XalqXəbər.Az

Saleh Məmmədovun "mübarək əl işləri"... - FOTOLAR

Saleh Məmmədovun "mübarək əl işləri"... - FOTOLAR
4-05-2017, 12:23

Bakı-Quba-Rusiya avtomobil yolu... Yəqin xatırlatmağa ehtiyac yoxdur ki, bu yol ölkənin ən bahalı tikinti layihələrindən biridir. Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb. Layihəyə başlananda o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov tikintiyə 30 illik zəmanət versə də, yolun dayanıqlılığı heç 3 il də çəkmədi. Aidiyyatı qurumların açıqlaması “Yol nəzərdə tutulduğundan artıq yüklənir və ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayır”a kökləndi... Yollar salınanda ərazidən ağırtonnajlı yük avtomobillərinin keçəcəyi gözlənilmirdimi? Yoxsa yüklər hava nəqliyyatı ilə daşınmalıdır, biz xəbərsizik?...

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin bu dəfəki açıqlaması da təxminən əvvəlkilərlə üst-üstə düşür:

“...vətəndaşların haqlı narazılıqları...”
“Bakı-Quba-Rusiya avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə doğru olan istiqamətdə normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar əmələ gəlmiş və müəyyən hissələr dağılmışdı. Həmin yük maşınları ümumi nəqliyyat vasitələrinin 67, 82 faizini təşkil edir. Yolların sıradan çıxması haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanmış, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarmışdı”.

“Dağılmış yollara asfalt-beton örtük döşənib”
A.Nəcəfli deyir ki, “Azəravtoyol” ASC rəhbərliyinin müdaxiləsi ilə təxirəsalmaz və komples tədbirlərə start verilib:
“Bir müddət əvvəl Bakı-Quba-Rusiya avtomobil yolunun Gəndob kəndindən başlayaraq Şabran rayonunun girişində yerləşən avtomobil körpüsünə qədər olan 11 km-lik və Siyəzən rayonunun Zarat kəndi ərazisində 5 km-lik deformasiyaya uğramış hissələrində bərpa işləri aparıldı. Yol yatağının yararsız qruntu qazılaraq çıxarıldı, yenidən karbonat materialı tökülərək kipləşdirildi, daha sonra yeni yol əsası inşa edilərək asfalt-beton örtük döşəndi”.
Onun sözlərinə görə, görülmüş tədbirlər nəticəsində sözügedən ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb. O bildirir ki, avtomobil yolunun Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində də bərpa işləri aparılıb. Qurum rəsmisi Bakı-Quba-Rusiya avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində hərəkət təhlükəsizliyini təmin etmək üçün dağılmış və deformasiyaya uğramış bütün yerlərin bərpası istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini açıqlayıb.

Yamaqlı yolların “səbəbkar”ları...
Qeyd edək ki, Bakıdan Qubaya gedərkən yol sözün həqiqi mənasında göz oxşayır. Sürücülər heç bir maneəyə rast gəlmədən, rahat şəkildə mənzil başına çata bilirlər. Amma Qubadan Bakıya qayıtmaq müşkülə çevrilir. Paytaxta qayıdarkən deformasiyaya uğramış, dağılmış, iri çatlar əmələ gəlmiş yollarda avtomobil hərəkəti olduqca çətin və təhlükəlidir. Baxmayaraq ki, “Azəravtoyol” yolun müəyyən hissələrini, onların təbirincə desək, “bərpa” ediblər... Görməyənlər üçün deyək ki, bərpa deyilən nəsnə dağılmış yola digər hissələrlə qeyri-bərabər asfalt örtüyü vurulmasıdır. Hansı ki, avtomobil hərəkət edərkən sanki hansısa hündürlüyə çıxıb yenidən aşağı düşürsən. Yollara cavabdeh qurum “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov hər çıxışında Azərbaycandakı yolların dünya standartlarına cavab verdiyini bildirsə də, yamaqlı yollar standartdan kənar olduğunu sübut edir.
Yol çəkilişi nəzəriyyəsinə görə yola tökülən asfaltın keyfiyyəti onda işlədilən bitumun tərkibindəki parafindən asılıdır. Mütəxəssislərin fikrincə, xüsusilə Bakıda şəhərdaxili yollar çəkilərkən tərkibində parafinin səviyyəsi yüksək olan asfaltdan istifadə edilir. Bu asfalt ucuz başa gəlir və keyfiyyətsiz olduğu üçün tez də sıradan çıxır. Asfaltın tərkibindəki parafinin təmizlənməsi uzun və xərc tələb edən prosedur olduğundan heç bir şirkət buna cəhd də etmir. Nəticədə, az xərc çəkməklə, daha keyfiyyətiz iş görməklə, daha çox qazanc edirlər.
Belə ki, aşağı temperaturlarda parafini yüksək olan bitum əsasında çəkilmiş asfaltda kristallaşma prosesi baş verir və çatlar yaranır. Getdikcə çatlar dərinləşir, bəzi yerlərdən asfalt laylarının qopmasına və çalalar yaranmasına səbəb olur.
Sadalananlarla yanaşı, yol tikintisi ilə məşğul olan podratçı şirkətlər yolun keyfiyyətinə də zəmanət verməlidir. Xarici təcrübələr göstərir ki, bəzi ölkələrdə yol tikinti şirkətləri asfalt-beton örtüyünə 30-40 illik zəmanət verirlər. Şirkət yolun örtüyündə baş verən hər hansı qüsura birbaşa məsuliyyət daşıyır və ehtiyac olduğu təqdirdə bütün təmir işlərini öz öhdəsinə götürür.
Amma Azərbaycan təcrübəsi göstərir ki, yollardakı bütün neqativlərin “səbəbkarı” yalnız ağır tonnajlı yük maşınları və təcrübəsiz sürücülərdir...

modern.az
Saleh Məmmədovun "mübarək əl işləri"... - FOTOLAR
Saleh Məmmədovun "mübarək əl işləri"... - FOTOLAR
Saleh Məmmədovun "mübarək əl işləri"... - FOTOLAR
Saleh Məmmədovun "mübarək əl işləri"... - FOTOLAR
Saleh Məmmədovun "mübarək əl işləri"... - FOTOLAR
Saleh Məmmədovun "mübarək əl işləri"... - FOTOLAR
Saleh Məmmədovun "mübarək əl işləri"... - FOTOLARскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.