SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

"Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Tarix:

7-05-2024, 14:03

/ 384 dəfə oxundu.
"Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Qəza törədən sürücü ziyanı ödəməkdən imtina edir ?

Bakıda idarə etdiyi avtomobillə qəza törədən şəxs qarşı tərəfə vurduğu ziyana görə məsuliyyətdən yayınmaq istəyir.

Bu barədə redaksiyamıza daxil olan şikayətdə bildirilir. Xanım şikayətçi bildirib ki, aprelin 19-da idarə etdiyi  “Leopmotor C 11” elektromobili ilə işıqforda dayandığı zaman Qasımov Orxan Şahin oğlunun idarə etdiyi “Maybach”  markalı 77 AN 037 dövlət nömrə nişanlı avtomobili arxadan zərblə onun avtomobilinə  dəyib. Sürücü avtomobili çox yüksək sürətlə sürdüyünə görə vurduğu avtomobilə ciddi ziyan dəyib və sürücü xanım həm psixoloji, həm də fiziki xəsarətlər alıb:

“Sürücü maşından düşərək mənə yaxınlaşdı, içkili olduğu bəlli olurdu. Yalvarırdı ki, heç kəsə müraciət etməyim, dəfələrlə mənə yeni avtomobil alacağını bildirdi. İçkili olduğunu hətta yanımda olan rəfiqəm də hiss etdi. Səhəri günü hadisənin araşdırılması çərçivəsində tibbi ekspertizadan keçdim, təhqiqatçıya izahat verdim və bundan sonra qəzanı törətmiş şəxs mənimlə görüşmək istədiyini bildirdi. İki gün sonra onunla görüşdük, yanında özünü prokurorluq orqanlarının əməkdaşı kimi təqdim edən Eldar adlı şəxs də vardı.

Həmin şəxs mənə 6 min ABŞ dolları təklif etdi, təbii ki, mən bununla razılaşmadım. Çünki mənim maşınımın qiyməti 60 min AZN-dir, lizinqlə olduğuna görə məbləğ 96 min manata çatır. Maşının satıldığı salondon bildirdilər ki, hətta onu geri qaytarsam belə, borcumu ödəməli oluram, yəni istənilən halda mənə ziyan dəyir. Mən qarşı tərəfə təklif etdim ki, 20-25 min ABŞ dolları ödənilsin, çünki elektromobil olduğuna görə təmiri 6 aya yaxın zaman aparacaq. Həmin müddətdə də mən salona hər ay 1000 ABŞ dolları borcumu ödəməli idim. Yəni bütün hallarda mənə çox böyük ziyan dəyir”.

Şikayətçinin sözlərinə görə, qarşı tərəf bununla da razılaşmayıb. Borc tapmaq üçün bir neçə gün möhlət istəyib, daha sonra isə 15 min ABŞ dolları verəcəyini, amma həmin məblıği də mərhələli şəkildə ödəyə biləcəyini deyib. Üstəlik də qəza törədərək ciddi ziyan vurduğu avtomobilin öz adına keçirilməsinə razılıq verməyib:

“Təhqiqatçıya müraciət edərək şikayət ərizəsi yazmaq istdiyimi dedim, ancaq mənə bir neçə gün gözləməyi məsləhət gördülər. Ardınca da mənə bildirildi ki, işimizə məhkəmə baxacaq, avtomobilimin kasko sığortası olduğuna görə dəymiş ziyanı o qarşılayacaq. Ancaq avtomobilimin təmirini sığorta qarşılasa da, mən azı 6 ay avtomobilsiz qalacağam, bu müddətdə əlavə xərclərim yaranacaq, həmin müddətdə də mən salona avtomobilin aylıq ödənişlərini etməli olacağam.

İndi təhqiqatçı bildirir ki, güya həmin şəxs içkili vəziyyətdə olmayıb, halbuki hadisə baş verən zaman yanımda olan rəfiqəm də onun içkili olmasının şahididir. Əgər onun hansısa narahatlığı yox idisə, niyə hadisə baş verəndə və ondan sonrakı bir neçə gündə mənə şikayətçi olmamağı, dəyən ziyanı ödəyəcəyini, hətta yeni maşınla təmin edəcəyini deyirdi? Yəqin ki, daha sonra “hansısa qaydada” məsələni həll edəcəyini düşünüb və indi mənə dəyən ziyanı ödəməkdən imtina edir.

Çünki hadisədən sonra mənimlə müzakirə etmək üçün yanında gələn Eldar adlı şəxs prokurorluq orqanlarının əməkdaşı olduğunu deyərək bütün məsələləri "öz bildikləri kimi" həll edəcəklərini demişdi”. (Bakufakt.az)

Şikayətçi məsələnin araşdırılmasını və ona dəyən ziyanın ödənilməsini istəyir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ