SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı məktəblərində yeni təhlükə - stress yaradan çarx

Bakı məktəblərində yeni təhlükə - stress yaradan çarx

Tarix:

17-05-2017, 10:46

/ 67 045 dəfə oxundu.
Bakı məktəblərində yeni təhlükə - stress yaradan çarx

Stress çarxı - “Fidget Spinner” oyuncağı öncələr autizm, hiperaktivlik və diqqət çatışmazlığı sindromundan əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub hazırlansa da, son vaxtlar bu oyuncaq heç bir problemi olmayan uşaqlar tərəfindən də sevilməyə başlanıb. Hazırda Azərbaycan da daxil olmaqla, bütün dünyada populyarlaşan çarxı rekord həddə satılmağa başlayıb.
Təəssüf ki, bu oyuncaq uşaqlarda stress almır, əksinə, sanki onları hipnoz edir. Uşaqların kompüterdə oynadıqları oyunlar bu stress çarxından dəfələrlə üstündür. Kompüter oyunları uşaqlarda düşünmə, cəldlik vərdişi yaratsa da, stress çarxı heç bir anlam daşımır, sadəcə olaraq, uşağı sanki cəmiyyətdən ayırır və stress yaradır. Bir çox məktəblərdə həm valideynlər, həm də müəllimlər tərəfindən onun məktəbə aparılması qadağan edilib. Çünki bu, uşağın dərsə olan diqqətinə maneçilik törədir.
Təəssüf ki, stress çarxı yalnız oyuncaq mağazalarında deyil, məktəb yaxınlığında dəftər-kitab ləvazimatı satılan köşklərdə də var. İki növü-plastik və dəmirdən olan bu çarxın qiyməti də müxtəlifdir. “Neftçilər” metro stansiyasının yaxınlığında baş çəkdiyimiz uşaq oyuncaqları mağazalarında stress çarxının plasmasdan olanı 7 manata, dəmirdən olanı isə 8 manata satılırdı. Bəzi satıcılar onun Çindən gətirildiyini, bəziləri Bakıda istehsal olunduğunu, bəziləri isə onun hara istehsalı olmasından xəbərsiz olduqlarını dedilər. Oyuncağın qutusuna nəzər yetirdikdə onun istehsal tarixi və yeri barədə heç bir məlumata rast gəlmədik. Qeyd edək ki, sosial şəbəkələrdə bu oyuncağın reklamı və online satışı da həyata keçirilir.
İnstagram səhifəsindən bu oyuncağın online satıldığı qeyd edilən nömrə ilə əlaqə saxladıq. Satıcı stress çarxını Amerikadan gətirdiklərini və mağazada satılanlardan daha keyfiyyətli olduğunu bildirdi: “Biz bunu özümüz gedib Amerikadan gətiririk və keyfiyyətinə də zəmanət veririk. Mağazada satılan stress çarxı bir az işlətdikdən sonra paslanır, bu da uşağa ziyandır. Bu stress çarxının üç növü var, işıqlı, sadə və fosforlu. Uşaq üçün işıqlı stress çarxlarını məsləhət görürəm. Onun işığı da sönmür. Günəş hesabına enerji yığır. Bunun qiyməti 27 manatdır və plasmasdır. İşıqlı uşağa daha maraqlı gəlir. Onun gecə-gündüz işığı yanır. Dəmirdən olan isə nisbətən böyük uşaqlar üçün yaxşıdır. Onun qiyməti isə 35 manatdır”.

Ancaq insanları bir sual düşündürür, axı kiçik bir uşağın nə kimi stressi ola bilər? Stress çarxı onları stressdən çıxarırmı, yoxsa gələcəkdə psixoloji problemlərə yol aça bilər?
Psixoloq Vəfa Rəşidova psixoloji problemlərin bir oyuncaqdan başlaya biləcəyini dedi: “İnsan hər an stress yaşaya bilər. Bu, təbii bir haldır. Çünki bizim həyatımızın böyük bir hissəsində stressin yeri az deyil. Bu da yaşla deyil, hadisə və situasiyalarla bağlıdır. Təbii ki, uşaqda da ola bilər. Ancaq burada məsələ bir qədər fərqlidir. Məsələn, uşaq bu oyuncaqla stress atdığını deyir. Uşağın yanında o qədər bu cür söhbətlər edilir ki, bəzən stress keçirməyən uşaq belə ”mən stress keçirirəm, əsəbiyəm, gərginəm" deyə bilər. Bu da artıq uşağın leksikonunda adət halını alır deyə, uşaq 10, 14, 20, lap 30 yaşında hər dəfə isterik bir xarakter alır. Bəzən valideynlər “mənim uşağım stresslidir, əsəbidir” deyir. Halbuki bu, uşaqlarda olmur. Valideynlər düşünür ki, bu yaxşı sözdür, yaxşı haldır, uşağa bunu yansıtmaq yaxşıdır. Ancaq bunun uşaq üçün heç bir yaxşı tərəfi yoxdur. “Stress atıram” deyib şüurunu belə düşüncələrlə yükləyən uşaqların sonrakı həyat tərzlərində, xarakterində, formalaşmasında problemlər yaranır, eyni zamanda nevroza meylli insanlara çevrilirlər. Çünki o uşaq uşaqlıqdan leksikonunda bu sözdən istifadə edib ki, mən əsəbiyəm, stressliyəm və sairə. Təbii ki, buna da zəmin yaradan, yol açan yenə də valideyn olur. Stress çarxı adlanan oyuncağı uşağa alan valideyn, anadır. Bu da səbəbsiz yerə alınmır. Alıb uşağa verirlər ki, al, stressini at. Düşünün, bir oyuncaqla stress atılarmı?! Oyuncaq fon yaradır. Yəni 2-3 dəqiqəlik baş aldatmaqdır. Bu oyuncağı uşağına alıb verəndən sonra uşağın stressi azaldı, yoxsa çoxaldı sualı ortaya çıxır. Buna cavab tapa biləcəkmi valideyn? Uşaqların tərbiyəsində bu cür lazım olmayan ifadələr, tərbiyə üsulları ilə dəyərlər sistemini öldürürlər".
Psixoloq hazırda valideynlərin tərbiyə üsulunun 10 il əvvəlki ilə müqayisədə çox dəyişdiyini və bu dəyişimin düzgün olmadığını dedi: “Biz artıq ənənəvi dəyərlərin öldüyü bir zamanda yaşayırıq. Hazırda valideynlərin tərbiyə üsulu bir başqadır. İllər öncəki tərbiyə üsulları ilə müqayisə olunmayacaq dərəcədə dəyişikdir. Bizə demirdilər ki, uşaq stresslidir. Buna görə də biz sağlam ruhda böyüyüb cəmiyyətdə müəyyən yerə gəlib çatdıq. O sözlərlə hazırda böyüyən uşaq harada olacaq? Ona görə də valideynlərə xüsusi olaraq bir çağırışım var; bu tərbiyə, davranış üsulu heç də düzgün deyil. Sonradan peşmançılıq yaşayacaqlar. Yeniyetməlik dövründə bunun qarşısını heç cür ala bilməyəcəklər. Xarakter sümükləşəcək və onu başqa istiqamətə çox çətinliklə yönləndirmək mümkün olacaq. Hər şey adi bir stress atan oyuncaqdan başlayır. Bir sadə oyuncağın altında o qədər məqamlar var ki, uşağın psixologiyasına ciddi mənfi təsir göstərir. Elmi əsası olan, təsdiqlənmiş metodlarla uşaq tərbiyə edilməlidir”.
Qeyd edək ki, ilk stress çarxı 1997-ci ildə ABŞ-ın Florida ştatında yaşayan Catherine Hettinger tərəfindən icad edilib. Belə ki, keçirdiyi sarsıntı səbəbi ilə qızına zaman ayıra bilməyən qadın stress çarxını icad edərək onun daha səmərəli vaxt keçirməsini hədəfləyib. Qadın oyuncağın patentini almağı da unutmayıb. Amma təəssüf ki, Catherine Hettingerin 2005-ci ildə vaxtı tamamlanan patenti yeniləmək üçün maddi vəsaiti olmayıb. Hettinger ödəyə bilmədiyi təxminən 400 dollara görə hazırda bir qəpik qazanc yiyəsi olmur.

Şərhlər

XƏBƏR LENTİ