SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yarım saat vidalaşan, ikinci sualda qışqıran, telefonu 24 saat açıq olan, “müsait deyiləm” deyən deputatlar - KİMDİR?

Yarım saat vidalaşan, ikinci sualda qışqıran, telefonu 24 saat açıq olan, “müsait deyiləm” deyən deputatlar - KİMDİR?

Tarix:

13-02-2019, 13:55

/ 2 546 dəfə oxundu.
Yarım saat vidalaşan, ikinci sualda qışqıran, telefonu 24 saat açıq olan, “müsait deyiləm” deyən deputatlar - KİMDİR?

Millət vəkili seçicisinin danışan dili, görən gözüdür. Parlamentdə təmsil olinan millət vəkilinin ümdə vəzifəsi xalqı narahat edən məsələləri müzakirəyə çıxararaq həllinə nail olmaqdır.

Bu gün Milli Məclisdəki deputatlardan heç də hamısı aktiv deyil. Bəziləri o qədər passivdir ki, adları belə ictimaiyyətə tanış gəlmir. Cebhe.info media nümayəndələri ilə aktiv və passiv deputatları müzakirə edib.

Teleqraf.com-un əməkdaşı Mənsur Rəğbətoğlu deyib ki, bəzi deputatların niyə danışmadıqlarını heç Allah da bilmir:

"Elman Nəsirli, Asim Mollazadə, Tahir Kərimli, Fərəc Quliyev, Aydın Mirzəzadə, Aqil Abbas, Zahid Oruc, Fazil Mustafa, Fəzail İbrahimlinin qəbuluna tez düşmək mümkündür. Elə buna görə də mətbuatda fəaldırlar. Açıqlama almasam da, Azər Badamov, Məlahət İbrahimqızı, Cavanşir Feyziyev, Əli Məsimli, Vahid Əhmədov, Hikmət Babaoğlu, Siyavuş Novruzov, Fəzail Ağamalı, Nizami Cəfərov da fəaldır. Araz Əlizadənin də qəbuluna tez düşmək mümkündür, amma düşməsən, ondan yaxşıdır. Bir çimdik açıqlama almaq üçün gərək “Koroğlu” dastanı boyda suallar verəsən. Amma adamın başının üstündə Allah var, yaxşı sağollaşmağı var. Araz müəllimlə iki dəqiqəlik açıqlama vida mərasimindən uzun çəkir. Belə duyğusal, essentrik anlar... Rasim Musabəyov da onun kimi... Amma Rasim müəllimi tutmaq elə də asan deyil. Tutanda da, səni borclu çıxarır. Suala elə cavab verir ki... Rasim müəllim həmişə ikinci suala görə qışqırır. Ona ikinci sualın cinayət olmadığını isbat etmək üçün gərək həmin sualı onun özü kimi verəsən. Axırda elə sakit sağollaşır ki, elə bil qaynayan yağın içinə su tökürsən. Yerdə qalan deputatların da niyə danışmadıqlarını yəqin ki, heç Allah da bilmir, özləri bilsələr bəsdir. Elə danışmasalar yaxşıdır”.
“Sputnik Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Rumiyyə Miraslan Milli Məclisin deputatlarının əksər hissəsinin passiv olduğunu deyib:

“Bəzilərinin demək olar ki, varlığı ilə yoxluğu hiss olunmur. Elə deputat adları ilə qarşılaşıram ki, bilmirəm, buna görə mən utanmalıyam, yoxsa onlar... Sayları çox olduğuna görə adlarını sadalamaq istəmirəm. Ancaq aktiv hesab etdiyim millət vəkillərinin adlarını açıqlayım. İlk növbədə telefonu 24 saat jurnalistlərə açıq olan, istənilən məsələyə həm münasibət bildirən, həm də bacardığı qədər kömək edən millət vəkili Qənirə xanım Paşayevadır. Qənirə xanım millət vəkilinin örnək nümunəsidir. Daha sonra Fazil Mustafanın adını çəkmək istəyirəm, o da özünü dağ başına qoyan deputatlardan deyil, əksinə, xalqa, mediaya yaxındır, əlçatandır. Nə qədər önəmli işi olsa belə demək olar ki, dəvət etdiyimiz bütün tədbirlərdə iştirak edir. Vahid Əhmədov da həmçinin.. . Vahid müəllim də istənilən sualı cavablandırır, istənilən məsələyə münasibət bildirir, telefonu açmayan, "müsait deyiləm" deyə sualdan yayınan deputatlardan deyil. Fəzail İbrahimli, Aydın Mirzəzadə, Zahid Oruc, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Əli Məsimlinin də adlarını mediaya açıq, aktiv deputatların sırasında çəkə bilərəm”.
Versus.az saytının əməkdaşı Tahirə Qafarlının fikrincə, bəzi deputatların işi yalnız Milli Məclisdə say doldurmaqdır:

“Milli Məclisdə 125 deputat yeri var ki, hazırda bu yerlərin 6-sı boşdur. Parlamentdə olan deputatları məsələlərə münasibətdə 3 qismə bölmək olar. Hər bir məsələ ilə bağlı fikir bildirən, yəni vaxtaşırı problemləri göstərərək aktiv görünən, yalnız aid olduğu komissiyanın qaldırdığı məsələyə münasibət bildirən və ümumiyyətlə heç bir məsələyə reaksiya verməyən... 3-cü qrup deputatları az qala media nümayəndələri tanımadığı halda adi vətəndaşların tanıya bilməsi çox çətindir. Çünki bu deputatların işi yalnız Milli Məclisdə say doldurmaqdan ibarətdir. Susqun deputat qrupu o qədər reaksiyasız qalır ki, az hallarda mətbuata çıxmaq imkanı olanda belə ya danışmaq istəmir, ya da fikirlərini çətinlikə ifadə edir. Ona görə də danışmayanlar ictimaiyyət tərəfindən izlənmir, görünməz olurlar. Görünməzlərdən danışmaq çətin olsa da, onları tanıtmaq yerinə düşər”.
Jurnalist daha fəal deputatlar arasında Qənirə Paşayeva, Zahid Oruc, Fazil Mustafa, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Siyavuş Novruzovun adını çəkib. Deyib ki, yalnız müəyyən məsələlərdə fikir bildirən deputatlar sırasına Jalə Əliyeva, Nizami Cəfərov, Zeynəb Xanlarova, Elxan Süleymanov, Yevda Abramov, Tahir Kərimli, Araz Əlizadə, Fəzail İbrahimli, Aydın Hüseynov, Hikmət Babaoğlu, Gövhər Baxşəliyevanı aid etmək olar. Danışmağı sevməyənlər sırasına Hüseynbala Mirələmov, Tahir Süleymanov, Cavid Qurbanov, Rufət Quliyev, Flora Qasımova, İmamverdi İsmayılov, Mahir Abbaszadə, Vasif Talıbov, Kəmaləddin Qafarov, Madər Musayev, Mixail Zabelin , Rauf Əliyev, Ülvi Quliyev, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Eldar Quliyev, Şəmsəddin Hacıyev, Sevinc Fətəliyeva, Ağacan Abiyev, Pərvin Kərimzadə , Naqif Həmzəyev, Xanlar Fətiyev , Mirzəcan Xəlilov daxildir: “Bütün hallarda seçici hərdən də olsa deputatının səsini canlı eşitsə, yaxşı olar”.
“Cümhuriyət” qəzetinin əməkdaşı Vilayət Muxtar hesab edir ki, danışmayan, aktiv olmayan deputatların mandat sahibi olması yaxşı hal deyil:

“Milli Məclisdə elə deputatlar var ki, küçədə görsən tanımazsan. Baxmayaraq ki, onlar bir bölgəni parlamenetdə təmsil edir. Bəzilərini heç seçiciləri belə tanımır. Aktiv olan deputatlar maksimum 25 nəfərdir ki, onları da cəmiyyət tanıyır. Spiker Oqtay Əsədov, vitse-spikerlər Bahar Muradova, Ziyafət Əsgərov, deputatlar Zahid Oruc, Əflatun Amaşov, Siyavuş Novruzov, Fazil Mustafa, Qüdrət Həsənquluyev, Fərəc Quluyev, Tahir Kərimli, Vahid Əhmədov, Hadi Rəcəbli, Musa Quliyev, Əli Məslimli, Qənirə Paşayeva, Aydın Mirzəzadə mütəmadi olaraq danışır, aktivlik nümayiş etdirirlər. Deputatların böyük əksəriyyəti isə demək olar ki, kreslo zəbt etməklə məşğuldur. Görünən odur ki, onlar parlamentdə ancaq hansısa layihəyə münasibət bildirmək üçün deyil, “düymə” basıb layihənin qəbul olunmasında “pay” sahibi olmaq üçün var. Məsələn, Pərvin Kərimzadə, Xanlar Fətiyev, Azər Badamov, Eldəniz Səlimov, Müslüm Məmmədov, İmamverdi İsmayılov və digər bir çoxlarının adlarına yalnız Milli Məclisin deputatlarının siyahısına baxanda rast gəlirik. Maraqlısı odur ki, məşhur deputatların əksəriyyəti səsləndirdiyi fikirlərlə ictimai tənqidlə üzləşirlər. Niyəsini isə özləri daha yaxşı bilir, həm susmağın, həm də danışmağın…”

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ