SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Güləşçilərimiz Azərbaycan idmanının şöhrətini yüksəldirlər

Güləşçilərimiz Azərbaycan idmanının şöhrətini yüksəldirlər

Tarix:

9-04-2022, 14:30

/ 470 dəfə oxundu.
Güləşçilərimiz Azərbaycan idmanının şöhrətini yüksəldirlər

 
Aprelin 8-də Prezident İlham Əliyev növbəti möhtəşəm qələbəyə imza atan güləş üzrə Azərbaycan millisinin üzvlərini və məşqçıləri qəbul edib. Ölkə başçısı bu görüşdə bildirib ki, Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirib və böyük qələbə ilə Vətənə qayıdıblar. Macarıstanın paytaxtında keçirilən Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri bu mötəbər yarışda müxtəlif əyarlı 16 medal qazanıblar. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə də həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci olub və bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar. Bununla da idmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da Qalib xalq olduğunu sübut ediblər.
Görüşdə qeyd edilib ki, idmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.
Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük müvəffəqiyyətlərə imza atılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir. Artıq iki ildən sonra Fransanın paytaxtı Paris şəhərində növbəti Yay Olimpiya Oyunları keçiriləcəkdir. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaqdır. Qalan az vaxt ərzində bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa ciddi hazırlaşmalıdırlar.
Görüşdə yarışlarda qələbə qazanmış idmançılarının Azərbaycan xalqını layiqincə təmsil etmələri xüsusi vurğulandı. Yarışda artıq uduzduğunu görən Erməni güləşçisinin cığallıq etməsi, qəsdən idmançımızı provokasiyaya çəkməyə cəhdi boşa çıxmış, bizim idmançılarımız öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bilmişdilər. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Yarışlardakı halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıblar.
Macarıstanda keçirilmiş Avropa çempionatında idmançılarımızın qazandığı parlaq Qələbə bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri kifayət qədər güclüdür və ibmançılarımız bu ənənələri uğurla davam etdirir.
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ