XalqXəbər.Az

Daha bir neçə bank bağlanma təhlükəsi ilə üz-üzə - Kredit verə bilmirlər...

yüklənir...
Daha bir neçə bank bağlanma təhlükəsi ilə üz-üzə - Kredit verə bilmirlər...
20-12-2018, 09:42
yüklənir...

Oktyabrda kreditlərdə 122 milyon manat azalma qeydə alınıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatlarından əldə edilən məlumatlara görə, bankların müştərilərə verdikləri kreditlər sentyabr ayının sonu ilə müqayisədə oktyabrda 122 milyon manat azalaraq 11 milyard 889.2 milyon manata düşüb. Sentyabrın sonunda bankların müştərilərə verdikləri kreditlər 11 milyard 901.4 milyon manata çatmışdı. Sentyabr ayının sonu ilə müqayisədə kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat 1 milyard 648.4 milyon manatdan 1 milyard 536.5 milyon manata düşüb (111,9 milyon manat azalma). Nəticədə xalis kreditlər 10 milyard 252.9 milyon manatdan 10 milyard 352.7 milyon manata yüksəlib (99,8 milyon manat artım).

İllik müqayisədə bankların müştərilərə verdikləri kreditlər cüzi artıb. 2017-ci il oktyabrın 31-də 11 milyard 707.5 milyon manat təşkil etmiş kreditlər 2018-ci il oktyabrın 31-də 11 milyard 889.2 milyon manata yüksəlib (181,7 milyon manat və ya 1,5 faiz artım). Banklarda kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat isə 1 milyard 651 milyon manatdan 1 milyard 536.5 milyon manata düşüb. Nəticədə xalis kreditlər də 10 milyard 56.5 milyon manatdan 10 milyard 352.7 milyon manata yüksəlib.(marja)

Məlum məsələdir ki, bankların əsas gəlir yerləri kreditlərdir. Bu da əldən çıxarsa, bankların bağlanma təhlükəsi aktuallaşır.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda bankların əsas gəlir yeri verilən kreditlərdir:

“Ödəniş əməliyyatları, hesablaşmalar, valyuta mübadiləsi və.s prosedurlar banklara elə də böyük gəlir gətirmir. Buna görə də banklar əsasən kredit verməkdə maraqlıdırlar. Kreditin azalmasının müxtəlif səbəbləri var. Belə ki, bankların ya pulları çatmır, ya etibarlı, normal müştəriləri yoxdur və.s. Əgər pulları yoxdursa, bu o deməkdir ki, banklar heç yerdən vəsait cəlb edə bilmirlər. Yəni, əmanətləri azalır, Mərkəzi Bank kredit vermir, xaricdən pul cəlb edə bilmirlər. Problemli kreditlərin həcmi çox olan banklar kredit verməkdə maraqlı olmurlar. Hazırda bankların normal müştəri tapması çətindir. Çünki əhalinin də, sahibkarların da ödəniş qabiliyyətində problem yaranıb. Amma ilin sonuna yaxın adətən kreditləşmə faizi aşağı düşür. Bir qayda olaraq banklar il sonunda Mərkəzi Banka, eləcə də xarici banklara olan borclarını bağlamalıdırlar. Adətən bu ödənişlər il sonunda həyata keçirilir. Buna görə də həmin pul bankın özünə lazım olur. Amma hər bir halda kreditləşmə olmasa, bankların inkişafının qarşısı alınacaq və nəticədə iqtisadi böhran yarana bilər”.

Ekspert 2018-ci ili banklar üçün durğunluq dövrü kimi dəyərləndirib:

“Cari il bank sistemində prinsipcə kəskin pisləşmə qeydə alınmadı. Hətta milli valyutanın sabitliyi müqabilində banklarda əmanətlərin həcmi cüzi artdı. Əvvəlki illərdə azalma var idi. Əslində heç bir problem həll olunmadı. Bilirik ki, milli valyuta süni şəkildə sabit saxlanılır. Ehtimal olunur ki, gələn ilin mart ayından əmanətlərin tam sığortalanma sistemi olmasın. Həmçinin bu il problemli kreditlərin qaytarılması üçün ciddi addımlar atılmadı. Bunun əsas səbəblərindən biri o idi ki, bu sahəyə məxsus olan dövlət qurumları arasında ziddiyyətlər mövcuddur. Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, eləcə də Maliyyə Nazirliyinin vahid proqramları yoxdur. Əslində 2018-ci il də boşa getdi, ortaya heç bir proqram qoymadılar. Hətta Palatanın daxilində belə müəyyən ziddiyyətlər və qarşıdurmalar var idi. Nəticə MBNP-sı publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olundu. Şuranın ləğv olunması ilə sədr Rüfət Aslanlı vəzifəsini itirdi. Hesab edirəm ki, cari il bank sistemi üçün itirilmiş və durğun bir dövr oldu”.

2019-cu ildə bank sistemində gözləntilərə gəlincə, Əkrəm Həsənov qeyd edib ki, proseslər olduğu kimi davam etsə, ciddi dəyişikliklərin olmasını demək üçün əsas görmür:

“Ehtiyat edirəm ki, gələn il də bu il kimi durğun keçəcək. Bu isə bank sistemini lap pis vəziyyətə qoya bilər. Hələlik nikbin proqnoz üçün əsas görmürəm. Heç ortada proqram yoxdur ki, nə etmək istəyirlər?! Bank sektorunu idarə edən şəxslərin özündə problem var. Yəni, kadr çatışmazlığı var. Qənaətimcə, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi dəyişdirilməsə, bu kadrlarla vəziyyəti düzəltmək mümkün deyil. Hələlik bu da baş vermir”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.