SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Ramiz Hacıyev üçün özəl gün

Ramiz Hacıyev üçün özəl gün

Tarix:

21-04-2024, 22:50

/ 792 dəfə oxundu.
Ramiz Hacıyev üçün özəl gün


Ramiz Hacıyev Şirvan (Əli Bayramlı), Azərbaycan futbolunun fədailərindən biridir. Bu gün də çətinlikıərə baxmayaraq, yorulmadan, usanmadan ölkə futboluna xidmət edir, uşaq, yeniyetmə, gənc istedadlı, bacarıqlı oyunçuların yeyişməsində öz əməyini əsirgəmir...

Ramiz müəllim Şirvan şəhərində futbolun yaşaması naminə həyatını həsr edi(b)r. Şəhərdə ən parlaq futbol dövrü 80-ci illərə təsadüf edir.
O dönəmdə "Energetik" Azərbaycan futbolunda aparıcı klublardan biri sayılır, komanda Respublika çempionluğunu qazanır, kuboku başı üzərinə qaldırırdı. O illərdə Şirvan futbolu haqsızlıqla da üzləşmişdi, çempion kimi SSRİ ll liqasına vəsiqə qazanmasına baxmayaraq, "Energetik" idman prinsiplərinin pozulması sayəsində, bu imtiyazdan məhrum edilmişdi.

Əsas və ən önəmli məqamlardan biri, heyətdə çıxış edən futbolçuların hamısı yerli oyunçular, öz yetirmələri idi. Əzmkar, aqressiv, öz dəsti-xətti olan, məğlubiyyəti qəbul etməyən, rəqiblərdən çəkinməyən komanda formalaşmışdı. Stadionda tribunaları dolduran Şirvan azarkeşləri də çox tələbkar idi...

Əli Bayramlı futbol məktəbi Səmədağa Şıxlarov, Tərlan Əhmədov, Vadar Nuriyev və digər futbolçular yetişdirmiş bölgədir. "Energetik" müstəqillik illərimizdə güclülər dəstəsində çıxış etmiş ilk klublarımızdan olub. Təəssüf ki, bir çox komandalar kimi baxımsızlıqdan, şəraitsizlikdən, 90-cı illərin ikinci yarısında klub süquta uğrayıb. Bu illər ərzində futbol şəhəri sayılan Şirvan neçə-neçə istedad bəxş edə bilərdi Azərbaycan futboluna...

Şirvan şəhər stadionunun inşasının, yenidənqurma işlərinin yarımçıq qalmasına, şəraitsizliyə baxmayaraq, "Energetik"in tarixi uğurlarda əvəzsiz xidmətləri olan Ramiz Hacıyev həvəsdən düşmür, bu gün də region futbolu adına əməyini əsirgəmir...

Ramiz müəllim sadə, yüksək insanlıq keyfiyyətləri ilə seçilən, futbolu dərindən bilən, çiyinlərində illərin təcrübəsi olan futbol bilicilərimizdəndir. Yeni AFFA rəhbərliyi bölgə futbolunun dirçəlməsinə xüsusi diqqətin ayrılması ilə yanaşı, Ramiz Hacıyev kimi mütəxəssislərin əməyindən yararlanmalıdır.

Bu gün dəyərli Ramiz müəllimin ad günüdür.
Şirvan futbolunun ayaqda qalmasında misilsiz xidmətləri olan qardaşımızı təbrik edir, Şirvan futbolunun yenidən dirçəlməsini, layiq olduğu yerlərə çatmasını arzu edirəm. Yorulmayasınız, Ramiz müəllim!


Şərhlər

XƏBƏR LENTİ