SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 12 ilin naziri, ayrılan milyonlar, köməksiz qalan insanlar

12 ilin naziri, ayrılan milyonlar, köməksiz qalan insanlar

Tarix:

2-05-2018, 11:09

/ 3 144 dəfə oxundu.
12 ilin naziri, ayrılan milyonlar, köməksiz qalan insanlar

Kəmaləddin Heydərovun nazir olduğu dövrdə baş verənlər
İlham Əliyev 4-cü dəfə Azərbaycan prezident kimi təsdiqləndikdən sonra Nazirlər Kabinetinin yeni tərkibi formalaşdı. Beləliklə, baş nazir, müavinləri və bir neçə nazir, komitə sədrləri istisna olmaqla əvvəlki tərkib təsdiqləndi. Meydan TV uzun illər nazir kürsüsündə oturmuş şəxslərin fəaliyyəti dövründə baş verən hadisələri və görülən işləri xatırlatmaq qərarına gəlib. İlk olaraq bugünlərdə adı beynəlxalq araşdırmalardahallandırılan və ölkədə "fövqəlnazir” kimi tanınan Kəmaləddin Heydərovdan söhbət açılır. Kəmaləddin Heydərov Azərbaycanın ilk fövqəladə hallar naziridir. 2006-ci ilin fevralından bu vəzifədədir.
Kür daşqınlarının fəsadları hələ də qalıb
Fövqəladə Hallar Nazirliyi (FHN) yarandıqdan sonra ölkədə baş verən ən böyük hadisə təbii fəlakət - Kür-Araz çaylarının daşması olub. Hadisə 2010-cu ildə baş verib. Rəsmi məlumata görə, Kür-Araz daşqınları ölkənin 30-a yaxın rayonunda 20-mindən çox yaşayış binasının, 110 min hektar əkin və örüş sahəsinin sel suları altında qalması ilə təxmini hesablamara görə 100 mindən artıq insana, eləcə də müxtəlif səpkili təsərrüfatlara, iaşə və məişət obyektlərinə, həmçinin tədris-təhsil, dini və səhiyyə ocaqlarına, infrastruktura böyük həcmdə ziyan vurub. FHN-in 2012-ci ildə yaydığı məlumata görə, ötən 2 ildə 346 milyon manat ayrılıb, 2953 ev tikib və istifadəyə verib.
Xəbərdə 3115 evin tikildiyi, 162-nin isə tikilməkdə olduğu deyilirdi. Bildirilirdi ki, ümumilikdə, zərərçəkmiş 23211 ailəyə on beş milyondan çox kompensasiya ödənilib. Lakin daşqınlardan zərərçəkənlər FHN-in hesabatı ilə razılaşmırdılar. Aksiya, məhkəmə çəkişmələri uzun illər davam edib. Hadisə ilə bağlı "Kür” Vətəndaş Cəmiyyəti yaradılıb.
Həmin təşkilatın 2014-cü ildə yaydığı məlumata görə, daşqından sonra yararsız hala düşmüş evlərin təmirinə, sökülərək yenidən tikilməsinə büdcədən 460 milyon manat vəsait ayrılıb. Ancaq "Kür” Vətəndaş Cəmiyyəti hesab edir ki, ötən müddət ərzində görülən işlər ayrılan vəsaitə adekvat deyil. Kür daşqınları ilə bağlı 119 nəfərin şikayəti məhkəməyə qədər gedib çıxıb.
Zəlzələ oldu, kompensasiya hələ də ödənilməyib
2012-ci ilin yazında Qax-Zaqatala bölgəsində zəlzələ baş verib. Rayonlar üzrə Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 (cəmi 3545) fərdi yaşayış evinin və 3 kommunal çox mənzilli yaşayış evlərinin tikintisinə başlanılıb. FHN-in "Kür” Cəmiyyətinin sorğuya verdiyi cavabda bildirilir ki, zəlzənin nəticələrinin aradan qaldırılması üçün Nazirlər Kabinetinin 117s saylı sərəncamı ilə ehtiyat fondundan 20 milyon manat, sonradan 2012-ci il dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. 1 noyabr 2012-ci il tarixinə qədər həmin vəsaitin 234 605,6 min manatı xərclənib. Aradan keçən 5 ildən artıq müddət ərzində hələ də kompensasiyalar tam ödənilməyib.
Bina yandı, 16 nəfər öldü
2015-ci il mayın 19-da Bakıda çoxmərtəbəli binada yanğın oldu. Rəsmi məlumata görə, 16 nəfər həlak oldu, 54 nəfər yaralandı. Sonradan həmin hadisəyə görə cinayət işi açıldı. Bakı Ağır Cinayətlər Məhkəməsi 8 nəfərə hökm oxudu. Onlara 3 il 6 aydan 8 ilədək iş kəsdi. Həmin şəxslər məhkəmədə Fövqəladə Hallar Nazirliyini günahlandırdılar. Bildirdilər ki, nazirlik 2012-ci ildə binanın üzlənməsində istifadə olunmuş materialın "çətin yanan olması” barədə rəy verib. Nəticədə bina həmin materialla üzlənib. Elə binada yanğına səbəb olan da üzlük olub.
"Baş verənlərə görə Fövqəladə Hallar Nazirliyi məsuliyyət daşıyır. Faciə baş verib, insanların heysiyyəti ilə oynamaq olmaz. İstintaqın gücü çatmayıb ki, məsuliyyət daşıyan adamları, günahkarları cəlb eləsinlər. Gerçək günahkarların cəzalandırılması üçün iş istintaq orqanına qaytarılmalıdı”, - məhkəmə prosesində vəkil Cavid Rzazadə belə deyib.
Neftçilər dənizdə batdı
2015-ci il dekabrın 4-də "Günəşli” neft yatağında yanğın olub. Hadisə vaxtı 64 neftçidən cəmi 34-ü xilas edilib. 13 nəfərin meyiti tapılıb. Həmin vaxt açıqlama verilib ki, qəzanın səbəbləri araşdırılacaq, günahkarlar ədalət önünə çıxarılacaq. Ancaq sonra istintaqın nəticələri ictimaiyyətə bildirilməyib. 2016-cı il dekabrın 15-də N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə daha 10 neftçi dənizə düşdüyü bildirilib. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilib. Bu, son illər Xəzərdə Azərbaycan neftçilərinin üzləşdiyi heç də yeganə faciəli hadisə deyil. 2014-cü ildə də "Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarədə 3 dəfə qəza baş verdiyi, nəticədə 5 nəfərin həlak olduğu bildirilir.
Dağda itənlər tapılmadı
"Gilavar” hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib. Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb. Nazirlik bu barədə onlara dekabrın 26-da məlumat verildiyini açıqlayıb. Nazirliyin axtarışları nəticəsiz qalıb. Alpinistlərdən bugünədək xəbər alınmayıb. Narkoloji Mərkəzdə yanğın Bu il martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Yanğının vaxtında söndürülməməsi nəticəsində 25 nəfər həyatını itirib. Bəzi hadisələr zamanı yanğınsöndürənlərin hadisə yerinə zamanında çatmadığı, susuz getdiyi, günlərlə yanğını söndürə bilmədikləri halları da olub. Sonuncu hadisə - Bakıda ”Tramp Tower” kimi tanınan hündürmərtəbəli binada çıxan yanğının gec söndürülməsinə səbəb kimi də su çatışmazlığı göstərilir.
Kəmaləddin Heydərov general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti və bəstəkardır. O, 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz” kəşfiyyatı idarəsində başlayıb. Texnik və geoloq vəzifələrində çalışıb. 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-ci ilin fevralından isə fövqalədə hallar naziri vəzifəsinə təyin edilib. "Forbes” dərgisi yazır ki, biznesi ölkə hüdudlarını aşan və daim genişlənən, təyyarəsi, bankı, çoxsaylı şirkətləri və saysız-hesabsız mülkləri olan azərbaycanlıların olması heç kəsə sirr deyil. Onlardan biri də 56 yaşlı fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 11 il Dövlət Gömrük Komitəsinə rəhbərlik edib. Deyilənə görə, hələ də nəzarəti əldən buraxmayıb. Ona məxsus olan "Gilan” şirkətinin rəsmi saytında onun 1987-ci ildə yaradıldığı göstərilir. Hazırda ölkənin ən iri şirkətlər qrupuna çevrilib. Son araşdırma zamanı məlum olub ki, bu şirkətin böyük payçısı ölkənin birinci sahibi Əliyevlərdir. Holdinqin çox az sayda şirkəti kapitalı və sərmayələri haqda məlumat verir.
Onlardan bir neçəsinin sərmayə qoyuluşu haqda məlumat var:
Gilan dəri zavodu – 15 milyon ABŞ dolları
Gilan keramika zavodu – 40,2 milyon manat
Gilan Tekstil Parkı – 46 milyon manat
Qəbələ Heyvandarlıq-Südçülük Kompleksi – 12,9 milyon manat
Aqro Kompleks Qəbələ - 25 milyon manat
Lənkəranda Gilan Sitrus təsərrüfatı – 10 milyon manat
Abşeron rayonunda Caspian Fish Co balıq emalı zavodu – 56 milyon ABŞ dolları
Bakı iplik fabriki – 14 milyon manat
Bakıdakı "Beynəlxalq Ticarət Mərkəzi” otel-biznes mərkəzi kompleksi – 11,5 milyon manat
Bakıda №1 Çörək Zavodu – 48,7 milyon manat
Riqada "Hotel de Roma” mehmanxanası – 13,2 milyon avro
"Benkons Bosna” (Bosanka) meyvə şirələri zavodu – 25 milyon avro
Kızıl (Tuva, RF) şəhərində yeddimərtəbəli 108 nömrəlik mehmanxana – 50 milyon dollar
"Mingəçevir Tekstil” MMC - 144 milyon manat
Kızıl (Tuva, RF) şəhərində beton zavodu – 2 milyon dollar
Bakıda 2008-ci ildə tikintisinə başlanan Crescent Bay Development daşınmaz əmlak layihəsinin (mehmanxana, iş və ticarət mərkəzləri) sərmayə dəyəri 1,5 milyard dollar həcmində qiymətləndirilir.

Şərhlər

XƏBƏR LENTİ