SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Təhsil Nazirliyi məsuliyyətdən qaçır, məktəblər “öz havası”nı çalır... - Bazara çevrilmiş məktəb və forması

Təhsil Nazirliyi məsuliyyətdən qaçır, məktəblər “öz havası”nı çalır... - Bazara çevrilmiş məktəb və forması

Tarix:

7-09-2018, 09:42

/ 2 531 dəfə oxundu.
Təhsil Nazirliyi məsuliyyətdən qaçır, məktəblər “öz havası”nı çalır... - Bazara çevrilmiş məktəb və forması

Yeni tədris ilinə sayılı günlər qalıb. Vaxt yaxınlaşdıqca, valideynlərin ümumilikdə məktəbli bazarlığı ilə bağlı qayğıları da artır. Bu bazarlığın əsasını isə məktəbli forması təşkil edir.

Bir neçə ildir ki, ölkə vahid məktəbli geyim formasına keçib. İlk növbədə “vahid” sözünə diqqət edək. Bu söz “yeganə”, “tək” anlamındadır. “Vahid məktəbli forması” deyəndə o nəzərdə tutulur ki, bütün məktəblərdə eyni geyim forması olmalıdır. Bir sözlə, vahid məktəbli forması qanunla tənzimlənməli və bu forma hər bir məktəbli üçün vacib olmalıdır. O başqa məsələdir ki, əslində ölkədə qanunla tənzimlənən vahid məktəbli forması da yoxdur. Bunu Təhsil Nazirliyi də dəfələrlə təsdiqləyib. Bu barədə bir qədər sonra...

Faktiki olaraq vəziyyət fərqlidir. Əgər bir neçə il əvvəl şagirdlər Bakı Tikiş Evinin tikdiyi vahid məktəbli geyimindən istifadə edirdilərsə, artıq ötən ildən başlayaraq bu “vahidlik”dən də danışmaq mümkün deyil. Çünki ayrı-ayrı məktəblərin öz geyim forması gündəmə gəlib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə vahid məktəbli forması mövcud deyil. Əvəzində hər bir məktəbin öz istəyi ilə formalaşdırdığı geyim tətbiq edilir. Bəs “vahid məktəbli geyim forması” anlayışı niyə və necə ortaya çıxıb? Bu anlayışın reallığı üçün ölkədə qanuni baza mövcud deyilsə, rəsmi qurumlar niyə hansısa tələb irəli sürür?

Vahid forma niyə yoxdur?

Çox güman ki, vahid məktəbli forması anlayışının ortaya çıxması məhz Bakı Tikiş Evinin fəaliyyətə başlaması ilə bağlıdır. Məsələ burasındadır ki, forma tətbiqinə başlanılan ilk günlərdən təhsil müəssisələrinə konkret olaraq diktə edilirdi ki, şagirdləri məhz Bakı Tikiş Evinə məxsus olan geyimi alsın. Məktəb qapılarında yoxlamalar, siniflərdə geyimlərə nəzarət, şagirdlərin dərsə buraxılmaması, formaların müzakirə edildiyi yüksək səviyyəli iclaslar... Bunlar hamısı Bakı məktəblərində olub və bir neçə il bu vəziyyət davam edib. Son 2 ildə isə məktəblər ayrılıqda forma tətbiqinə başladılar ki, olan yenə valideynlərə oldu.

Artıq elə orta tədris müəssisələri var ki, onlar məhz özünün təyin etdiyi geyim tərzinə uyğun olaraq məktəbli forması məcburi edir. Məsələn, elə məktəblər var ki, orada təhsil alan məktəbli qızların ətək rəngləri göy deyil, qırmızıdır və ya əksinə... Yaxud, ümumi olaraq şalvar, pencək, ətəklərdə forma və rəng müxtəlifdir. Bir sözlə, bəzi məktəblərin öz məktəbli forması var. Bu isə artıq vahid məktəbli formasını arxa plana keçirir.

Bir daha xatırldaq ki, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı da var. Belə ki, Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Yəni, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilər. Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilir. Demək ki, ölkədə vahid məktəbli forması yoxdur. Hər məktəb öz daxilində istədiyi məktəbli geyimini çox rahatlıqla tətbiq edə bilər. Əgər belədirsə, onda niyə valideynlər uzun müddət “vahid forma” ilə “sınağa çəkilirdi”? Yaxud niyə indi birdən-birə məktəblər bu “vahid formanı” bəyənməyərək valideynləri ikinci dəfə xərcə salır və yeni geyim almağa vadar edir?

Müxtəlif “hava çalan” qurumlar və tələbləri...

Qeyd edək ki, son günlər məktəbli formalarının mağazalarla yanaşı, orta məktəblərdə də satılması ilə bağlı şikayətlər artmaqdadır. Xırdalan şəhər 2 və 5 saylı orta məktəblərdə formalar 105 manata satılır. Bunu valideynlər iddia edir.Nəzərə alaq ki, orta məktəblər üçün formaları əsasən Bakı Tikiş Evi tikir, başqa yerdə tikilən formalar “saxta” adlandırılır. Mətbuat dəfələrlə bu saxta formalarla bağlı reydlər keçirib və yazıb. Tikiş evində tikilən, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manatdır. İndi isə daha bahalı formalar təklif edilir, bəzi valideynlər məktəblərin özündə satılan formaların həddindən artıq baha olmasından gileylənir.

Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı açıqlamalarında bildirir ki, bu məsələ qurumun tabeliyində deyil: "Nə nazirlik, nə də məktəb geyim formalarının satışı məsələsində məsuliyyətli deyil. Məktəbin Pedaqoji Şurası sadəcə olaraq vahid forma ilə bağlı nümunə hazırlayır. Ancaq onun satışını Bakı Tikiş Evi, yaxud digər müəssisələr aparır. Satışa Təhsil Nazirliyi nəzarət edə bilməz. Bu, həm qanuna, həm də prosedur qaydalarına uyğun deyil".

Ortaya qəribə mənzərə çıxır: Vahid məktəbli formasi mövcud deyil, Təhsil Nazirliyi isə məktəbli formalarının tikilıməsi və satılmasına cavabdehlik daşımır. Orta məktəblər istədikləri “havanı çala bilirlər” və çalırlar.

Daxili qaydaya “boyun əyməyənlər”...

Belə nəticəyə gəlmək olur ki, Bakı Tikiş Evinin istehsal etdiyi məktəbli geyimləri bəzi məktəblər üçün sadəcə, yardımçı rolunu oynayır. Təbii ki, o məktəblərdə ki, orada hansısa maraqlar güdülmür. Amma bundan da gələcəkdə sui-istifadə edilə bilər. Yəni, elə məktəblər var ki, hər il fərqli məktəbli geyim forması tətbiq edir. Hansı ki, növbəti ildə geyim məktəblinin əyninə olursa belə, bunun heç bir fərqi yoxdur. Yəni hər il üçün məktəbin daxili qanununa görə məktəbli forması dəyişir. Bir nümunə gətirək:

Abşeron rayonu Xırdalan şəhəri ərəb dili təmayüllü 9 nömrəli tam orta məktəbin forma ilə bağlı daxili qanunları var. Bu qanunlar hər il dəyişir. Bu il üçün də dəyişiklik olub. Məktəbin direktoru Xəzər İbrahimova valideynlərə bildirib ki, keçən ilki məktəbli formasını nə geyinmək, nə də tikdirmək olar. Məktəbli qızlarda forma belədir: Ötən ilki forma köynəyi ağ, boyunluğu və qolları göy, ətək isə tünd yaşıl rəngdən, iki cibdən və üzərində iki lentdən ibarətdir. Həmin lentlərin rəngi isə göydür. Builki tələbə görə köynəyin qolları və boynu çəhrayı, ətəyin lentlərinin biri çəhrayı, digəri göy rəngdə olmalıdır.

Oğlanların məktəbli formasında bu il üçün şalvar süd rəngi, köynək isə qızlardakı kimidir. Ötən il isə şalvar qızların ətəyi rəngdə, yəni tünd yaşıl rəngdə olub.Qızlar və oğlanlar üçün köynəyin qiyməti 15, ətəyin qiyməti isə 14 manatdır. Məktəb direktorunun təlimatına görə, valideynlər bu formaları yalnız məktəbin yaxınlığında yerləşən tikiş evindən ala bilərlər.

Bu, sadəcə, bir nümunədir. Bakıda isə belə nümunələr artır. Bazarın qapısı görünür, deyilmi?
Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ