənlik yaradır. Rusiya ilə Türkiyənin arasına "şeytan" girdi. Rusiya ilə yaşanan böhrən bizə təsir etdi. Rusiyadakı ən böyük ikinci dənizçilik şirkəti bizik. Birinci yerdə dövlət şirkəti var. Rus bayrağı altında üzən gəmilərimiz kabotajda (dənizçilik terminidir, eyni dövlətin limanları arasında işləyən yük və sərnişin gəmiləri üçün nəzərdə tutulub - red.) işlədiyi üçün bizə çox təsir etmədi. Amma bəzi işləri tərk etdik. Bu səbəbdən işçi sayımız 45 mindən 35 minə qədər azaldı. Dövlətlər bir-biri ilə savaşa bilər, amma bu iş dünyasında əks olunmamalıdır.

-Əsl işiniz olan yükdaşımaçılığa yönələndə gəmi investisiyalarındakı hədəflərinizi də ciddi şəkildə yoxladınızmı? Hazırda 270 gəminiz var. 5 ildən sonra sizi yeni coğrafiyalarda görə biləcəyikmi?

-Gəmilərin sayı dəyişir. Ortalama yaşı 5-də tutmağa çalışırıq. İl ərzində orta hesabla 7 yeni gəmi alıb, 5-ni satırıq. 15-20 il yaşı olan gəmiləri saxlamamağa çalışırıq. Dünya səviyyəsində ən böyük 7-ci dənizçilik şirkətiyik. Məqsədimiz 2020-ci ildə 1-ci olmaqdır. 2018-ci ilin sonunda dənizçilik sektorunun canlanacağını düşünürəm.

-İnkişaf planlarınız nədir?

-Maliyyə partnyorluğu, önəmli bankların köməyi ilə böyüyəcəyik. Çox şükürlər olsun ki, banklar "Palmali"yə inanırlar. Kreditlərimizi formalaşdırdılar. Buradan onlara minnətdar olduğumu bildirmək istəyirəm. 20 ildir ki, banklarla əməkdaşlıq edirik. Dənizçilik və off-shore, yəni neft quyularına xidmət sahəsində böyüməyi planlaşdırırıq. Yeni gəmilərə ehtiyac duyacağıq və bunların bir hissəsini Türkiyədə inşa etdirməyə davam edəcəyik.

-Gəmi tutumunu 3 milyondan 5 milyon tona çatdırmaq hədəfini necə həyata keçirməyi planlaşdırırsınız?

-Malta, Rostov və İstanbulda ofislərimiz var. Bütün ofisləri birləşdirib Maltadakı şirkətə tabe edəcəyik. Böyük bir tonnaj ortaya çıxacaq.

-"Palmali Qrup"un azlıq payları üçün Azərbaycanın "SOCAR" və ABŞ-ın "Goldman Sachs" investisiya bankı ilə danışıqlar apardığınız iddia edildi. Bir ortaqlıq görüşü gündəmdə varmı?

-"SOCAR" və ya "Goldman Sachs" ilə ortaq olmayacağıq. Bir dövlət şirkəti ilə ortaq olmaq istəmirəm. O fikrin sahibini də (Alaattin Aykaç) uzaqlaşdırdım. Şirkətdə daxili təmizləmə işi apardıq. "Palmali"nin sahibi həmişə Mənsimov olacaq. "Goldman Sachs" mövzusunda isə "öz yağımızla qovrulacağıq" deyirəm.

-"SOCAR"la niyə ortaq olmaq istəmədiniz?

-Təəssüflər olsun ki, "SOCAR"la iş tərzimiz bir-birinə uyğun gəlmədi. Baxışlarımız fəqli olduğu üçün və o vaxt gündəmdə olan iqtisadi vəziyyəti dəyərləndirərkən də fikir ayrılıqları oldu. Bildiyiniz kimi, “Palmali” 20 ildir ki, fəaliyyət göstərən bir şirkətdir və açıldığı gündən beynəlxalq iş təcrübəsinə sahibdir. Sektorda əldə etdiyi məlumat və təcrübə sayəsində bu il “Clarkson” şirkətinin keçirdiyi araşdırmala görə dünya dənizçilik şirkətləri arasında 7-ci yeri tutub. Həmişə olduğu kimi bundan sonra da daha peşəkar, dünya səviyyəli böyük şirkətlərlə əməkdaşlıq etməyə hazırıq. İllərin verdiyi təcrübəyə və komandama güvənirəm.

-Türkiyə üçün vacib bir dövr olan referendum prosesi geridə qaldı. Bundan sonra nələri gözləyirsiniz? Prezident-üsul idarə sisteminin Türkiyə iqtisadiyyatına hansı təsirlərini gözləyirsiniz?

-Türkiyə kürd, laz və s. kimi bölünməməlidir. Türkiyə Respublikası vətəndaşlarının hər biri eyni hüquqa malik olmalı, eyni rəftara tabe olmalıdır. Dini inanca görə insanlar bölünməməlidir. Müasir Türkiyə bu gün bütün müsəlman dünyasının modelidir. Bu müasir xəttin pozulmaması, davam etməsi lazımdır. Rəcəb Tayyip Ərdoğan Türkiyənin tarixdə Mustafa Kamal Atatürkdən sonra ən böyük lideri, ən böyük şansıdır. Çox gözəl işlər həyata keçirib və keçirəcəyinə inanıram. Mənə görə prezident üsul idarə sisteminin Türkiyəyə çox böyük faydası olacaq. İndi dünyada bir çox ölkə bu sistemlə idarə edilir. Dünya siyasi platformasında məcburən hər kəs sözünü dinləyir. Prezidentimizin gələcəyə baxışı sayəsində bir çox doğru və gözəl işlər görülüb. Məsələn, səhiyyə və təhsil sektorunda bir çox uğurlu addımlar atıldı, vətəndaşların işi asanlaşdı. Böyük layihələrlə tanış olduq, Mərmərə, Avrasiya tuneli, sürətli dəmiryolu xəttləri, avtomobil şoseləri vəs. İxracat və turizmdə rekorda imza atıldı. İxracat edilməyən ölkə demək olar ki, yoxdur. 10 il ərzində daha da gözəl işlər olacaq. Allah qismət etsə, yaşayıb görəcəyik. Doğrusu, xaricilərin böyük əksəriyyəti 20 il əvvəlin Türkiyəsinin prezidentini tanımırdılar. Amma bu gün dünyanın bir çox ölkəsində hətta uşaqlar da Ərdoğanı tanıyır.

-Səhmlərinizi açıq satışa çıxarmaq barədə planınız varmı?

-2020-ci ildə Nyu-Yorkda səhmlərimizi açıq şəkildə satışa buraxmaq fikrindəyik. Şirkətin 20-30% hissəsini satmağı düşünürük.

-Nyu-Yorku seçməyinizin xüsusi bir səbəbi varmı? Niyə məhz Nyu-York?

-Nyu-York dah geniş bir bazardır. Biz çay yükdaşımasında gəmi sahibi olaraq dünyadakı ən böyük şirkətik. ABŞ bu mövzuda çox böyük bir bazardır və orada bizimlə rəqabət apara biləcək bir şirkət yoxdur.

-Rusiya, Malta və Türk bayraqlı gəmiləriniz var. Türk bayraqlı gəmi nisbəti neçədir? Yeni investisiyalarla bu nisbət dəyişə bilərmi?

-Gəmilərimizin əksəriyyəti Malta və Rusiya bayrağı altında üzür. Hörmətli prezidentimizin sayəsində dənizçilər üçün iki bayraq və vergidən müəyyən sərbəstli və təşviqlər təyin edilib. Biz də onu dəyərləndirib Malta bayrağından istifadə edirik. Türkiyədə gəmi sahiblərinin 90%-i Malta bayrağından istifadə edir. Türk gəmi sahibləri Türk Lloydunu dəstəkləməlidir. Mən bir gündə bütün gəmilərimə Türk bayrağı asa bilərəm. Bu gün başda “Ciner Qrup” olmaqla Türkiyənin çox ciddi və güclü gəmi sahibi qrupları var. Yalçın Sabancı kimi insanlarla hazırda güclü şirkətlər var. Sektorda əvvəldən animasiyaçılar var idi, indi gəmi sahibləri (armator) var.

Biz türk tərsanələrində son 10 ildə 48 gəmi inşa etdirdik. Türk gəmi sahibləri arasında bizim qədər gəmi inşa etdirən başqa bir şirkət yoxdur. Türkiyədə dənizçilik sənayesinə ən böyük gəliri və faydanı biz veririk deyə bilərik. İldə 30-40 gəmi təmir edirik. Gəmi sahibliyi asan iş deyil, savaşa oxşayır, düzgün işi görən hər zaman qalib gəlir.

-ABŞ prezidenti Donald Trampın xüsusi dəvəti ilə 20 yanvarda Ağ Evdə keçirilən inaqurasiya tədbirində iştirak etdiniz. ABŞ iş planlarınızda hansı yeri tutur?

-Tramp Türkiyə və ABŞ üçün ən yaxşı seçimdir. Trampın yaxşı prezident olacağına əminəm. Tramp və Ərdoğanın xəttlərinin oxşar olduğunu, bunun ABŞ-Türkiyə münasibətlərinə kömək edəcəyini düşünürəm. Dostluğumuz iş adamı olduğu dövrdən başlayır. Floridada şirkət qururuq, işlər başa çatmaq üzrədir.

Digər tərəfdən noyabr ayında ABŞ-da iştirak etdiyimiz vacib bir tenderin nəticələri məlum olacaq. Bu dənizçilik sahəsində bir tenderdir, amma nəticələr açıqlanmadan məlumat vermək düzgün olmaz. Tender prosesində üç şirkət qaldıq. Digər iki şirkətin biri fransız, digəri isə ABŞ şirkətidir. Tenderdə şansımızın çox olduğunu düşünürəm. Tenderlə bağlı olaraq yeni gəmilərə ehtiyacımız olacaq. ABŞ-da işləyən gəmilərin orada inşa edilməsi lazımdır, amma biz müəyyən bir hissəsini Türkiyədə inşa etməyi düşünürük.

-Futbol maraq dairənizdədir. Bəzi futbol klubları ilə sponsorluq barədə görüşlər etdiyiniz idda edilir. Belə bir düşüncəniz varmı?

-Türkiyəyə gəldiyim gündən bəri “Beşiktaş” klubunun tərəfdarıyam. Heç vaxt tərk etmədim, etmərəm də. Sevdalıyam. “Beşiktaş” türk komandasıdır. Bizim rəngimiz ağ-qaradır. Klub prezidenti Fikret Orman çox uğurludur. Dünyanın ən gözəl stadionunu tikdirib. Bu il inşallah çempion bizik. Bəzi komandalara kömək etdik, amma bunları dilə gətirmək düzgün deyil. Yaxşılığı şouya çevirmək olmaz. Sponsor olmaq qərarını versək, təbii ki, “Beşiktaş”a sponsor olmaq istəyərəm.

ölkə.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Palmalinin, hemishe, olacagam, men, sahibi, Mubariz, Mensimov
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

27-05-2017


26-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ