SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident və xanımı forumun açılışında

Prezident və xanımı forumun açılışında

Tarix:

5-05-2017, 12:49

/ 141 535 dəfə oxundu.
Prezident və xanımı forumun açılışında

Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlət başçısı mərasimdə nitq söyləyir.

Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur.

Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçiriləcək.

***

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib.

Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində söyləyib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının sayının ildən-ilə artdığını bildirən Prezident İlham Əliyev Forumun tərəfdaşlarının siyahısının geniş olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti deyib ki, mədəniyyətlərarası dialoq olmasa, bütün dünya təhlükə ilə üzləşər. Azərbaycan tolerantlığı, dini dözümlülüyü ilə fəxr edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Multikulturalizm Azərbaycanda həyat tərzidir. Azərbaycan xalqı hər zaman multikulturalizmi dəstəkləyib və ölkə hüdudlarından kənara yayıb.

Bu gün dünyada münaqişələrin, vətəndaş müharibələrinin baş verdiyini vurğulayan dövlət başçısı bunun müxtəlif dinlərin, etnik qruplar arasında anlaşmanın çatışmazlığından irəli gəldiyini söyləyib. Prezident 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladıb, bunun həm də regionda anlaşmaya xidmət etdiyini vurğulayıb.

***

Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparılıb, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib.

Bu fikirləri prezident İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində söyləyib.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan torpaqların işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmir. Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi hissəsidir.

Şərhlər

XƏBƏR LENTİ