SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MİLLİ QƏHRƏMANA QARŞI HAQSIZLIQ

MİLLİ QƏHRƏMANA QARŞI HAQSIZLIQ

Tarix:

22-10-2018, 13:49

/ 1 648 dəfə oxundu.
MİLLİ QƏHRƏMANA QARŞI HAQSIZLIQ

Bir neçə gündür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən və “Moskva” ünivermağı adı ilə tanınan ticarət mərkəzinin rəhbərliyi ilə, Azərbaycanın Milli Qəhrəmanı Quliyev Mirzə Məcid oğlu arasında müəyyən qarşıdurma yaranıb. Yaşanan problemlə bağlı Nyus.Az xəbər portalının çəkiliş qrupunu əraziyə dəvət edən Mirzə Quliyev əməkdaşlarımızla söhbətində bildirir ki, “Mən 1995-ci ildən Azərbaycanın Milli Qəhrəmanı adını daşıyıram və bu ad mənə mərhum prezidentimiz, xalqımızın ulu öndəri Heydər Əliyevin imzaladığı sərəncam əsasında verilib. Həmin illərdə milli qəhrəmanların sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər təminatlarının ödənilməsi ilə bağlı heç bir qanun layihəsi qəbul olunmadığından, “Moskva” ünivermağı adı ilə tanınan ticarət mərkəzinin qarşısındakı ərazini, mənə və bir neçə milli qəhrəmana Ulu Öndərin tapşırığı əsasında verdilər. Düzdür, mərhum Prezidentimiz bu yöndə tapşırığını 1998-ci ildə versə də, verilmiş tapşırığın icrası 1999-cu ildə həyata keçirildi. Həmin illərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini mərhum Rəfail Allahverdiyev daşıyırdı. Verilmiş belə bir tapşırıqdan sonra, qeyd olunan ərazinin adıma sənədləşdirilməsinə dair, BŞİH-i başçısının müvafiq sərəncamını əldə etdim və həmin yerdə obyekt inşa etdirdik. Sənədləşmə işləri mənim adıma həyata keçirilsə də, həmin obyektdən əldə olunan gəlirlə digər Qarabağ müharibəsi iştirakçılarının dolanışığını təmin edirdik.

Onu da bildirim ki, adıma sənədləşdirilmiş obyektlə “Moskva” ünivermağı adı ilə tanınan ticarət mərkəzinin ortasında təqribən 12-15kvm-lik boş sahə var idi ki, həmin yer baxımsızlıq ucbatından zibilxanaya, sərxoşluq edən şəxsləri gəlib-getdikləri yerə çevrilmişdi. Yəni, həmin yerdə antisanitariya, üfunət iyi və s. tüğyan edirdi. Elə ki, Memar Əcəmi metrostansiyasının yeni təmirdən sonra açılışına hazırlıq işləri görülürdü, o halda Nəsimi RİH Aparatı tərəfindən mənə həmin yerin təmizlənməsi, qaydaya salınması yöndə tapşırıqlar verildi. Çünki, həmin açılışda ölkə rəhbəri cənab İlham Əliyev iştirak edirdi. RİH Aparatı tərəfindən verilmiş belə bir tapşırıq əsasında, şəxsi vəsaitimlə həmin yeri qaydaya saldırdım, hətta həmin yerin giriş-çıxış hissələrinə dəmir seyf qapılar da düzəltdirib yerləşdirdim. Bir neçə il bundan əvvəl qeyd olunan 12-15kvm-lik yeri çayxana kimi işlətmək qərarına gəldim və bu məqsədlə müəyyən köməkliklər etməklə, həmin çayxananı heç bir təmənna güdmədən imkansız bir qadına həvalə etdim. Düzdür, mən çayxananı işlətməsinə görə həmin qadından heç bir təmənna güdməsəm də, ticarət mərkəzinin rəhbərliyi ondan hər ay 250 AZN haqq alırmış. Çox keçmədi ki, həmin qadın dünyasını dəyişdi, bu belə olduqda çayxananı əslən Ağdam rayonundan 2-ci qrup Qarabağ müharibəsi əlili Taleh adlı şəxsə həvalə etdim. Hal-hazırda həmin çayxanada daha 3 nəfər işləyir ki, onlar bir çaynik çayı 1AZN-ə satmaqla ailələrinə çörək qazanırlar. Bu gün qarşı tərəf yeni bir iddia tələbi ilə də çıxış edir. Yəni, ticarət mərkəzinin rəhbərliyində olan şəxslər onu bəhanə edirlər ki, “Bu çayxanada təhlükəsizlik qaydalarının şərtlərinə lazımınca əməl olunmayıb, ona görə də sökülməlidir”. Amma, onlar onu unudurlar ki, 2-ci qrup Qarabağ əlili Taleh adlı şəxsin işlətdiyi bu çayxananın ticarət mərkəzinin ərazisinə heç bir aidiyyəti yoxdur və ticarət mərkəzinin istinad divarının sağ hissəsində yerləşir. Onların bəhanəsinin kökündə, məhz Qarabağ əlilindən də ayda 250 AZN pul almaq fikiri keçir. Digər tərəfdən, əgər onlar təhlükəsizlik qaydalarını bəhanə gətirirlərsə, o halda sual oluna bilər ki, olduqca strateji əhəmiyyət daşıyan “Moskva” univermağının üst hissəsinə çəkilmiş penoplas üzlüklər, səbəb nədir ki, indiyə kimi də dəyişdirilməyib. Onu da bildirək ki, 19 may 2015-ci il tarixdə səhər saatlarında (10:30 radələrində) Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasına çəkilmiş penoplas üzlüklər səbəbindən yanğın baş vermişdi və hadisə nəticəsində 15 nəfər ölmüşdü, 64 nəfər isə yaralanmışdı. Yanğının baş verməsinə, məhz binanın üzərinə çəkilmiş penoplas üzlüklərin varlığı səbəb olmuşdu. Baş verən belə bir faciədən sonra, ölkə rəhbərinin vermiş olduğu tapşırıqlar əsasında paytaxt Bakı şəhərində, hətta bölgələrdə də binaların penoplas materiallarla əhatə olunmuş üzlükləri söküldü. Təəssüflər olsun ki, “Moskva” univermağının üst hissəsinə çəkilmiş penoplas üzlüklər, bu gün də dəyişdirilməyib.

Digər tərəfdən, vaxtilə ticarət mərkəzinin qarşısındakı boş ərazilər illər keçdikcə zəbt olundu və həmin yerlərdə heç bir sənəd-sübutu olmayan 20-ə qədər obyektlər inşa olunub. Bu gün də bəziləri inşa olunmaqdadır. Hazırda univermaq rəhbərliyi obyekt sahiblərinin hər birindən aylıq icarə haqqı alır. Əgər ticarət mərkəzində hər hansı yanğın hadisəsi baş verərsə, o halda yangınsöndürən maşınların ünivermağa yaxınlaşmaları müşkül məsələyə çevrilər. Digər tərəfdən, ticarət mərkəzinə bitişik ərazidə yerləşən və FHN-nin balansında olan hovuzda zərrə qədər olsa belə suyun olmaması və hovuzun ön hissəsində yeni bir obyektin inşa olunmasının özü də, məhz təhlükəli məqamların varlığından xəbər verir. Onu da bildirim ki, bu hovuzun alt hissəsində ticarət mərkəzinin rəhbərliyi özü üçün yeni bir obyekt yaradıb və həmin obyektdən də gəlir əldə edir. Hovuzda suyun qurudulmasını, həmin obyektin alt hissəsindən keçən metro xətlərində nəmişliyin əmələ gəlməsi ilə əlaqələndirirlər. Bu da bəhanədən başqa bir şey deyil. Digər tərəfdən, bir neçə min nəfər işçinin çalışdığı “Moskva” ünivermağındakı ayaqyolundan, adı çəkilən ticarət mərkəzində çalışanların pulsuz istifadə etmələrinə də imkan verilmir. Yəni, hər kəs orada çalışmasına baxmayaraq, ayaqyolundan istifadə edərkən ödəniş etməyə məcbur edilirlər. Bütün bunların hamısı, rəhbərliyin daha çox gəlir əldə etməyə hesabladığı addımlarıdır.

İndi başa düşmək olmur ki, “Moskva” ünivermağı adı ilə tanınan ticarət mərkəzinin rəhbərliyi, sadaladığımız belə bir problemləri həll etmək, gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaq əvəzinə, niyə qanını, canını bu Vətən yolunda ölümə qurban verməyə hazır olan Milli Qəhrəmana, Qarabağ müharibəsi əlillərinə qarşı “qənim kəsilib?” Məni götür-qoy etməyə vadar edən hal odur ki, ölkə rəhbəri cənab İlham Əliyev DQ müraribəsində sağlamlığını itirmiş hər kəsin sosial vəziyyətinin yaxşılaşdırılması yöndə aidiyyəti üzrə müvafiq tapşırıqlarını verir, əlində kifayət qədər var-dövlət toplamış “Moskva” ünivermağının rəhbərliyi isə, 17 oktyabr günü çayxanaya gələn su xəttini kəsdirir. Bax, budur faciə, budur yaralı yerimiz! Budur bəzi şəxslər tərəfindən Milli Qəhrəmana, Qarabağ müharibəsi əlillərinə qoyulan “hörmət-izzət”!

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.
Nyus.Az

Şərhlər

XƏBƏR LENTİ