SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Qurban Qurbanov din, Napoleon və XTQ haqda: “Məni xarakter olaraq dəyişdi”

Qurban Qurbanov din, Napoleon və XTQ haqda: “Məni xarakter olaraq dəyişdi”

Tarix:

21-06-2022, 16:00

/ 556 dəfə oxundu.
Qurban Qurbanov din, Napoleon və XTQ haqda: “Məni xarakter olaraq dəyişdi”

“Əvvəllər tarixi filmlərə çox baxırdım. Düzdür, filmlərdə hadisələr və şəxsləri bir qədər şişirdirlər. Amma yenə də uşaq vaxtı yadımda qalanlar olub və onlardan motivasiya almışam”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rekord.az saytına müsahibəsində deyib.
Qurbanov bu dəfə tarixi şəxsiyyətlərdən, simpatiya bəslədiyi insanlardan danışıb:
“Şükürlər olsun ki, müsəlmanıq və bizim bir nümunəmiz var. O da Məhəmməd peyğəmbərdir. Onun əxlaqı, davranışı, cəmiyyətə, bəşəriyyətə olan tövsiyələri böyük bir nümunədir. Həmişə ona maraq göstərirəm.
O ki qaldı sərkərdələrə, hamının ağlına gələn ilklərdən, məsələn, Napoleon Bonapartdır. Balaca boyu ilə nələr əldə edib. Amma ondan da böyükləri var: Məsələn, Osman. “Kuruluş Osman”, “Diriliş Ərtuğrul” kimi seriallara arada baxıram, çünki çox vaxtım olmur, 10-15 dəqiqə epizodları izləyirəm. Oradakı qəhrəmanların keçdiyi yolu tarix kimi eşitmişdim, maraqlanmışdım, amma filmdə sanki canlı görürsən. Ola bilər ki, çəkənlər nəyisə bəzəyirlər, amma insana vətənpərvər olmaq, qürurunu qorumaq, xarakterini bərkitmək üçün belə kinolar böyük əhəmiyyət daşıyır. Böyük bir maraqdır. Elə həmin Napoleon kimi Teymurləngi götürək. O da xarakteri hesabına kiçik boyuyla dünyanı fəth edib. Belə faktlar insana, cüzi də olsa, təsir edir.
Amma Osmanlı tarixi daha yaxındır mənə. Onlar o şəraitlərdə nələrdən keçiblər… Həm də məqsədləri düzgün olub: Ölkəni qurmaq, dinimizi qoruyub-saxlamaq, Vətəni sevmək, vətənpərvər olmaq. Çox maraqlı ssenarisi var həmin filmlərin. Həqiqətən, elə olub - meşələrdə olublar, qaçıblar, atası, sonra özü; uşağı varkən əzab-əziyyətlərə dözmək, öz yaxınını qurban vermək… Nəyisə əldə etmək üçün nəyisə qurban verməlisən. Belə insanlar az olur və onlar seçilirlər digərlərindən”.
O, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) 44 günlük Vətən müharibəsi zamanı gördüyü işlərdən də danışıb:
“Çox istərdim ki, bizim o XTQ-nin yanında olum ki, onları iş başında canlı görə bilim. Hər birimizin yaxını var, oradan eşidirik. Amma bizim eşitdiklərimiz heç nədir. Bizim o kinolarda gördüklərimiz heç nədir. Bizim sırf o XTQ-lərin etdikləri bu kinoları, bu sərkərdələri, elə bil, üstələdi də.
Bax düşünək: O vaxt döyüşmək üçün silah nə idi? Qılınc, ox, nizə. Yəni səni 500 metrdən vura bilməzdilər. Amma indi səni kilometrlərlə uzaqdan vura bilərlər. Amma buna baxmayaraq, sən haralara çıxırsan, nələr edirsən… XTQ-mizin bu şücaəti mənə çox güc verdi, məni xarakter olaraq dəyişdi. Ona görə mən həmişə dəfələrlə demişəm ki, Allah onları qorusun, Allah bütün şəhidlərimizə rəhmət etsin. Hər bir xalqın damğası olur. 30 illik işğal zamanı üzərimizdə başqa bir damğa vardı, amma bundan sonra Azərbaycan xalqının damğası başqa yönə dəyişdi. O vaxtlar spartalılar, Osmanlı haqqında danışırdılarsa, başqalarını deyirdilərsə, indi də azərbaycanlılar haqda danışır, etdiklərimizi deyirlər. Bunu edənlərlə qürur duyuram”.
O, dinin onun həyatında işlərinə çox kömək etdiyini bildirib:
“Qüsurlarımız var, amma çalışıram ki, bir müsəlman olaraq qaydalara tam riayət edim. Mən gözümü açandan anamın ibadət etdiyini görmüşəm. O vaxt çətin vaxtlar idi, hətta deyərdim, bəlkə də, gizlində ibadət edirdi. Ondan öyrənmişəm. Müsəlmanıq. Haqq burada, ədalət burada, dostluq burada, hər şey burada – islamdadır. Dinimizdə hər şey var. Hər şeyi gözəl-göyçək göstərib, təqdim ediblər bizə. Din deyir ki, paxıl olma, işgüzar ol, daim pis şeylərdən uzaq ol, yaxşıya daha çox yaxınlaş. O qədər yanlış addımlarım, yanlış danışığım, yanlış hərəkətim, yanlış işim olub ki...
Dinimiz mənə çox şeylər verib. Məsələn, dinimiz həmişə deyib ki, yerindən asılı olmayaraq, rəhbərinə sadiq ol. Ölkə rəhbərinə, işdə rəhbərinə sadiq olmaq, ona qarşı çıxmamağı tövsiyə edib, mən də bunu özümdə həkk etmişəm. Hazırda klubdayıq, burada da mənim rəhbərim var. Mən burada, hə, baş məşqçiyəm. Amma klubu idarə edənlər var, rəhbərləri var. Onlara sadiq olmaq, onlara qarşı çıxmamağı öyrənmişəm. Din mənə çox şey verib. Həyatımdan razıyam, narazı bir dənə özümdənəm. Daha fərqli ola bilərəm, amma insan nəfsi bəllidir. Bir gün dözə bilirsən, bir gün dözə bilmirsən. Buna görə özümdən narazıyam”.

Şərhlər

XƏBƏR LENTİ