SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Hesablama Palatasının aşkarladığı pozuntular niyə nəzərə alınmır - GƏLİŞMƏ

Hesablama Palatasının aşkarladığı pozuntular niyə nəzərə alınmır - GƏLİŞMƏ

Tarix:

9-04-2019, 09:09

/ 925 dəfə oxundu.
Hesablama Palatasının aşkarladığı pozuntular niyə nəzərə alınmır - GƏLİŞMƏ

Bu gün Milli Məclis Hesablama Palatasının ötənilki fəaliyyətinə qiymət verəcək. Qurumun fəaliyyət hesabatı artıq komitə müzakirələrindən keçib. Hesabatdan aydın olur ki, ötən il 714 halda nöqsan aşkar edilib ki, bunlar büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları üzrə yol verilən nöqsanlardır. 2018-ci ildə ümumilikdə 23,3 milyon manat vəsaitin bərpası təmin olunub. Son 5 ildə isə 69,5 milyon manat vəsaitin dövlət büdcəsinə, 2,6 milyon manat vəsaitin isə DSMF büdcəsinə bərpası təmin olunub.

Ötən illərin təcrübəsi göstərir ki, bir qayda olaraq Hesablama Palatasının aşkarladığı qanun pozuntuları ilə bağlı ciddi addımlar atılmır, pozuntuya yol verən qurumların vəzifəli şəxsləri ilə bağlı tədbir görülmür, hətta hüquq-mühafizə orqanlarına yönləndirilən materiallar belə tezliklə unudulur, konkret cəzalandırma müşahidə olunmur. Buna görə də əksər hallarda Palatanın üzə çıxardığı nöqsanlar davamlı olaraq təkrarlanır. Belə bir vəziyyətin yaranmasının səbəbi nədir?

“Yeni Müsavat”a danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin dediyinə görə, Hesablama Palatası haqqında yeni qanunun qəbulu bu quruma yeni vəzifə və səlahiyyətlər müəyyən etməklə yanaşı, həm də kənar dövlət maliyyə nəzarət orqanı olaraq Palatanın funksiyalarının icrasında məsuliyyətini də artırıb: “Təbii ki, bu, palatanın işinə müəyyən dərəcədə təsir edib. Hesabatın strukturu və məzmunu əvvəlki illərdəkindən fərqlənir. Audit, təhlil və monitorinq sahələrində görülmüş işlərin miqyası belə bir fikir söyləməyə əsas verir ki, hesablama Palatası 2018-ci il üzrə Hesabatı hazırlayarkən əvvəlki illə müqayisədə daha çox iş görüb”.

Ə.Məsimli qurumun müxtəlif dövlət qurumlarında aşkarladığı ciddi maliyyə nöqsanlarının sayının ilbəil artdığını dedi: “Xüsusən də büdcə vəsaitindən istifadə sahəsində qanun pozuntuları, satınalmalar, tenderlərin olmaması, mühasibat uçotu və dövlət zəmanəti ilə alınan kreditlər sahəsində problemlər hər dəfə Hesablama Palatasının hesabatında öz əksini tapır. Yoxlamalar zamanı hər hansı formada mənimsənilmiş, yaxud düzgün istifadə olunmamış vəsait aşkarlanırsa, mövcud qanunvericiliyə uyğun olaraq o şəxs mütləq ya cinayət hüququ qaydasında, ya da intizam qaydasında ciddi məsuliyyətə cəlb olunmalıdır. Bu sahədə aydınlıq olsun deyə, Palatanın aşkarladığı həmin nöqsan və qanun pozuntularının aradan qaldırılması istiqamətində aidiyyəti orqanların gördükləri tədbirlər barədə ictimaiyyətə yetərli dərəcədə məlumat verilməlidir. Hesablama Palatası daimi fəaliyyət göstərən kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır. Belə bir statusa malik Palatanın təkliflərinin diqqətdən kənarda qalmasının səbəbləri araşdırılmalı və adekvat tədbirlər görülməlidr”.

Müsahibimizin sözlərinə görə, bu sahədə əsaslı dönüş yaratmaq üçün hər şeydən əvvəl köklü islahatlar əsasında hüququn aliliyi prinsipi dolğun şəkildə təmin edilməli, nəzarət sisteminin fəlsəfəsi əsaslı surətdə dəyişdirilməli, qanunun sərt üzü vətəndaşa yox, dövlət qurumlarına, korrupsiyaya, məmur özbaşınalıqlarına yönəldilməlidr: “Hesablama Palatasının audit, təhlil və monitorinq sahələrində gördüyü işlər nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması hazırda həyat keçirilən islahatların mühüm tərkib hissəsinə çevrilməlidir. Hesablama Palatasının aşkarladığı nöqsanlarla bağlı Milli Məclisdə real dinləmələrin keçirilməsi və bu nöqsanları törədən dövlət qurumlarının məlumat verməsi həm şəffaflığın təmin edilməsinə, həm də sözügedən nöqsanların sayının azalmasına təsir edə bilər”.

Milli Məclis üzvü hesab edir ki, Hesablama Palatasının qanunçuluq, müstəqillik, şəffaflıq, obyektivlik, ədalətlilik və peşəkarlıq prinsipləri əsasında sərbəst fəaliyyəti gücləndirilməlidir: “Palatanın tövsiyələrinə əməl edilməsi məsələsi nöqsan aşkarlanmış dövlət qurumlarında əks arqumentləri qənaətbəxş deyilsə, islahatların göstəricisi kimi qiymətləndirilməlidir. Nəzarət mexanizminin faydalı iş əmsalını artırmaqdan ötrü Büdcə Məcəlləsinin, eləcə də ”Dövlət maliyyə nəzarəti haqqında" model qanunun və ondan irəli gələn digər normativ hüquqi aktların da qəbulunu sürətləndirmək lazımdır. Sadaladığımız tədbirlər həyat keçirilsə, güman edirik ki, həm Hesablama Palatasının hüquqa əsaslanan fəaliyyət imkanları genişlənər, həm növbəti illərdə sənədlərlə sübut edilən daha çox ciddi nöqsan və cinayətlər ortaya qoyular, həm də əksər iri dövlət qurumları tərəfindən Palatanın tövsiyələrinə əməl etməməsi və yaxud ötəri əməl edilməsi sahəsindəki çatışmazlıqlar xeyli dərəcədə aradan qalxar".

Ə.Məsimli bildirir ki, Hesablama Palatasının hər dəfə öz hesabatında, eləcə də büdcə layihəsinə verdiyi rəydə çox dəyərli təkliflər irəli sürülür: “Həmin təkliflər aidiyyəti orqanlar tərəfindən yetərincə nəzərə alınmadığından, Palata növbəti illərdə də təkrarən bənzər təkliflər göndərməli olur. Həmin təkliflərin diqqətdən kənarda qalmasının əsas səbəbi buna görə adekvat məsuliyyətin olmamasıdır. Bu sahədə əsaslı dönüşə nail olmaqdan ötrü yuxarıda qeyd etdiklərimizə əlavə olaraq monitorinqlər aparılmalı və Milli Məclisə, ictimaiyyətə məlumat verilməlidr ki, Hesablama Palatasının hər il iki dəfə verdiyi həmin təkliflərin hansı hissəsi Nazirlər Kabineti, ayrı-ayrı aidiyyəti dövlət qurumları, eləcə də parlamentin özü tərəfindən nə dərəcədə nəzərə alınır.

Bundan əlavə, Hesablama Palatasının Milli Məclisdəki hesabatı Nazirlər Kabinetinin hesabatından önə keçirilməli və Palatanın təkliflərinə münasibət Nazirlər Kabinetinin hesabatında öz əksini tapmalıdır. Nazirlər Kabinetinin ümumi hesabatını formalaşdırmaqdan ötrü öz sahəvi hesabatlarını göndərən ayrı-ayrı dövlət qurumları həmin hissədə Hesablama Palatasının irad və təkliflərini nə dərəcədə nəzərə alması sualına da cavab verməlidir. Eyni zamanda Hesablama Palatasının Milli Məclislə, aidiyyəti dövlət qurumları ilə koordinasiyasının səmərəliliyi artırılmalı, ictimai təşkilatlarla və ictimaiyyətlə əlaqələri gücləndirilməlidir. Palata tərəfindən verilən təkliflərin reallaşmasının işlək mexanizmi, o cümlədən nöqsansız işləyən təşkilatların təşviqi mexanizmləri hazırlanmalı, iqtisadiyyatın rəqəmsallaşırılması sahəsində işlər sürətləndirilməli, bu yöndə müasir texnologiyalardan geniş istifadə edilməlidir. Hesablama Palatasının fəaliyyət planlarında sosialoji sorğular nəticəsində daha çox nöqsan aşkarlanan və daha çox korrupsiyalaşmış sahələrə nəzarət gücləndirilməlidir".

İqtisadçı-ekspertin fikrincə, Hesablama Palatasının gördüyü işlər və nəticələr barədə əhalinin məlumatı azdır: “Görülmüş işlər üzrə məlumatlar geniş planda və intensiv şəkildə ictimaiyyətə çatdırılmalıdır ki, əhalinin daha çox məlumatı olsun. Eyni zamanda audit olunan obyekt audit nəticəsində ortaya çıxan nöqsanların aradan qaldırılması ilə bağlı gördüyü işlər barədə ictimaiyyəti məlumatlandırmalıdır. Bu sahədəki işlərin genişləndirilməsi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına, dövlət vəsaitinin çox hissəsinin öz təyinatına uyğun surətdə səmərəli istifadə edilməsinin təmin olunmasına və mövcud qanun pozuntuları və nöqsanları aradan qaldırmaqla ilbəil indikindən müqayisəedilməz dərəcədə daha çox vəsaitin büdcəyə bərpa edilməsinə imkan verə bilər”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ